Real müxalifətin tədbirə qatılmaması hakimiyyətin növbəti ifşası oldu
Azərbaycan hakimiyyəti son dövrlər ciddi cəhdlə “dilaoq”a can atır. Hakimiyyətin bu istəyinə “müxalifət” partiyaları da müsbət cavab verir. Ötən ilin dekabrın ayında baş tutmuş ilk “dialoq” tam iflasa uğradı və hakimiyyətin demokratiya imitasiyası baş tutmadı. İlk növbədə real müxalifət qüvvələri görüşdə iştirak etmədi. Digər tərəfdən müxalifət adına tədbirə cəlb olunmuş şəxslərin müxalifətçi legitimliyi qəbul edilmədi . Amma dünyanın təzyiqlərindən, yaranmış siyasi krizisdən yayınmaq üçün hakimiyyət “dialoq”u davam etdirmək qərarına gəldi və Prezident Adminstrasiyası növbəti görüşü təşkil etdi. Fevralın 12-də BMM-də baş tutan “dilaoq-görüş”də PA rəsmisi “müxalifətçi”ləri qəbul etdi və 3 saat söhbət apardılar. Dialoqda müxalifəti Pənah Hüseyn, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Fərəc Quliyev, Rauf Qurbanov, Fazil Mustafa, Yusif Bağırzadə, Qüdrət Həsənquliyev, Əhməd Oruc, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Elşad Musayev, İqbal Ağazadə, Qulamhüseyn Əlibəyli və digərləri təmsil ediblər.
PA rəsmisi Əli Həsənovun giriş nitqindən sonra KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış edib və Əli Həsənovdan ötən dəfəki görüşün nəticləri barədə mediaya açıqlama verməsinin xahiş edib. Əli Həsənov isə bu barədə siyasi partiyaların sədrlərinə media zalı tərk etdikdən sonra fikir bildirəcəyini deyib.
Görüşdən sonra mətbuata açıqlama verən Əli Həsənov bildirib ki, görüşdə iştirak edən partiyalarla bu cür dialoqun iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, Ə.Həsənovun sözlərinə görə, növbəti görüşlərdə müzakirə ediləcək mövzuların əvvəlcədən siyasi partiyalara göndəriləcəyi, onların isə bu mövzular arasında seçim etmək imkanı qazanacaqlarına dair qərar qəbul edilib.
Əvvəla, qeyd edək ki, ötən dilaoqun nəticələrinə dair Əli Həsənov heç bir fikir söyləyə bilməyib. Ona görə yox ki, təvazökarlıq edib. Ona görə ki, ötən 2 ay müddətində vəziyyət daha da pisləşib, repressiyalar davam edib, azad mətbuata basqılar qüvvədə qalıb və.s Yəni, nəticələr onu göstərir ki, ötən “dilaoq” yalnız hakimiyyətə “demokratiya donu” geyindirməkdən ibarət olub. İkinci dialoqdan çıxan nəticədə bundan ibarətdir ki, hakimiyyət heç bir öhdəlik götürməyib, yaxın günlərdə hansısa sahədə irəliləyiş olacağının anonsu verilməyib. Deməli, bu “dilaoq” “Yaşıl eynəkli adam” tamaşasında olduğu kimi əjdaha başı almış “qohum-əqrabanın” görüşüb, dərdləşməsindən başqa bir şey deyil.
Yuxarıda da qeyd etdiyimiz kimi “dialoq”da təmsil olunan heyət məsələnin mahiyyəti haqqında dolğun məlumat verir. Hər dəfə real müxalifətin tədbirdən imtina etməsi hökuməti olduqca pis vəziyyətə salır və “plan” baş tutmur.
Məhz buna görə də YAP-çı deputat Siyavuş Novruzov mətbuata açıqlamasında AXCP-ni ittiham edib, bu partiyanın dialoqa qatılmamasını xarici dairələrin sifarişi kimi qiymətləndirib və Əli Kərimlini Azərbaycan maraqlarını müdəfiə etməməkdə suçlayıb.
Əslində YAP hakimiyyətinin AXCP-yə qarşı bu aqressiyası başadüşüləndir. Çünki, AXCP hər dəfə hakimyyətin iyrənc planlarını ifşa edir və bu “ssenari”də rol almaq istəmir. Ümumiyyətlə, AXCP bu “dialoq”da niyə iştirak etməlidir?
Siyavuş Novruzov, Əli Həsənov və digərləri BMM-ə toplaşanların əksəriyyətinin müxalifətçiliyini necə təsdiqləyə bilər? Məsələn, müxaliət kimi təqdim edilən Asim Mollazadə ilə YAP-çı deputat Səməd Seyidovun fərqi nədədir? Yaxud, Qüdrət Həsənquliyevin, Fərəc Quliyevin, hökumətə münasibəti ilə Aydın Mirzəzadənin hökumətə münasibətində hansı fərq var?
Yəni, fəaliyyətləti hökumətin monoloquna haqq qazandırmaqdan ibarət olanlarla, hansı dialoqu qurmaq istəyirsiniz. Bugün BMM-ə toplaşanlar hakimiyyətin siyasətini nə zaman ifşa edib, nə vaxt hökumətlə “duet”oxumaqdan imtina ediblər ki, onlarla dilaoq qurmaq zərurəti yaranıb?
Hakimiyyət real müxalifəti “ünsür”, “ermənipərəst”, “anti-milli” adlandırır ki, bunun da BMM-ə yığışanlara aidiyyatı yoxdur. Məhz buna görə də görüşə ram olunmuşlar dəvət olunub.
Vicdanlı insanları şərləməkdə davam edən, öz anti-insani siyasətinə haqq qazandıran hökumətin “ssenari”sində rol oynamaq, bütün prinsiplərə xəyanətdir.
Bir nəfər irəliləyişdən, inkişafdan, demokratiyadan dəm vurur, 17 nəfər də olmayan inkişafa, irəliləyişə, demokratiyaya diqqətlə qulaq asır. Müəllimin şagirdlərə tapşırıq verməsi dialoq ola bilməz. Müəllim dərs mövzusunu şagirdlə müzakirəyə çıxarırsa, bu dialoqdur.
İndiki halda ölkə və dünya ictimaiyyəti real müxalifət qüvvələrini yaxşı tanıyır. Azərbaycan hakimiyyəti uzun illər dünyaya sıramaq istədiyi “müxalifət”in limitinin bitdiyini başa düşür. Ona görə bu dəfə tərkibi biraz da genişləndirməklə“təbii”lik yaratmaq istəyir. Amma Siyavuş Novruzovun hikkəsi də göstərir ki, alındıra bilmirlər. Necə deyərlər, köhnə hamam, köhnə tasdır.
Real müxalifət isə öz fəaliyyətini davam etdirir. AXCP hansısa hökumət nümyandəsi ilə üz-üzə oturmağın deyil, siyasi məhbusların azadlığının, demokratik islahatların aparılmasının, qanunsuzluğa son qoyulmasının həsrətindədir.
Akif


