gulshen

İntiqam Əliyevin üzünə duran mühasiblə bağlı müdhiş fakt FOTO

Xanım mühasib Intiqam Əliyevin təşkilatı ilə yanaşı, Media Hüququ Institutunun pullarını da bacısının hesabına köçürüb
 
Hazırda həbsdə olan hüquq müdafiəçisi, vicdan məhbusu Intiqam Əliyevin işi üzrə məhkəmənin hazırlıq iclasında istər onun özü, istərsə də vəkilləri ittihamları darmadağın edə biləcək sübutların əldə olunması üçün çoxsaylı vəsatətlər qaldırdılar. Lakin məhkəmə bu vəsatətlərin heç birini təmin etmədi. Başqa sözlə, ittihamların saxtalığını təsdiqləyən sübutların ortaya çıxmasına imkan vermədi.
Maraqlısı budur ki, iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslər də həmin vəsatətlərin əleyhinə çıxdılar. Hüquq Maarifçiliyi Cəmiyyətində uzun illər Intiqam Əliyevin rəhbərliyi altında işləmiş şəxslərin həqiqətin ortaya çıxmasında maraqlı olmamasının özü də çoxsaylı suallar yaradır. Iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən Gülşən və Əfsanə Orucova bacıları ilə bağlı məsələ aydındır. Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucova Intiqam Əliyevin üzünə durub ki, guya, onun göstərişilə təşkilatın bank hesabından bacısı Əfsanə Orucovanın hesabına ayrı-ayrı vaxtlarda pullar köçürüb. Ümumilikdə 119 min manat olan vəsaiti isə hər dəfəki köçürmədən sonra bacısının hesabından çıxarıb, aparıb Intiqam Əliyevə verib. Məhz bu iki bacının ifadəsi əsasında Intiqam Əliyevə sözügedən 119 min manatın mənimsənilməsi haqda ittiham irəli sürülüb.
Intiqam Əliyev isə məhkəmədə bəyan etdi ki, mühasibin bacısının hesabına təşkilatdan pul köçürülməsi barədə ödəniş göstərişlərinə onun adından saxta imzalar atılıb. Həmin imzaların ona məxsus olmadığını deyən vicdan məhbusu ödəniş qəbzlərindəki imzaların ekspertizaya təqdim olunması barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin olunmadı.
Qeyd edək ki, cinayət işinin materialları arasında həm Intiqam Əliyevin imzası, həm də Əfsanə Orucovanın hesabına pul köçürülməsinə dair ödəniş göstərişlərinə var. Müqayisəli şəkildə təqdim etdiyimiz kimi, baxan kimi dərhal bilinir ki, o imza Intiqam Əliyevə məxsus deyil. Üstəlik, məhkəmədə o da aydın oldu ki, Intiqam Əliyev xaricdə səfərdə olduğu günlərdə də təşkilatın hesabından Əfsanə Orucovanın hesabına pul köçürülüb.
Qeyd edək ki, ödəniş göstərişlərində Intiqam Əliyevin adından atılmış imza ilə yanaşı, mühasibin, yəni Gülşən Orucovanın da imzası var.
Intiqam Əliyev və vəkilləri həmçinin Əfsanə Orucovanın hesabına daxil olan və oradan çıxarılan vəsaitlərlə bağlı tam məlumat əldə olunması haqda da vəsait qaldırmışdı. Vəkillərin sözlərinə görə, onlarda məlumat var ki, həmin hesaba Hüquq Maarifçiliyi Cəmiyyətilə yanaşı, Gülşən Orucovanın mühasib kimi çalışdığı başqa təşkilatlardan da pul köçürülüb. Əgər Hüquq Maarifçiliyi Cəmiyyətindən pul köçürülməsi haqda Intiqam Əliyev göstəriş vermişdisə, bəs çalışdığı başqa təşkilatlardan niyə bacısının hesabına pul köçürüb? Bundan başqa, Gülşən Orucova iddia edir ki, Hüquq Maarifçiliyi Cəmiyyətindən bacısının hesabına köçürülmüş pulları çıxarıb Intiqam Əliyevə verib, lakin cinayət işinin materiallarında Orucovaların ifadəsindən başqa bunu təsdiqləyəcək heç bir sübut yoxdur. Yəni, Hüquq Maarifçiliyi Cəmiyyətindən daxil olmuş vəsaitlərin sonradan çıxarıb-çıxarılmadığı, ümumiyyətlə, nə vaxt çıxarıldığı haqda iş materiallarında heç nə yoxdur. Vəkillər bu məsələnin araşdırılması üçün məhkəmənin banka sorğu göndərməsini istəsələr də, bu vəsatət də təmin olunmadı.
Bu arada, “Azadlıq”a Gülşən Orucovanın çalışdığı başqa təşkilatlardan da bacısının hesabına pul köçürdüyünü sübut edən sənəd daxil olub. Söhbət Media Hüququ Institutundan gedir. Gülşən Orucova vaxtilə bu təşkilatın da mühasibi olub. Həmin dövrdə Media Hüququ Institutunun bank hesabından Əfsanə Orucovanın hesabına ayrı-ayrı vaxtlarda dəfələrlə pul köçürülüb.
Onu da qeyd edək ki, Əfsanə Orucova Media Hüququ Institutunun əməkdaşı olmayıb. Belə olan halda, hansı əsasla bu təşkilatın hesabından onun hesabına pul köçürülüb? Özü də bir yox, bir neçə dəfə…
Bu haqda “Azadlıq”a məlumat verən mənbə deyir ki, məsələ təkcə Media Hüququ Institutu ilə də yekunlaşmır. Digər təşkilatlar barədə də sübutlar redaksiyaya təqdim olunacaq.
Mənbə onu da əlavə edib ki, Gülşən Orucova hazırda “Yuga Motors” MMC-də çalışır.
Bütün bunlardan sonra Gülşən Orucovanın Intiqam Əliyev və vəkillərinin vəsatətlərinin əleyhinə çıxması başadüşüləndir. Maraqlıdır, Intiqam Əliyevin işçiləri olmuş digər şəxslər niyə həqiqətin ortaya çıxmasında maraqlı deyillər?
 
gulshen
 
imza-1
 
imza-2
 
Informasiya şöbəsi