Qarabağ qazisi, ikinci qrup əlil iki aydır ki, «fəallığına» görə həbsdədir
Ictimai Palatanın 2 aprel mitinqilə əlaqədar həbs olunanlardan biri də Babək Hüseynovdur. Aprelin 6-da Səbail rayon məhkəməsinin qərarıyla barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilərək, Kürdəxanıdakı istintaq təcridxanasına göndərilən Babəkin işilə bağlı istintaq hələ başa çatmayıb. Bu səbəbdən onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadıldı. O biri yoldaşları kimi Babəki də “qanunsuz mitinq təşkilində və belə aksiyada fəal iştirakda” təqsirli bilirlər. Babək və onun ailəsi isə onun hərəkətlərində qanundan kənar və təqsir sayılacaq bir şey olmadığı qənaətindədilər.
Ailədən gələn ənənə
1973-cü ilin 17 iyulunda Saatlı rayonunun Xanlar kəndində doğulan Babək AXCP üzvüdür. Qardaşı Bəhruzun dediyinə görə, onun anadan olduğu ailə öz zonalarında prinsipial cəbhəçilərdən sayılır. “Biz gözümüzü açandan cəbhəçi olmuşuq”, deyir Bəhruz: “Atam Qəzənfər rayonda xalq hərəkatının öncüllərindən olub. Qardaşlarım da xalq hərəkatında, demokratik mübarizədə heç vaxt gizlənənlərdən olmayıb. Lap uşaqlıqdan atam bizə haqq nədir, nahaq nədir – öyrədib. Ancaq heç vaxt əqidə seçimimizə toxunmayıb. Deyib ki, yolları gördünüz, indi onları seçmək öz ixtiyarınızdadır. Biz də haqq bildiyimiz mübarizə yolunu seçmişik”.
“Babəklə qürur duyuruq”
Yaşlı anasının da cəbhəçi olduğunu deyən həmsöhbətimiz bildirir ki, bu səbəbdən də ailə Babəkin həbsini qətiyyən faciə, müsibət kimi qarşılamayıb: “Əksinə, biz hamımız qardaşım Babəklə fəxr edir, onunla qürur hissi keçiririk. Babək quldurluq etməyib, o oğru, rüşvətxor, yetim malını yeyənlərdən də deyil. Onun istəyi azadlıq, demokratiya, haqq-ədalətin bərpa olunmasıdır. Buna görə insanı həbs edirlərsə, etsinlər, heç kim onun cinayətkar olduğuna inanmayacaq”.
Analoqsuz ölkədə Qarabağ qazisi necə yaşayır?
Həbs olunana qədər Babək taksi sürücüsü kimi fəaliyyət göstərib. Günəşli qəsəbəsində kirayə yaşayan ailəsini Babək sürücülüklə dolandırırmış. Onun 3 oğlu var. Böyük övladı Hüseyn 11, Əhəd 10 yaşındadır, sonbeşik Mustafanın isə 22 sentyabrda 1 yaşı tamamlanacaq.
Babək Azərbaycan Milli Ordusunun ilk hərbi çağırışçılarındandır. 1991-ci ildə hərbi xidmətə yollanan Babək tam 7 il döyüş bölgəsində olub. Döyüşlərdə o yaralanıb, ordu sıralarından da ikinci qrup əlil kimi təxris olunub.
Rüşvət
Hüseynovlar ailəsi Nərimanov rayonunda Qarabağ qazisi kimi 10 ildən çoxdur ev növbəsində olsa da, onlara ev verilmir. Babəkin həyat yoldaşı Ilahə xanım deyir ki, hər dəfə növbələri çatanda onları müxtəlif bəhanələrlə evdən məhrum ediblər. Buna görə də dəfələrlə dövlət orqanlarına şikayət ediblər, amma heç bir cavab almayıblar. Axırıncı dəfə əlillər üçün ev paylanmazdan əvvəl (təxminən 2009-cu ilin ortalarında) Babək Nərimanov Rayon Icra Hakimiyyətində olub. Ona deyiblər ki, “sənə 100 min manatlıq evi elə-belə verə bilmərik, heç olmasa, 30 min manat ”şirinlik” ver, ev sənin olsun”. Babək isə bu təklifə “yox” deyib.
Əqidə insanını sındırmaq heç kimə nəsib olmayacaq…
Qardaşı deyir ki, Babəkin həbsinə səbəb polis bölməsində öz hüquqlarını çəkinmədən, sərtliyilə tələb etməsi olub: “Ondan izahat alanda deyiblər ki, ”nədən narazısan”? Babək də deyib ki, haqsızlıqdan, insanlara zülm edilməsindən, rüşvətxorluqdan, xalqın bir tikə çörəklə imtahana çəkilməsindən. Əminəm ki, qardaşım məhkəmədə də öz sözünü deyəcək. O, döyüş yolu keçmiş bir insandır. Hansısa məhrumiyyətlərlə belə əqidə adamlarını sındırmaq olmaz. Babək tam günahsızdır, o öz konstitusion hüquqlarından istifadə edərək mitinqə çıxıb. Nə kimsəni incidib, nə də vurub. Nə vaxtdan adamlar şüar səsləndirdiyinə görə cinayətkar sayılıb? Mənə görə, azca vicdanı olan hakim Qarabağda canını qoyan Babəki bu dəqiqə həbsdən azad etməlidir, ancaq bunu indiki hakimlərdən gözləmirik. Çünki, Quranda deyildiyi kimi, belə insanların qəlbi möhürlənib”.
Babəkin mesajı
Ilahə xanım deyir ki, həyat yoldaşının həbsi onların ailəsi üçün ağır hadisə olsa da, Babəkin tutduğu yola böyük hörmət bəsləyir: “Babəkin tutduğu yola görə qətiyyən peşman deyilik. Bu da bir sınaqdır, Inşallah, Babək bu sınaqdan da alnı açıq çıxar…”
Iyunun 3-də Babək həbsxanada böyük qardaşı, həyat yoldaşı və oğlu Mustafa ilə görüşüb. Görüşdə o, bircə yeməyindən narazılıq edib, qalan hər şeyin normal olduğunu deyib. Babək çöldəki mübarizə yoldaşlarına salamlarını yollayıb və ruh düşkünlüyünə heç bir əsas olmadığını bildirib.
“Atamı azadlıq üstə tutublar”
Hüseyn və Əhəd hələ ataları ilə görüşə bilməyiblər. “Atanıza nə sözünüz var, onu niyə tutublar?” soruşuram. Dərs əlaçısı olan Hüseyn bir söz deməsə də, ailənin nadinci kimi ad qazanan Əhəd “atamı azadlıq üstə tutublar” deyir.
Babək doğrudan da, oğlunun dediyi kimi, azadlıq yolunda tutulub. Bu yola görə isə həbsə düşməyə dəyər. Adaşı Babək Xürrəmidin sözləridir: “Bir gün azad yaşamaq, qırx il qul kimi yaşamaqdan üstündür”.
Natiq