Heydər Əliyev Brejnevə 200 minlik üzük bağışlamışdı

Birinci katib ətrafındakılara gülümsəməyi niyə yasaq etmişdi?

«Onlar məni Əliyevlə görüşə itələdilər…»

əvvəli ötən saylarımızda

“Işə xitam verə bilərsiniz, amma ona tam bəraət vermək olmaz!”

Əliyev bizi otağın ortasında qarşıladı. Elə otağın ortasında bir-birimizin əlini sıxdıq. Bilmirəm, haradansa qanımda Şərqli yaltaqlığı güc gəldi. Mən respublikanın uğurlarından, zəhmətsevər əməkçilərindən və ağıllı rəhbərindən ağızdolusu danışdım. Indi təkrar etmək istəmirəm, bu bəlağətli çıxışım 15-20 dəqiqə çəkdi və bu anlarda hiss etdim ki, Əliyevin mənə qarşı baxışları bu sözlərdən sonra isinirdi.
Düşündüm ki, Əliyevlə söhbətim baş tutacaq. Biz bir saatdan çox danışdıq. Son sözü Əliyev dedi:
– Mən də qanuna tam əməl olunmasının tərəfdarıyam. Əgər işə xitam vermək lazımdırsa, xitam verin. Amma bu cəmiyyətdən qovulmuşa tam bəraət vermək lazım deyil.
Görüş başa çatdı. Əliyev bizi qapıya qədər ötürdü. Amma çıxanda stolun üstündən iki broşür götürdü:
– Bu kitabçalar da qoy, görüşümüzdən xatirə olsun.

***

Sonra mən mehmanxanada broşürləri oxuyanda Əliyevin nə demək istədiyini anladım. Burada Bakı Şəhər Partiya Komitəsinin konfransında və Mərkəzi Komitənin Plenumunda Heydər Əliyev Qambay Məmmədovun fəaliyyətinə siyasi qiymət vermişdi.
Əslində, bu kitabçalarla o, mənə deyirdi: “Mənim rəylərimi oxu və elə et ki, çıxardığın nəticələr buna uyğun olsun”.
Bir neçə gün sonra mən Moskvaya qayıdırdım. Bakı parklarının birində Brejnevin çox böyük bir portretini gördüm. Portretin altında yazılmışdı: “Azərbaycan iri addımlarla irəliləyir!”
Brejnev Bakını Odessa ilə səhv salıb…
Ölümündən bir neçə ay əvvəl Brejnev Bakıya səfər etmişdi. Qoca, zorla yeriyən dahi rəhbəri Xəzərdəki “Şelf” qurğusuna  baxmağa aparırlar. Brejnev özünü elə göstərir ki, guya  qurğu haqqında deyilənlərə qulaq asır. Baş katib birdən gözünü açıb Xəzərə baxır, sonra üzünü şəhər tərəfə çevirib deyir:
– Bəli yoldaşlar, Odessa gözəlləşir…
Sonra Brejnev dönüb maşına sarı gedir, Əliyevsə ətrafdakılara yumruq göstərib gülümsəməyə yasaq qoyur.

