
Nicat Novruzov
Şərin nə olduğunu bilmək, bildirmək vacib olsa da, daha vacib olanı xeyirin nə olduğunu bilmək, bildirməkdir. Illərdir Azərbaycanın siyasət cahili olmayan, vətəndaş şüuru və ədalət hissi olan insanları həyatı bahasına da olsa da şəri göstərirlər. Davam edilməlidir.
Əlbəttə, Şərə cəbhə açmaq Xeyirdən tərəf olmağın birinci əlamətidir. Fəqət, bu, Xeyirin özünü göstərməklə tamamlanmalıdır.. Bir tərəfdən ölkədə bütün problemlərdən bu və ya başqa şəkildə cavabdeh olan bir hökumət vardır. Doğrudur ki, Şərdən xilas olmaq üçün bu hökumətdən azad olmaq ilk və ən əsas mərhələdir. Bu istiqamətdə hər müxalif sayılan partiya hər hansı şəkildə fəaliyyət göstərir. Amma xeyirin yolunu göstərmək üçün partiyalar öz ideologiyaları üzərindən xalqla ünsiyyət qurmalıdırlar.
YAP ideologiyasının təcrübədə tətbiqi
Hökumətdəki partiya ideoloji cəhətdən ÿdemokratiyanın heç bir təzahürü ilə bağlı deyil.ÿAvtoritarizm, şəxsiyyət mərkəzli idarəetmə, nifrətə söykənən və fərqli düşüncəni məhv etməyə yönələn, bütün informasiya vasitələrini propoqanda aləti kimi istifadə edən, demokratik və azadlıq dəyərlərini bölüşən ölkələrə qarşı təbliğat aparıb, rus faşisti Jirinovskiyə dövlət səviyyəsində yaxınlıq edən, Hitlerin şüuru ilə hərəkət edən Putinlə dünya səviyyəsində ittifaq edən bir siyasi xəttə sahibdir.
Əks düşərgədəkilər
Yerdə qalan alternativlər Müsavat, ReAL və Xalq Cəbhəsdir. Adını çəkdiyim ilk iki partiya eyni ideoloji axına mənsubdur: sağçı liberal demokrat.
Aydın məsələdir ki, demokrat olmaqları bu iki partiyanı YAP-la müqaisəyəgəlməz dərəcədə pozitiv alternativ edir.
Azərbaycanda sağ liberalizmin perspektivləri haqqında yorum
Ancaq, liberal demokrat siyasətin özü də Azərbaycan cəmiyyəti üçün böyük gələcək vəd etmir. Illərdir kasıblığa sürüklənmiş, təhsilsizliyin səviyyəsi boğaza çatmış, təhsilli insanların təhsilinə görə işləmədiyi, təhsilsiz insanların qeyri-insani səviyyədə çalışdığı bir iqtisadiyyat vardır. Liberallar deyir ki, “hər kəsi sərbəst buraxın, iş də quracaqlar, dolanacaq, dolandıracaqlar da. Dövlətin rolu iş vermək, iş qurmaq deyildir! Dövlət təhsil vermir, müalicə etmir, ev tikmir, yardım vermir, kömək eləmir, sadəcə qayda qoyur. Hər kəs sərbəst rolunu oynayır, bacaran qazanır”.
Bəs bacarmayan?!
Iş bir insan hüququdur (Universal Insan Hüquqları bəyannaməsi). Təhsil bir hüquqdur və ləyaqətli əmək bir hüquqdur. Mənzil hüquqdur, işsizliyə qarşı qoruma, işsizlərə qayğı bir hüquqdur. Yaxşı şəraitdə işləmə və yaxşı tətil etmə bir hüquqdur. Sağlamlıq və ailə bir hüquqdur. Ailə yardımı, uşaq yardımı, qocalıq və əlillikdə qorunmaq bir hüquqdur. Və dövlət isə bütün hüquqların qarantıdır.
