AKP-Gülən savaşında yenə Azərbaycanın adı hallandı

Türkiyə hökuməti «Kod adı: Koz»da ölkəmizə nəyin mesajını verir?

Türkiyənin kinoteatrlarında nümayiş etdirilən “Kod Adı: Koz” adlı yeni film barədə maraqlı məlumatlar yayılıb. Türkiyənin Hüriyyət qəzeti yazır ki, film AKP hakimiyyəti ilə “Gülən şəbəkəsi” arasında qarşıdurmanı əks etdirir. Qəzet yazır ki, filmdə bu mövzuya dair xeyli həqiqəti əks etdirən səhnələr var. “Baxmayaraq ki, filmdə ”gördüyünüz hər bir şey gerçək deyil" yazılıb. Amma filmi izləyərkən özünüzü “paralel yapı” hiss edə bilərsiz", – deyə Hüriyyət yazır. 
Məlumata görə, filmin əsas qəhrəmanlarından olan “Mehdi Hoca” Fətullah Gülənin obrazıdır. Filmdə milli maraqlarına ziddi addımların hamısı “Gülən camaatı”nın ayağına yazılır. Hətta Gəzi parkında etiraza çıxmış insanlara qarşı polis zorakılığı da “paralel yapı”nın işi hesab edilir. “Kod Adı: Koz”a görə Gəzidəki şiddətin səbəbi də “camaatçı polislər”dir".  
Filmdə Azərbaycanın da adı hallanır. Film qəhrəmanlarından olan “paralel yapı”ya bağlı Enes sevgilisi Zeynəbdən ayrılaraq Azərbaycandakı nurçu məktəblərin birində çalışmağa gəlir. “Hürriyyət” bu səhnənin sətiraltı mənasını olduğunu yazır. “Film bizə ”Gülən camaatı"nın sevənləri belə ayırdığını deyir",- deyə qəzet qeyd edir.
Filmdə Azərbaycanın adının hallanması təsadüfi deyil. “Gülən şəbəkəsi”nin ölkəmizdə də dayaqları var. Hətta bu şəbəkənin hakimiyyətdə də kök atdığı bildirilir. AKP hakimiyyəti ilə “Gülən şəbəkəsi” arasında münasibətlər pozulandan sonra Azərbaycanda bəzi deputatların, məmurların “gülənçilər”lə əlaqəli olduğu üzə çıxdı. Mətbuat bu barədə xeyli ilginc məlumatlar yayıldı. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov başda olmaqla onların bir çoxu küncə sıxışdırıldı. “Gülən şəbəkəsi”nin nəzarətində olan məktəblər də Təhsil Nazirliyinə verildi. Lakin AKP hakimiyyəti hesab edir ki, hələ də Azərbaycanda “gülənçilər” güclü dayaqlara malikdir. Təsadüfi deyil ki, ölkə başçısı Ilham Əliyevin Türkiyə səfəri zamanı Ərdoğanın ona Azərbaycandakı “gülənçilər”lə bağlı yeni dosye təqdim etməsi barədə məlumatlar yayılmışdı.
“Kod Adı: Koz”da da Azərbaycanın adının hallanması, “Hüriyyət”in “gülənçi”lərin sevənləri belə ayırması" təhlili ölkəmizə mesaj sayıla bilər. Yəni, AKP hakimiyyəti bu filmlə “paralel yapı”ya görə iki qardaş ölkə arasında münasibətlərin pozula biləcəyinə işarə vurur.