Hakimiyyətin cılız təbliğat forması

YAP hakimiyyətinin dövründə  yalnız ölkə sərvətlərinin talan edilməsi, hüquqsuzluğun normaya çevrilməsi, təhsilin, səhiyyənin  bərbad vəziyyətə salınması prosesi baş vermədi.  Mövcud hakimiyyətin dövründə  yaltaqlıq da dövlət siyasətinə çevrildi.  Karyera qurmaq istəyən iş adamı, repertuarını zəngilnəşdirmək istəyən müğənni,  filmlərdə rol almaq istəyən aktyor,  müdafiə etmək istəyən elm adamı  yaltaqlanmağı, hakimiyyətə mədhiyyələr söyləməyi zəruri hesab etdi.  Bu ölkədə yaltaqlanmaq, fərasət kimi qiymətləndirilir. Artıq layiq olan adama tərif demək də təhlükəlidir. Qorxursan ki, bunu yaltaqlıq kimi  qəbul edərlər.
Təbii ki, biz bu “yaltaqlıq şedevrləri” telekanallar, hökumət məybuatı vasitəsilə “çiçək”lənir və vətəndaşlara “çıxış yolu” göstərilir.
Son günlər hökumət bu sahədə daha bir “ilk”ə imza atıb. Belə ki, artıq rejim mətbuatının səhifələri “zəhmətkeş məktubları” ilə yüklənib. Məsələn, “Azərbaycan” qəzeti 3 gündür palaz boyda səhifələriniAzərbaycanın müxtəlif yerlərindən İlham Əliyevə ünvanlanan xoş sözlərə həsr edib. Düzdür, prezidentə olunan müraciətlər arasında şikayətlər də var. Amma bu şikayətlər  boğaza çıxan korrupsiyadan, sifarişli məhkəmə hökmlərindən, yüksək bank faizlərindən, bütün sahələrin inhisara alınmasından deyil.  Hansısa yüksək mərətəbəli binanın tikintisinin gecikməsindən, hansısa əraziyə zibil qutularının qoyulmamasından, hansısa bələdiyyə başqanının vəzifəsinə əməl etməməsindən şikayət edirlər. Amma müraciətlərin əsas hissəsi analoqsuz inkişafdan, İlham Əliyevin daxili və xarici siyasətinin zirvəyə qalxmasından, ölkənin gündən-günə çiçəklənməsindən ibarətdir.
Deməli, daxil olan 10 minlərlə müraciət arasında hakimiyyətin yarıtmaz siyasətindən şikayətlənən, məmurların milyonluq varidatlarının hesabatın istəyən, yoxsulluqdan, işsizlikdən şikayətlənən olmayıb.
Sanki, daxil olan müraciətlər İlham Əliyevin müşavirəsinə toplanan şəxslərə məxsusdur. Birqayda olaraq prezidentin müşavirələrində ölkədəki inkişafdan söhbət açılır.  Bu “tendensiya” rejim qəzetlərində də davam etdirilir.
Doğurdan da çox ikrak doğuracaq mənzərə yaranıb. Bir qəzet hər gün 3-4 səhifəsini prezidentin mədhinə həsr edirsə, bu  ölkənin və hakimiyyətin vəziyyətini izah edir.
Məlum  olur ki, dövlətçiliyə xidmət, vətəndaşa hörmət, ideal idarəetmə, yalnız prezidentin təriflənməsində ifadə oluna bilər. 
Vətəndaşın dərdindən, qondarma həbslərdən, məmurların çirkli pullarından, sosial vəziyyətin ağırlığından yazmaq isə, mənəviyyatsızlıqdır.