Gülənin qəzetindən Ərdoğan hökumətinə tənəli yazı

"Keçən 7 ildə yürüdülən səhv xarici siyasət regionda xüsusi çəkisi olan Türkiyənin manevr imkanlarını sıfıra endirdi"
 
Fətullah Gülənə yaxınlığı ilə tanınan “Zaman” qəzeti Türkiyənin regionda oynadığı roldan yazıb. Qəzetin yazarı Faruk Akkan hazırkı dönəmdə həm Qərbdə, həm də Şərqdə ulduzunun parlamalı olduğu halda, regional problemlərin həlli baxımdan Türkiyənin kənarda qaldığını bildirib.
 
Azərbaycanın da adı keçən və əsasən Türkiyənin xarici siyasətini analiz edən müəllif yazısında deyilir: “Həm Qərbdə, həm də Şərqdə ulduzunun parlamalı olduğu halda, regional problemlərin həllində Türkiyə kənarda qalıb. Ankara eyni zamanda, ciddi problemlərlə qarşı-qarşıya olan Krım tatarları mövzusunda da hər hansı bir təşəbbüslə yadda qalmadı. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Kremlə ilk olaraq  dövrün baş naziri Rəcəb Tayyib Ərdoğan səfər etdi və atdığı  addımlarla bütün Qafqazda sülhün təminatçısı olmağa çalışdı. Keçən 7 ildə yürüdülən səhv xarici siyasət isə  regionda xüsusi çəkisi olan Türkiyənin manevr imkanlarını sıfıra endirdi.  Bu, Ukrayna böhranında daha aydın göründü. ABŞ, Avropa Birliyi ölkələri və Qazaxıstan son bir həftə ərzində sıx diplomatik görüşlərlə yadda qaldı. Aleksandr Lukaşenkonun prezident olduğu Belarusa gələn Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Olland, Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Petro Poroşenkonun 18 saat davam edən tarixi görüşdə regionda sülhün bərqərar olması istiqamətində ciddi uğura imza atdılar. Baş çevirən bu sıx diplomatik gəlişmələrdə kimsənin ağılına "Bu mövzuda Ankara nə düşünür?", sualı gəlmədi".
 
Farukk Akkan daha sonra Türkiyənin regional təsir imkanlarının zəifləməsini Avropa Birliyinə tam üzvülük istiqamətində atılan addımlardan imtina ilə əlaqələndirir. Yazara görə, İranın nüvə prpblemi kimi qlobal problemdən tutmuş, Qarabağ münaqişəsinə kimi, bütün regional problemlərin həlli istiqamətində ciddi təşəbbüslər, məhz Türkiyənin AB-nə tam üzvülük istiqamətində irəlilədiyi dövrə təsadüf edir:
 
“İranın nüvə probleminin həlli, Suriya və İsrail arasında vasitəçilik təşəbbüsü, Ermənistan-Azərbaycan böhranının həllinə istiqamətli addımlar, Türkiyənin Avropa Birliyinə tam üzvlük istiqamətində irəlilədiyi zamana təsadüf edir. O zaman Qərb və Orta Şərqlə sağlam əlaqələr quran Ankara, Şimal qonşuları tərəfindən də təqdirlə qarşılanırdı və strateji tərəfdaşlıq istiqamətli əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərirdi. Ancaq son illərdə Misir, Suriya və İraq başda olmaqla, Orta Şərq ölkələri ilə münasibətlər korlanıb, Brüsseldən uzaqlaşmış durumdayıq, ABŞ-la daxili siyasi münasibətlərə görə münasibətləri korlayan  Ankaranın, Rusiyadakı siyasi ağırlıqı da ürəkaçan deyil. Moskva və Ankara arasında qarşılıqlı etimada söykənən əlaqələr “ərəb baharı” və Suriya böhranına münasibətdə korlanmış oldu. Rusiya eyni zamanda, Orta Şərqdə radikal ünsürlərin güclənməsində də Ankaranın barmağı olduğunu düşünür”.
 
Müəllif eyni zamanda, Krım tatarlarının Ankaradan gözləntilərinə də toxunub. Faruk Akkana görə, Türkiyə Krımın Rusiyaya birləşdirilməsində seyrici mövqeydə olub, quru bəyanatdan kənara çıxmayıb:  “Krımın Rusiyaya birləşdirilməsini şifahi olaraq qınayan Ankara, Krım tatarları mövzusunda da hər hansı ciddi təşəbbüslə yadda qalmadı. Tatarlar, Ankaradan uzun illər çəkdikləri ağrını unutduracaq məqbul  siyasət yürütməsini istəyirlər”, deyə müəllif yazır.