Təhsil Nazirliyindən TQDK-ya cavab gəldi

Iqtidardaxili ziddiyyətlər Azərbaycan təhsilini bərbad vəziyyətə salıb 

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin ötən ilin buraxılış və qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş tədbirdə söylədiyi tənqidlərə cavab verib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında müvəffəqiyyət qazanmış şagirdlərin sayında artım olub. Məlumatda bildirilir ki, 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 50,27 faiz idi isə, 2013-cü ildə bu rəqəm 58,41 faizə, 2014-cü ildə 62,04 faizə yüksəlib.
Həmçinin, 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9 faiz idi isə, 2013-cü ildə onların sayı 72,14 faizə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.
Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.
Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə bu günlərdə təhsilin səviyyəsi ilə bağlı dəhşətli rəqəmlər açıqlayıb.
Məleykə Abbaszadə bildirib ki, 2014-cü ilin qəbul imtahanlarında abituriyentlərin 64.7 faizi 200-dən az bal toplayıb. O, daha sonra qeyd edib ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 64.7 faizi imtahandan “2", 13.6 faizi ”3", 15.7 faizi “4",  6 faizi isə ”5" qiymət alıb. TQDK sədrinin sözlərinə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub: “Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb”. 
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev az əvvəl Azərbaycanda savadlılıq dərəcəsinin 100 faiz olduğunu bəyan etmişdi. Lakin göründüyü kimi faktlar ölkə başçısının dediyinin əksini göstərir.
Məlumat üçün deyək ki, zaman-zaman TQDK ilə Təhsil Nazirliyi arasında münasibətlər gərgin olub. Xüsusilə Misir Mərdanovun nazir olduğu dönəmdə bu gərginlik açıq müstəviyə keçib. Məsələnin kökündə isə iqtidardaxili ziddiyyətlər dayanıb. Məlumatlara görə, Misir Mərdanovdan sonra bu gərginlik davam etməkdədir. Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasına daxil olan Məleykə Abbaszadə ilə Paşayevlər qruplaşmasının üzvü Mikayıl Cabbarovun ulduzu barışmır. Bu ziddiyyətlərin acısını isə Azərbaycan təhsili çəkir. Yeri gəlmişkən, Ramiz Mehdiyevin də çıxışlarında hər dəfə təhsil sahəsi tənqid hədəfi olub. Təbii ki, bütün bunlar sadəcə rəqib qruplaşmanı “vurmaq” məqsədi daşıyıb.
Bu arada iqtisadçı ekspert Rövşən Ağayev “facebook” səhifəsində maraqlı status paylaşıb. Onun yazdıqlarını təqdim edirik: “TQDK sədri Məleykə Abbaszadənin bugünkü tədbirdə səsləndirdiyi 3 fikir diqqətimi çəkdi.
1) Bəzi dövlət qurumlarında TQDK-ya bildirirlər ki, bütün məlumatların ictimailəşdirilməsi vacibdimi?
Deməli, ürəklərindən keçən budur ki, ölkənin təhsil sistemini bərbad günə qoysunlar, amma rəqəmləri, faktları gizlədib cəmiyyətin gerçək durumdan xəbər tutmasına da imkan verməsinlər.
2) Tələbə-Məzun bazasında TQDK-nın xəttilə qəbul olmadan verilən diplomların sayı 23 minə çatır. Hətta dövlət qulluğu üçün müraciət edənlərdən 1200 nəfərinin diplomunun TQDK-nın qəbulundan kənar əldə edildiyi məlum olub.
Köçürmələrin miqyasını görürsünüzmü? Amma orasını dəqiq bilmədim ki, belə faktlar aşkarlananda həmin diplomları tanınır, ya havada qalır,
3) 9 və 11-ci siniflərin buraxılış imtahanlarına ən sadə sullar salınır. Ali məktəblərə qəbul imtahanlarında abituryentlərin çətinlik çəkdiyi suallar bir qayda olaraq buraxılış imtahanlarına salınmır.
Bunun açması odur ki, nisbətən çətin sullar olsa, 9 və 11-sinif şagirdlərinin heç 10-15%-də imtahanlardan müvəffəq qiymət ala bilməz.
Təhsilimizin düşdüyü durum bu…"