“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parad hazırlıqlarına start verilib.Artıq “Azadlıq” meydanında paradı müşahidə edəcək qonaqlar üçün tribunalar qurulub…”.Informasiya agentlikləri bu məlumatı yayıb.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə bir sualım var.Cənab nazir, bu parad bizə yaraşırmı?Axı məğlubların paradı olmur.Olursa, beyinlərdə hansı assosiasiya yaranır? Prezident Ilham Əliyev ordumuzun bölgədə ən güclü ordu olduğunu vurğulayır.Ali Baş Komandanı olduğu ordu ilə öyünür də.Bəlkə yüz dəfə Səfər Əbiyev mətbuata açıqlamasında Azərbaycan ordusunun gücündən-qüdrətindən danışıb və hər dəfə də ermənilərə mesaj göndərib ki, xoşluqla işğaldakı torpaqları qaytarmasalar, anaları ağlar qalacaq.Məlumdur ki, ermənilər də Ilham Əliyevin və Səfər Əbiyevin xox gəlməsinə baxmayaraq, zəbt etdikləri torpaqların bir qarışından geri çəkilmir.O da məlumdur ki, Azərbaycanın büdcədən təkcə müdafiə xərclərinə ayırdığı pul cümlə Ermənistanın illik büdcəsinə bərabərdir.Bu iki məlumdan sonra Azərbaycanın 20 ildir işğal altında qalan torpaqları xilas etmək üçün gərəkən addımlar atmaması təəccüb doğurur.Dərinə gedəndə Ermənistanın arxasında Rusiyanın dayandığını gözə soxanlara xatırlatmağa dəyər.Qardaşlar, o Rusiya məgər Azərbaycanla da qardaş deyil?!Azərbaycan rəhbərliyində olanların, az qala hamısının yaxasına Rusiyanın orden-medalı taxılıb. Bu bir.Ikincisi, düşmənə tutaq ki, təkcə Rusiya deyil, lap belə ABŞ da dəstək verir.Məgər bu əsas verir ki, torpaqlarımızın xilası əvəzinə ağzımıza su alıb susaq?Sözlə savaş olmur, atam-qardaşım.
Sözlə-sazla erməni zəbt etdiyi torpaqlardan geri çəkilməyəcək.Maşallah, neftimizin sayəsində hərbi qüdrətimiz güclənib və sabah biz vətənin bütövlüyü naminə müharibəyə başlasaq, məgər dünya bizi qınayacaq?Az qalır 20 il olsun ki, ATƏT-in Minsk qrupu bir qələt edə bilmir.Siz də bilirsiniz bunu, dünya da bilir, məmmədhəsənlər və tükəzbanlar da artıq başa düşür ki, danışıqlarla torpaqları geri almaq olmaz.Özünüzdən Amerika-filan açmayın, müharibədə itirilmiş torpaq müharibədə də geri qayıda bilər.Istəsəniz də, istəməsəniz də adını azərbaycanlı qoyduğunuz bu xalq bir gün döyüş meydanlarında məğrurluğunu isbat edəcək.Nə qədər ki, hiyləgər və məkrli erməninin bircə dəfə burnu ovulmayıb, Azərbaycanın başının üstündən təhlükə əskik olmayacaq.Odur ki, ermənilərlə bizim hərb meydanında üz-üzə gəlməyimiz qaçılmazdır.Humanist yanaşmada müharibə qurbanlar istəyir.Əsirlikdəki vətən torpaqlarının fəryadı, savaşda şəhid olanların ruhu adamın içindəki o humanistliyi öldürür axı. Biz Koreyaya, Mozambikə, yaxud Lüksemburqa savaş elan etmirik ki, dünya üstümüzə gəlsin?Torpaqları işğaldan azad etmək ordunun mükəlləf borcu deyilmi?Nədən bu missiyanı gələcək nəsillərə buraxmaq lazımdır?Bakı hərbi parada hazırlaşır.
Nə qədər ki:
– Xankəndi Stepanakert olaraq qalmaqdadır;- Xocalının intiqamı alınmayıb;- Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayıl, Füzuli, kəsəsi bir qarış torpağımız belə erməni əsirliyindədir, Bakıdakı parad parad deyil, şou təsiri bağışlayacaq.Mən belə düşünürəm.Siz nə fikirləşirsiz?