Lamiyə Quliyeva rəsmi məlumatları alt-üst etdi VİDEO

“Deyilən kimi olsaydı, Kürdaxanıda bütün qadın məhkumlar ana olardı; Qarşılıqlı razılıq əsasında görüşə şərait yardıldı”

“Mən nə laborantam, nə də professoram ki, belə bir şeyə əl atam”

Lamiyə Quliyeva ətrafında araşdırmalar davam etdikcə, bir sıra dövlət strukturları ağır, eyni zamanda, gülməli vəziyyətə düşürlər. Lamiyə Quliyevanın ANS-ə müsahibəsi onsuz da bu məsələyə görə çıxılmaz duruma düşmüş Penitensiar Xidməti bir daha ifşa etdi. Eyni zamanda, Ombudsman Aparatını da yalançı çıxartdı.

Penitensiar Xidmət belə bir iddia ortaya atmışdı ki, guya, Lamiyə Quliyeva Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılarkən Elnur Rəsulov adlı başqa bir dustaqla tanış olub. Onların arasında intim münasibət olmayıb, Elnur Rəsulov öz toxumlarını Lamiyəyə göndərib. Lamiyə Quliyeva da süni mayalanma yolu ilə hamilə qalıb.

Ombudsman Aparatı da qətiyyən inandırıcı görünməyən bu versiyanı müdafiə etmək məcburiyyətində qaldı. Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov mətbuata açıqlamasında bildirib ki, onlar Elnur Rəsulovla görüşüblər. O da süni mayalanma məsələsini təsdiqləyib: “Biz uşağın atası ilə görüşdük. Uşağın atası dedi ki, süni mayalanma Kürdəxanıdakı təcridxanda baş verib. Onlar eyni təcridxanda qalırlarmış. Uşağın atası bizə bildirdi ki, toxumlarını Lamiyəyə özü göndərib. O, bunu Lamiyənin xahişi ilə etdiyini söylədi. Lamiyənin uşağının atası evlidir, ailəsi var. Həmin şəxs ailəsinin dağılmaması üçün bu məlumatların gizli saxlanılmasını istəyir. Heç bir tibbi personalın bu işdə rolu olmayıb. Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”.

Lakin kimsənin inanmadığı bu versiyanı Lamiyə Quliyevanın özü də darmadağın edib. Toxum göndərilməsi yolu ilə hamilə qalıb uşaq dünyaya gətirməsi barədə deyilənlərə Lamiyənin cavabı belə olub: “Belə bir şey olmayıb, yalan söhbətdir. Deyilən kimi olsaydı, onda Kürdaxanıda bütün qadın məhkumların hamısı ana olardı. Mən nə laborantam, nə də professoram ki, belə bir şeyə əl atam. Sadəcə olaraq danışdıq, görüşdük, öz istəyimi ona bildirdim. Qarşılıqlı razılıq əsasında orada görüşə şərait yardıldı. Amma mən dəqiq bilmədim ki, ana ola bilərəm. Ancaq elə məqsədlə görüşdük ki, mən ana ola bilim, məni hardasa həyata bağlayan bir qüvvə olsun”.

Lamiyə Quliyeva bunları ANS-ə müsahibəsində deyib. O, uşağının atası ilə necə əlaqə yaratdığını da açıqlayıb: “Mənim uşağımın atası məhkumdur. Könüllü şəkildə DNT analizi verdik. Müəyyən olundu. Könüllü şəkildə görüşmüşük.
Mənim onunla münasibətim var idi. O aşağıdakı kamerada olurdu, onunla danışıb söhbət edirdik. Artıq münasibət yaranmışdı. Məhkumluq aləmində belə bir şey var. Orada tanış olursan, orada bir vasitə var danışırsan. Məhkumluq aləmində, məhz məhkumlar həmin vasitə ilə bir-biri ilə əlaqə saxlayırlar. Bizim aramızda da belə bir münasibət yaranmışdı.
Mənə sonuncu dəfə cinayət işi açılanda, yəni Kürdaxanıya göndəriləndə orada onunla tanış olmuşdum…"

Lamiyə Quliyeva uşağının atasının adını da bildirib: “Rəsulov Elnur Məmmədrəsul oğlu”. Və onun nəyə görə “süni mayalanma” versiyasını ortaya atdığına dair mülahizəsini söyləyib: “Hazırda o ailəlidir. Bu günkü gün bəlkə o ailəsini müdafiə etmək üçün, ya da onu ora gətirən adamı ələ verməmək üçün faktlardan yayınır. İnanı ki, bu söhbətlər iyrənc söhbətlərdir”.

ANS məsələ ilə bağlı Elnur Rəsulovla da görüşüb və ona suallar verib. Elnur Rəsulovun dediyinə görə, Lamiyə ilə 4 il əvvəl danışıblar. “Birinci mərtəbədə biz, ikinci mərtəbədə isə onlar idi. Amma ayrı-ayrı kamera idi. Bu xanım məhkəməyə gedib gəlirdi. Bir gün məhkəmədən gələndə danışıq zamanı bildirdi ki, mənə kişiyə məxsus olan şey lazımdır, bəs, üzüm səpib, üzümə vurmaq üçün. Danışığımızın səhəri günü mənə bildirdi ki, sənə dediyimdən mənə verə bilərsən? Səhəri günün axşamı mənə hava borusundan ip vasitəsilə qab göndərdi. Axşam üstü isə onun istədiyini qabla birlikdə ona verdim. Üstündən bir-iki həftə keçəndən sonra onunla danışanda mənə dedi ki, deyəsən hamiləyəm, Dedim ki, ola bilməz".
Elnur Rəsulov görüşlə bağlı Lamiyənin dediklərini də inkar edib: “Burada qadın kişi görüşmək mümkün deyil. Məhkəməyə gedib gələndə də nəzarətçilər var. Onlar aparıb gətirirlər. Qadınları qadınlar, kişiləridəki, kişilər. Ayrı-ayrı gedirsən. Gedəndə də heç görmürsən. Mümkün deyil ki, kimsə görüşsün".

Maraqlıdır, Penitensiar Xidmət bu gülməli vəziyyətdən necə çıxacaq?

İnformasiya şöbəsi