200 minlik üzük və zərgərlik zavodunun intihar edən direktoru

Bu səfər zamanı Əliyevin Brejnevə bağışladığı 200 min rublluq üzüklə bağlı həm birinci, həm də sonrakı dəfələr Bakıda olanda çox söhbətlər eşitdim. Hamı danışırdı ki, Əliyev bu bahalı üzüyü Brejnevə ekran önündə hədiyyə edib.  Sonra Bakı zərgərlik zavodunun direktoru üzüyün dəyərini ödəyə bilmədiyi üçün özünə qəsd etmişdi. Amma bu hadisəni  Əliyevlə söhbət edənlərin birindən eşitmişəm. Deyirlər partiya rəhbərlərindən biri Əliyevi dəvət edib ondan üzük məsələsini soruşur. Əliyev bunu “yalan”, “onu istəməyənlərin söz-söhbəti” adlandırır. Cavab Mərkəzi Komitə bosunu qane etmir və deyir:
– Biz lent yazılarına baxa bilərik?
Əliyev:
– Yox, niyə baxaq ki… Üzük məsələsi həqiqətən olub, amma  həmin üzük saxta idi. Əsli budur, buyurun, bu da sizin olsun…
Nəyin həqiqət, nəyin yalan olduğunu söyləmək çox çətindir. Kim bilir?..
Moskvaya həqiqət lazımdırmı?
Indi bu suala cavab vermək çox asandı. Amma ötən əsrin 70-ci illərində heç kim mənə bunu birbaşa demirdi. Hamı həqiqəti bir yana qoyub siyasi büro üzvlərinin, o cümlədən büro üzvlüyünə namizəd Əliyevin nə deyəcəyi barədə düşünürdü.
Mən Moskvaya döndüm. Məmmədovun işi ilə bağlı məruzəmi Naydenov dinlədi. O, məsələnin nə qədər siyasi olduğunu bildiyi üçün SSRI prokurorluğunun ən tanınmış istintaqçı prokurorlarının bir neçəsini də dəvət etmişdi. Hamı yekdil rəy söylədi, Məmmədovun əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsini məqsədəuyğun saydılar. Mən Naydenovun tapşırığı ilə razılaşdırılmış qərarı hazırlayıb Azərbaycan prokuroru Zamanova göndərdim. Səhəri məni SSRI prokurorluğunun istintaq idarəsinin rəisi Aleksey Buturlin yanına dəvət etdi. Məlum oldu ki, SSRI Balıqçılıq Nazirliyinin işini aparacaq qrupa məni də daxil ediblər. Amma mən tərəddüd içindəydim. Bilmirdim ki, harada işləyirəm: Zaporojyedə, yoxsa Kiyevdə.
Mənim iş yerimin dəyişdirilməsi, mənzil məsələmdən bir xəbər yoxdu. Elə bil Buturlin fikirlərimi oxudu. Gülümsədi, seyfdən bir qovluq çıxarıb qarşısına qoydu:
– Sizə düzünü deyirəm: Azərbaycan epopeyası hələ başa  çatmayıb, özünüzü ümidlərin əsirinə çevirməyin. Sizin qərarınıza Əliyevin münasibətini gözləmək lazımdır. Bir də sizə Kiyevdə mənzili nə vaxt vəd etmişdilər?
– Iyun, iyul aylarında.
– Bəs indi hansı aydır?
– Oktyabr.
– Bəs hanı sizin vəzifəniz, mənziliniz?
Mənim susmaqdan başqa çarəm qalmırdı. Buturlin sözünə davam etdi:
– Vladimir Ivanoviç, istəyirik, Moskvada işləyəsiniz. Bu da sizə ayrılmış mənzilin orderi.
Amma bir sual cavabsız qalırdı: bəs mənim Azərbaycan işimin taleyi necə olacaq? Buturlin bununla bağlı heç bir cavab verə bilməyəcəyini dedi.

Əliyev məndən narazı qalıbmış

Aradan bir ay keçdi. Mən hələ də rəsmən Zaporojye prokurorluğunda işdə qalırdım. Günlərin birində məni Lodısev yanına çağırdı. Bir az qorxmuş adam təsiri bağışlayırdı:
– Bilirsən, dünən Naydenov Moskvada, MK-da Əliyevlə görüşüb. Səndən çox narazıdır.
Məsələ qəlizləşirdi. Mənə yeni təklif verdilər:
– Yenidən müşavirə çağırıb Məmmədovun Hacıyevin işilə bağlı epizodda nə qədər günahsız olub-olmadığını müzakirə edəcəyik.

***

Yenə əvvəlki heyətdə toplaşdılar, amma Məmmədovun əleyhinə qərar çıxardılar. Qərarda göstərilirdi ki, xidməti vəzifədən sui-istifadə etməklə Qambay Məmmədov rüşvətxoru qanunsuz olaraq məsuliyyətdən azad etməklə dövləti maraqlara nəzərəçarpacaq dərəcədə ziyan vurmuşdur. Cinayət işini bağlamaq olar, amma Qambay Məmmədov günahkar hesab edilməlidir.
Mən etiraf edirəm, görünməyən əllər mənə və SSRI prokurorluğuna öz güclərini göstərdilər. Mənimsə təəssüflənməkdən başqa əlacım qalmırdı.

Qambay Məmmədov döyüşdü, döyüşdü… axır ki, bəraət aldı

Illər ötdü. Məmmədov Partiya Nəzarəti Komitəsinin qapısını dəfələrlə döydü. Partiyaya qayıtmaq üçün qəbullara getdi. Ölkədə siyasi iqlim dəyişdi, SSRI-nin yeni baş prokuroru Aleksandr Mixayloviç Rekunkov Qambay Məmmədovun işini yenidən icraata qaytardı. Araşdırmağa bir şey qalmamışdı. Hər şey hamıya əvvəl də aydın idi. Amma siyasi sifariş ədaləti bərpa etməyə imkan vermirdi.
Bu məsələnin müzakirəsində baş prokuror Rekunkov dedi: “Əgər biz prokurorları yaxınlarına görə səhv qərar çıxarmaqda günahlandırıb işdən qovsaq, cinayətkar adlandırsaq, onda prokurorluqda işləməyə adam tapmarıq”.
Çalışırdılar ki, məndən cavab alsınlar, 1979-cu ildə mənə kim təzyiq göstərib? Mən cavab verə bilmirdim. Çünki mən öz işimi görmüşdüm. Bir-birindən fərqli qərarı siyasi asılılığı olanlar çıxarmışdılar. Siyasi oyunların kiçik vintləri isti yerlərini itirməmək üçün çiyin-çiyinə cəbhədə vuruşduqları, ən çox inandıqları və hörmət etdikləri bir prokuroru, kommunisti qurban vermişdilər. Indi cavab istəyir, günahkar axtarırdılar.
Düzdür, Qambay Məmmədovun işini bağladılar və ona bəraət verdilər. Amma uzun illər partiya nəzarət komitəsi öz qərarını dəyişmək istəmədi. Nəhayət, Qambay Məmmədovu partiyaya bərpa etdilər.
Əliyev rejiminin qurbanlarından biri Aşurov onun partiyaya bərpası anını danışanda, az qala gözüm yaşardı.

