Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürüldü

Jurnalistin anons etdiyi “təzə nağıl” uyduruldu; O, ifadə verməkdən imtina edir

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı yeni ittihamlar irəli sürülüb. Vəkil Fariz Namazlı “Amerikanın səsi”nə bildirib ki, jurnalistə qarşı Azərbaycan Baş Prokurorluğu Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edib. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Vəkil deyib ki, prokurorluq “Azadlıq” radiosunun fəaliyyəti haqqında 15 yanvar vergi aktı əsasında bu ittihamları irəli sürüb. “Xədicə Ismayıl özünü təqsirli bilmir və ifadə verməkdən imtina edib”, Namazlı qeyd edib.

Xatırladaq ki, bir neçə gün qabaq jurnalist özü “Azadlıq” radiosuna göndərdiyi məktubda ona qarşı yeni ittihamların hazırlandığını xəbər vermişdi. “Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”, – deyə o, yazmışdı.

Jurnalist məktubunda qeyd etmişdi ki, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, peşə fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. İndiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib. “Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüququ savadsızlığın nəticəsidir”, – deyə Xədicə İsmayıl bildirmişdi.

Xədicə Ismayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin “özünü öldürmə həddinə çatdırma” iddiası ilə saxlanıb. Xədicə Ismayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Yanvarın 27-də Səbil Rayon Məhkəməsi istintaq orqanının verdiyi vəsatəti qismən təmin edərək, jurnalist Xədicə Ismayılın həbs müddətinin 1 ay, 19 gün uzadılması barədə qərar verib.

“Azadlıq” radiosunun rəhbərliyi bəyan edib ki, Xədicə Ismayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

“Amnesty International” jurnalisti “vicdan məhbusu” elan edib.