«Hakimiyyət ümid edir ki, büdcədə yaranan 6-7 milyardlıq kəsiri vergilərin hesabına dolduracaq»
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun “The Financial Times” qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlar var. Ə.Həsənov etiraf edib ki, 300-ə yaxın azərbaycanlı döyüşmək üçün Suriyaya gedib. Bu etiraf əslində bəzi mətləblərdən xəbər verir. Suriyaya 300 azərbaycanlının getməsi ölkədə geniş ideoloji, təşkilati işlərin aparıldığından xəbər verir. Üç yüz nəfər bu prosesin son həddidir. Yəni döyüşə getmək istəyənlər bu yolu seçənlərin yalnız bir hissəsi sayıla bilər.
Digər bir maraqlı məqam isə neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Prezident Administrasiyasının rəsmisi deyib ki, neftin ucuzlaşmasına baxmayaraq hökumət büdcə və inkişaf planlarını yerinə yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub. Bundan başqa, Ə.Həsənov manatın kəskin devalvasiyasını istisna edib.
Maraqlıdır ki, böhrandan çıxmaq üçün milyardlar lazım olduğu halda Ə.Həsənovun çıxış yolu kimi göstərdiyi sahələr ən yaxşı halda büdcəyə 100 milyon manat qazandıra bilər. Belə ki, banklardakı əmanətlərə tətbiq olunan vergi ən yaxşı halda büdcəyə 50 milyon manat gəlir gətirə bilər. Mənzillərin alğı-satqısına da ciddi bel bağlamaq olmaz. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda mənzil bazarında 147 min müqavilə imzalanıb. Bu sahənin də vergiyə cəlbi böhrandan çıxmağa yetərli deyil. Eyni zamanda bahalı maşınlara da verginin tətbiqi ciddi vəsaitin əldə olunacağı demək deyil.
Ə.Həsənovun Suriyaya gedən azərbaycanlılarla bağlı söylədiyi fikirlərə təhlükəsizlik məsələləri üzrə ekspertlərdən münasibət öyrəndik.
Baş verənlərə və bu cür situasiyanın yaranmasına görə əsas məsuliyyətin məhz hökumətin üzərinə düşdüyü vurğulandı. Çünki məhz hakimiyyətin milli təhlükəsizliklə bağlı apardığı 20 illik yanlış siyasət ölkəmizdə müxtəlif radikal dini qruplaşmaların kök salmasına münbit şərait yaradır. Ölkənin milli təhlükəsizliyinə cavabdeh olan strukturların əsas hədəf kimi demokratik düşərgəni seçməsi, bütün resurslarını məhz bu istiqamətə yönəltməsi sonucda bu cür acınacaqlı durum yaradır. ABŞ-ın dövlət katibi Con Kerri terrorizmə qarşı mübarizənin məktəbdən başlamalı olduğunu deyir. Yəni ölkədə təhsil normal olmalıdır ki, terrorist təşkilatlarının ideologiyası cəmiyyətdə yer tapa bilməsin. Azərbaycanda yürüdülən təhsil siyasətinin acı nəticələrini isə TQDK-nın sədri Məleykə Abbaszadə son açıqlamasında elan etdi.

Ə.Həsənovun iqtisadi böhrandan çıxış yolu kimi göstərdiyi vergi yığımlarına gəlincə, iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunubsa, dünyada cəryan edən proseslər ölkəmizdən də yan keçə bilməz. Azərbaycanın hazırda sosial-iqtisadi istiqamətdə ciddi çətinliklərlə üz-üzə olduğunu deyən N.Əliyev bildirdi ki, hazırda ölkəni narahat edən çətinliklər dünyada baş verən proseslərin nəticəsi kimi deyil, səriştəsiz idarəetmənin nəticəsi kimi meydana çıxıb: “Əli Həsənov ümid edir ki, neftin qiymətinin düşməsi üzündən dövlət büdcəsində yaranan 6-7 milyardlıq kəsiri vergilərin hesabına dolduracaqlar. Bununla fəxr etmək olmaz, bununla xəcalət çəkərlər. Ölkənin süni şəkildə yaranan problemlərini xalqın çiyinlərinə qoyurlar. Bu, problemin çözümünə apara bilməz”.
N.Əliyev bildirdi ki, hakimiyyətin qeyri-neft sektorunu inkişaf etdirməməsi yaranmış vəziyyətdə ölkə iqtisadiyyatının çıxış yollarını daha da daraldır.
Hikmət


