Duyğular

ÖLÜLƏRI UNUTDURUB DIRILƏRI AĞLATDIRANLARA

Gəncliyimdə “Əcəl” adlı silsilə bədii yazılar yazardım. Sandıq yazıları. Kimsənin bu sayaq silsilə yazılarını oxumamışdım. Yazılar çox asan başa gəlirdi. Şahidi olduğum, eşitdiyim gözlənilməz ölüm hadisələrini bədiiləşdirir, onların hər birini ayrıca əsər halına gətirirdim. Bu mövzuya maraq adamların ölümü özlərindən uzaq sandığı anda qarşılarında görə biləcəklərini ağıllarına gətirməmələrindən,  gündəlik həyatlarında acımasız, biganə insanların doğmalarını (illah da cavan yaşda) itirəndə sanki dünyalarını itirdiklərini gördüyüm anda yaranmışdı. Ölümlərin “rəngarəngliyi” cəlb eləmişdi məni. Deyim ki o yazılar çox təsirli alınırdı. Onları yazanda o qədər təsirlənirdim ki, bitirəndən sonra redaktə üçün belə oxuya bilmirdim. Mənim yaza-yaza əzab keçirdiyim “Əcəl”ləri kimsənin oxumaq istəməyəcəyini düşünüb mövzunu qapatdım. Insanları sevindirə bilmədiyim yerdə nədən kədərləndirim. “Əcəl”ə nöqtə qoydum. Çünki əslində kimin harada dünyaya gəlib harda və necə ölməsinin ciddi önəmi yoxdur. Ölümün ölən insana yox, ətrafındakılara təsiri var. Ucqarda doğulub paytaxtın baş guşəsində, paytaxda doğulub ucqarda torpaq altına köçmək ölən üçün nəyisə dəyişmir. Ancaq dirilər bunun fərqindədirlər. Elə dərdlər var; adamın son tikəsi belə ələ gəlmir. Əsas olumdan ölümə qədərki yoldur, dirinin hörmətli, ölünün urvatlı olmasıdır. 
Dünən qırx illik rəfiqəmin atasının yas mərasimində keçirdiyim hislərdən o qədər təəssirləndim ki, yenidən bu mövzuya qayıtdım, içimdəkiləri bölüşmədən duramadım. Bəri başdan rəfiqəmin ailəsinin kədərini ictimailəşdirdiyim üçün üzr istəyirəm. 
Rəhmətə gedən Əmir dayı idi. Iri cüssəli, əzəmətli kişi. Sanballı, vüqarlı, əliaçıq insan. Əmir dayı Naxçıvandandı. Bizim tələbəliyimizdə, o uzaq 70-ci illərdə çörəyini yeyib evinin qapısını hər zaman ərklə aça biləcəyimiz tək naxçıvanlı idi Əmir Quliyev. Həmişə yaxşı işlərdə işləmişdi, vəzifə başında olmuşdu, çoxlarına arxa durmuşdu. Dünya dolandı, biz yaşlandıq, Əmir dayı qocaldı. Həyatın hər üzünü görmüşdü, əyilməmişdi, əzilməmişdi. Əzəməti heç kiçilmədi. Oğlunun başına gələnlər belə onu sındırmadı. Son il yarımda yaşaya bilmədiklərini çıxsaq, 84-ü haqladı. 84 pis ölüm deyil. 84 yaşlı insanların yas mərasimləri heç belə olmazdı. Molla üzdən gedər, məclis əhlinin dili susmazdı. Bu dəfə belə olmadı. Az qala Bakıdakı bütün yaşlı naxçıvanlıların yığışdığı məclisdə ailədən olanların gözünün yaşı qurumadı. Hamının gözü onların üzündə idi. Rəfiqəmə təskinlik verdim, olmadı, bacısını dilə tutdum, yaramadı. Rübabə xanımı qucaqladım, “özünüzə qıymayın” dedim; hıçqıra-hıçqıra “Nicatı buraxmadılar” – deyib bir az da qəhərləndi. Anladım, dərd dərdə calanmışdı. O ananı, o bacıları ağladan tək Əmir dayını itirməkləri deyil, ailənin əzizi, hələ də niyə tutulduğu, kimin cəzasını çəkdiyi bilinməyən Nicat Quliyevin atasının dəfninə buraxılmaması idi. Onlar Nicatın yoxluğuna ağlayırdılar. Başı qara yaylıqlı o qadınları yandıran məclisin başında Nicatın durmaması idi. Bu da keçər.
Ölüləri unutdurub diriləri ağlatdıran kəslər, ölüm haqdır, ölümü zülümə çevirməyin. Ataların oğulların çiynində getməsinin qarşısını almayın. Özünüz də oğullarınızın çiynində getməyə bilərsiniz. Əmir dayıdan artıq deyilsiniz ha!
Fimar