Yadplanetli düşüncəsi, yoxsa reallıq?

Uzaq əsrlərdən bu günə ötürülən məşhur bir deyim var. Keçənlərdə də xatırlatmışdım. Həmin deyimi dördüncü əsrdə Milanın yepiskopu Müqəddəs Ambrozi öz kafedral kilsəsini ona verməyi əmr edən imperator Teodosiyə göndərdiyi cavabda yazmışdı: “Kral ancaq ona məxsus olan şeylər üzərində hüquqa malikdir. Lakin bir imperator kimi vicdanınızı müqəddəs şeylər üzərində də hüququnuz olması fikriylə yükləməyin. Özünüzü göylərə qaldırmayın, hakimiyyətiniz boyu Allaha itaət edin. Yazılıb ki, Allaha məxsus olan Allaha, Sezara məxsus olan Sezara məxsusdur”.
Doğrudur, Azərbaycan kimi cəmiyyətlərdə bu, bəlkə heç təsirli fikir də sayıla bilməz. Çünki buradakı çoxluq hər şeyin krala məxsus olduğu fikriylə çoxdan barışıb. Çünki gördüklərimiz ortaya başqa gerçəklər qoyur. Əzildikcə əzilən, soyulduqca soyulan, döyüldükcə döyülən çoxluğun susqunluğu qarşısında baş verənlər getdikcə daha vahiməli şəkil alır. Yəqin ki, xəbəriniz var, bu günlərdə mənzil alğı-satqı prosesinə unikal bir dəyişiklik edilib. Artıq mənzilini 3 ildən tez satanlardan vergi tutulacaq, həm də 14%. Bunun nə demək olduğunu bilirsiniz? 100 min manata satdığınız evin 14 min manatını vergi ödəməlisiniz. Nə qədər ədalətli qərardır, deyilmi? Deyərlər, sən indiyə qədər bir hökumət olaraq məni xoşbəxt edən hansı qərara imza atmısan ki, indi dədə-babadan qalan mülkümdən 14% vergi istəyirsən?  Hansı üzlə axı? Universitet diplomumuzun dəyərini 150 manata qiymətləndirdiyin üçünmü, bütün həyatını bu ölkəyə xidmət göstərən yaşlı valideynlərimizin haqqını 150 manatla dəyərləndirdiyin üçünmü, yoxsa döyüş meydanlarında vuruşub canının bir parçasını itirən fədakar insanlarımızın qanına 80-90 manat qiymət qoyduğun üçünmü?
Oxudum ki, ev alğı-satqısı ilə məşğul olan şəxslər bu qərarın daha çox imkanlı insanlara zərər vuracağını deyirlər. Açıqlamalara görə, həmin işlə daha çox Rusiyada çalışıb pul qazanan və onu daşınmaz əmlaka yatırmaq istəyən insanlar məşğul olurlar. Indi də daha çox həmin şəxslərin böyük itki verəcəyi gözlənir. Biz də kasıbları bir kənara qoyaq. Lap imkanlılar olsun. Yəni bu ölkədə bütün imkanları əlində cəmləşdirmiş məhdud çevrədən başqa kimsəyə aman yoxdur? Həmin azlıqdan kənar kimsənin pul qazanmaq, zənginləşmək, sahibkarlıq etmək haqqı yoxdur bu xarabada?  Yoxdur və bunu hamımız bilirik. Çünki bu haqqı özümüz yedirmişik o mütləqiyyətçi azlığa. Həm də elə mütiliklə yedirmişik ki, nə cibimizə, nə evimizə, nə də günahımıza girməkdən qorxurlar artıq.
Bütün bunlar nədən baş verir, sizcə? Əsas səbəb həm də insanlarımızın öz gücünə inamsızlığına, ətalət və təslimçi əhval-ruhiyyəsinə bağlı deyilmi? Inanın, elədir ki, var. Buna uğur hekayələri haqqında yazdığım keçən yazıya bəzi reaksiyalardan da əmin oldum. Bəziləri bu cəmiyyətdə uğur qazanmağın illüziya olduğunu düşünür. Bəziləri isə uğur haqqında fikir səsləndirənləri yadplanetli hesab edir. Bu düşüncələrə görə kimsəni qınamaq niyyətim yox. Amma nə olursa-olsun, bütün uğurların böyük inad, çalışma və cəsarət sayəsində qazanıldığı fikrimdə israrla dayanıram.    
Əslində, bizim “yadplanetli” düşüncələrimizdə qeyri-adi heç nə yoxdur. Biz sadəcə insanların öz haqqını kimsəyə güzəştə getməmək hüququ olduğunu xatırladırıq. Mülkiyyət haqqının toxunulmaz və müqəddəs olduğunu xatırladırıq. Hər kəsin yaşadığı ölkənin sərvətlərindən bərabər faydalanmaq və zənginləşmək haqqına sahib olduğunu xatırladırıq. Həyat hekayəsi bu torpaqlara yazılmış hər kəsə insan kimi yaşamaq və xoşbəxt olmaq imkanı verilməsinin hakim rejimin borcu olduğunu xatırladırıq. Burda qeyri-adi nə var ki?