Liberallara görə, dövlət qaydaları qoysa və qorusa, yetərlidir ki, bunların hamısı təmin olunsun. Amma bu əsassızdır. YAP hökumətinə qalsa “hüquq nədir”?
Ticarət mühitini kütləvi inamsızlığın bürüdüyü, işsizliyin, iqtisadi köçün milyonlara çatdığı, investisiya üçün mühitin olmadığı, gənclərdə bədbinliyin dərinləşdiyi ictimai ruh halı vardır. Başqa yandan, kəskin çirklənmiş bir ətraf mühit insanların bugün və gələcəyini təhdid edir. Incəsənətin toylar səviyyəsinə endiyi, elm adamlarının tacirliyə başladığı, əhalisinin əksəriyyəti inşaat işçisi olduğu halda insani şəraitdən aşağı yaşadığı bir sistemin durdurulmasına da liberallar bir tək çarə təklif edirlər: “Dövlət qarışmasın, insanlari sərbəst buraxsın, özləri hər şeyə çarə tapacaqlar”. Halbuki, çirkli ətraf mühitin səbəbkarı məhz qarışmayan dövlətdir. Təmiz təbiətdə yaşamaq isə yenə bir vətəndaş hüququdur. Məhz insanların çirkləndirdiyi bir ekologiyanı yalnız insanüstü qüvvə, dövlət iradəsi təmizləyə bilər. Dövləti bu hüququn da qarantı olmalıdır.
Incəsənəti qorumaq dövlətin borcudur. Çünki, incəsənət ticarətin mövzusu olduqda, siyasətin aləti olduğundakı qədər ucuzlaşır, bu gün baş verənlər kimi…
Iqtsadiyyatda inam ən vacib amillərdirdən biridir. Insanlarda inam yaratmağın birinci cavabdehi dövlətdir. Dövlət investorların girişə bilmədiyi işə girişərək inam yaradır. Dövlət ticarət şəraiti yaratmaqla yetinməyib, ona dəstək olduqda onun istehsalçısı ayaqüstə qalır.
Ən ağır işlərdə çalışan vətəndaşın dincəlməsini birbaşa dövlət təşkil eləməsə, heç bir zaman buna nail olunmayacaq. Istirahət varlıların lüks işi deyil, bütün vətəndaşların hüququdür. Bu hüququ təmin etmək dövlətin borcudur.
Səhiyyə sistemi işləməyən, insanların can güvənliyi, gələcəyə ümidi olmadığı, xəstəliklərin gedərək çox və yayğın olduğu bir cəmiyyətlə üz-üzəyik. Liberallar deyir ki, sağlamlıq pulla alına bilər. Halbuki, hər kəsin sağlamlığını geri ala biləcəyi pulu yoxdur. Sağlamlıq isə bir insan hüququdur. Pulu olanın da, olmayanın da dövləti ona sağlamlığını bəxş etməlidir. Sağlamlıq sadəcə pulu olanların lüks-sərvəti deyildir.
Liberallar bildiyi halda ki, bu ölkədə insanların başını gizlətməyə evi olmadığı üçün tövləyə bənzər yerlərdə yaşayırlar, deyirlər ki, hər kəs işləyib özünə ev ala biləcəkdir.
Anlamırlar ki, vətəndaş işləmədikdə belə başını gizlədəcək mənzillə təmin olunmalıdır. Çünki mənzil də bir insan hüququdur. Bu hüququ təmin etmək üçün birbaşa azgəlirlilər üçün mənzil tikməlidir. Bir ölkədə heç kim yetərli pulu olmadığı üçün mənzildən məhrum qala bilməz.
Qərəz, liberallar varlıların təmsilçisidirlər. YAP varlılarından fərqli olaraq, liberalların varlıları qanuni varlılardır, o qədər. O, çoxluğun və xalqın deyil, azlığın və xalqdan uzaq olanların dövlətini təbliğ edir.
