Daha bir Qarabağ qazisi olan AXCP fəalı şərlənib həbs edildi. Bu dəfə AXCP Mingəçevir təşkilatının keçmiş sədri, partiya fəalı Qadir Xudabaxşıyev repressiya olunub. 2 ay öncə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflini qondarma cinayət işi ilə həbs etmişdilər. Hökumətin AXCP fəalı olan Qarabağ qazilərinə bu qəddar münasibətinin kökündə nə durur? Bunu başa düşdük ki, müəyyən kompleksləri var. Özləri Qarabağ savaşı zamanı “bacarıqla” aradan çıxıblar. Müxalifət partiyası olan AXCP-nin isə Qarabağ sevgisi hökumətinki kimi boğazdan yuxarı pafosda ifadə olunmur. AXC sıralarından minlərlə şəhid verib, milli qəhrəmanlar yetişdirib. Bu gün də Qarabağ qazilərinin, veteranlarının xeyli hissəsi AXCP də öz siyasi fəaliyyətlərini davam etdirirlər. Azərbaycan torpaqları üçün canından keçməyə hazır olmuş bu mərd, vətənpərvər insanların AXCP-də siyasi fəaliyyəti davam etdikcə, rejim başçılarının müxalifətə ünvanladığı “anti-milli ünsürlər” tipli təhqirləri bumeranq effekti ilə rejimin özünə dəyir. Qarabağ qazilərinə divan tutanların, onları çoxsaylı intiharlara sürükləyənlərin özlərinin anti-milli mahiyyəti üzə çıxır.
Yəqin bu səbəbdəndir ki, Qarabağ qazisi olan cəbhəçilərə rejimin xüsusi aqressiyası var. Amma yenə də emosiyaya qapılıb, siyasi səhvə yol verirlər. Axı xeyli müddətdir ki, rejim üzünə vətənpərvərlik maskası taxıb. Bilirlər ki, Milli Azadlıq Hərəkatında və Qarabağ savaşında iştirak etmiş və ya həmin dövrü xatırlayan nəsli aldada bilməzlər. Yaşlı və orta nəsil millətin taleyi həll olunan zamanlarda bunların heç vaxt millətlə bir yerdə olmadıqlarını yaxşı bilir (müəyyən mülahizələrə görə bəziləri bunu etiraf etməyə bilər, amma bu, faktı dəyişmir). Ona görə də hədəfləri yeni yetişən gənclikdir. Ümid edirlər ki, əllərində olan informasiya və s. resurslardan istifadə edərək, həmin dövrü yaşamamış gəncləri aldada, yeni nəslə özlərini vətənpərvər kimi təqdim edə biləcəklər. Asif bəy, Qadir bəy kimi Qarabağ qazilərinə qarşı həyata keçirilən qəddar repressiya isə bu siyasəti bir daha ifşa edir, hökumətin Qarabağ uğrunda vuruşanlara, deməli, həm də Qarabağa real münasibətini ortaya qoyur.
Bugünlərdə rejim daha bir addımı ilə özünü ifşa etdi. Xədicə İsmayıl həbs olunanda bizlər demişdik ki, ona qarşı açılmış cinayət işi (Tural adlı bir adamı özünü öldürmə həddinə çatdırma) uydurmadır. Xədicə xanımı hakim ailəni ifşa edən korrupsiya araşdırmalarına görə həbs ediblər. Budur, özləri də bunu etiraf etmiş oldular. Xədicə xanımı qondarma ittihamla 3 aya yaxın həbsdə saxlayandan sonra, indi ona qarşı Azadlıq radiosundakı fəaliyyəti ilə bağlı Cinayət Məcəlləsinin yeni 4 maddəsi ilə ittiham irəli sürüblər. Bəs biz nə deyirdik? Bütün ictimaiyyət deyirdi ki, Xədicə xanımdan jurnalist araşdırmalarının qisasını alırlar. Rejim də yeni ittihamlarla bunu təsdiq etmiş oldu.
Çox qəribə vəziyyətlə üzləşmişik – biz rejimin böhtançı, şərçi, qəddar, anti-milli, kriminal mahiyyətini üzə çıxardıqca bunlar utanıb, hərəkətlərində düzəliş etməkdənsə, tam əksinə, “islanmışın yağışdan nə qorxusu” prinsipi ilə həmin əməlləri daha da açıq-aşkar edirlər. Sanki millətə meydan oxuyurlar. Millətə meydan oxumaq isə çox riskli işdir.