Sosial demokratiyanın tək təminatçısı
Bir tək cəbhəçilər deyir ki, vətəndaşlar özü ayaq üstə dura bilməyəcək qədər pis zədələniblər. Onların əlindən tutub ayağa qaldırmaq lazımdır. Gəncinə pulsuz təhsil vermək, təhsili ala bilmək üçün əməlli təqaüd vermək, pulsuz yataqxana vermək, yemək vermək lazımdır. Hökumətdəkilər deyir ki, gənclərə heç nə vermək lazım deyil. Liberallar isə az qala deyirlər ki, kimin imkanı var, o oxusun. Dövlətin işi təhsil vermək deyil. Imkanı olmayanın talantı heç kimə lazım da deyil. Boş söhbətdir!
Ancaq, cəbhəçilər deyir ki, bir insanın müalicə olmağa pulu yoxdursa,ÿproblemin həlliÿnə bugünkü hökumətin dediyi kimi “canı çıxsın, dilənçilik etsin”də, nə də liberallar dediyi kimi, “puluna vaxtında qənaət etsinlər”dəÿdeyil, “dövlət imkanı olmayanı özü müalicə etsin-etdirsin” fikri ilə yanaşılmalıdır.
Bütün bunlara görə mən bu partiyanı seçmişəm
Hökumət işsizliklə bağlı deyir ki, millət qul kimi işləsin. Liberallar deyir ki, hər kəs işini özü qursun, ya da birinə əməyini satsın dolansın. Qiyməti də özü təyin etsin. Cəbhəçilər deyir ki, dövlət birbaşa insanlara iş yaratsın. Özü də qul kimi deyil, həftədə beş gün 40 saat işlətsin. Üstəlik, liberalların dediyindən fərqli olaraq,ÿmaaşı öz aralarında razılaşdırmasınlar, yüksək minimal əmək haqqı təyin edilsin. Heç kim işçisinə dövlətin təyin etdiyi minimal maaşdan aşağı verə bilməsin. Cəbhəçilər deyir ki, işləməyən insanlara elə yardım edilsin ki, o iş tapana qədər heç yerdə minimaldan aşağı maaşa işləməyə məcbur olmasın. Xəstələnən vətəndaş qohum-əqrəbadan həkim üçün pul diləməsin, nə də həkimlər xəstə yatağındakı adamın əlinə baxmasın, dövlətin xəstəxanasında layiqli maaşla dolansın, xəstə isə sadəcə dövlətinə güvənsin. Heç kəs Azərbaycan dövlətinin vətəndaşı olaraq xəstələnməkdən qorxmasın.
Məhz cəbhəçilər deyirlər ki, hər vətəndaşın ildə bir dəfə pulsuzca dövlətin sanatoriyalarında müalicə hüququ olmalıdır. Liberallar deyir ki, dövlətin belə şeydə işi yoxdur. Istəyən dincələr, istəyən dincəlməz. Hökumət isə deyir ki, qul nədir dincəlmək nədir…"
Bunlar mənə göstərdi ki, müstəqilliyin cəbhəsi, demokratiyanın, azadlığın cəbhəsi, qanunun cəbhəsi olan bu partiya həm də sosial rifahın, insanların arasında bərabərliyin, insanlara mərhəmətin cəbhəsidir. O, varlıların deyil, kasıbların, ancaq talantı olanların deyil, həm də az talantlı olanların, ancaq biznes sahiblərinin deyil, əməyini onların istifadəsinə verən milyonlarla işçilərin cəbhəsidir.
Xalq Cəbhəsi sosial rifah demokratiyasının partiyasıdır. Davası təkcə yırtıcı kimi davranan dövlətlə deyil, həm də heç nəyə qarışmayan dövlətlədir. Onun dövləti vətəndaşın yanında və arxasında olan dövlətdir.
Mən təhsilli, işsiz, kasıb, pessimist, haqqı tapdanan, əzilən milyonların bir fərdi olaraq, bizim-xalqın partiyası olan Xalq Cəbhəsinə bundan ötrü qatıldım.