Ürəyini tutub yıxıldı, özünə gələndə ilk sözü bu oldu…

– Aşurovu milis sıralarından qondarma səbəblə qovmuşdular, sonra partiyadan çıxarmışdılar.
Milis polkovniki David Pisaxoviç Aşurov Israildə yaşayır. Ötən əsrin 70-ci illərinin “repressiyası” ondan da yan keçməyib. 1975-ci ildə David Aşurova podpolkovnik rütbəsi verildi. Bakının Oktyabr rayonuna rəis müavini təyin olundu. Elə həmin ərəfədə bacısı Israilə köçmək qərarına gəldi. Bundan sonra onun da qara günləri başladı. 1980-ci ildə onu istintaqa çağırdılar. Müstəntiq heç bir sənəd göstərmədən dedi: “Vəzifədən sui-istifadə etməyin sübut olunub. Yaxşısı budur, hər şeyi boynuna al. Yalnız bu halda məhkəmə sənə güzəşt edə bilər”.
Aşurov 8 il qapıları döydü, yüzlərlə ərizə və şikayət yazdı. Aşurov deyir:
– Bəraət almaq mənim şərəf, namus məsələmdi. Günlərin birində Azərbaycan KP MK-dan mənə zəng etdilər. “Sabah axşam Moskvada olmalısan, Sizi Sov. IKM MK yanında Partiya Nəzarəti Komitəsinə çağırıblar”, dedilər. Bu, mənim sonuncu şansım idi. Daha müraciət etməyə təşkilat qalmamışdı. Mən Moskvaya uçdum, deyilən ünvana gəldim. Icəri keçəndə tanış bir sifət gördüm. Saçları ağarmışdı. Keçmiş respublika prokuroru Qambay Məmmədov da qanunsuz işdən çıxarılmışdı. Partiya sıralarından qovulmuşdu. Bizi bir təlimatçı qəbul etdi. Səhər 9-dan axşam 6-ya kimi söhbət etdi. Bildirdi ki, sabah bizim məsələyə baxılacaq. Əlifba ilə çağırdılar. Birinci məni dəvət etdilər. 1989-cu il oktyabr ayının 11-i idi. Məni bərpa etdilər. Sakitləşib Məmmədovun çıxmasını gözlədim. 40 dəqiqədən sonra Məmmədov otaqdan çıxdı, bir neçə addım atıb yıxıldı, özündən getdi. Özünə gələndə ilk sözü bu oldu: “Bərpa etdilər!” Qambay Məmmədov gözəl, kristal kimi təmiz insandı, bu təmizliyilə kimlərəsə mane olurdu. Ona görə ondan intiqam aldılar. 10 il mübarizə apardı.

Müstəntiqin xatirələri davam edir

– Bu, mənim Azərbaycana sonuncu ezamiyyətim olmadı. 1988-ci ilin əvvəlində Alma-Atıdan xüsusi reyslə Bakıya uçmalı oldum. Bakıdan Sumqayıta gəldim.
Şəhərdə evlər yanırdı, hərbi hissələr şəhəri təmizləyirdi, milis şöbəsi saxlanılanlarla dolu idi. Bu dəfə qanlı Sumqayıt hadisələrini araşdıracaqdıq…
“Əliyev mafiyası xalqın qanını sorub, respublikanı son nəfəsinə çatdırıb…”
Sonra qocaman müstəntiq arxivindən bir qəzet çıxarır. Arkadi Vaksberqin məşhur “Gurultulu alqışlar!” məqaləsinə gəlmiş rəylərdən birini mənə oxuyur. Həmin məktublardan birinin altından qırmızı qələmlə xətt çəkib. Məktubu akademik, Sovet Ittifaqı qəhrəmanı Ziya Bünyadov, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Kamal Talıbzadə, professor Mirxaliq Mirqədiyev, şair Nəbi Xəzri imzalayıb. Məktubda deyilirdi: “Əliyev mafiyası xalqın qanını sorub, gəncliyi pozub, respublikanı son nəfəsinə çatdırıb, çoxmillətli Azərbaycanı gözlənilməyən millətlərarası münaqişələr yuvasına çevirib…”

Sonda Kaliniçenko mənə bir sual verir:
– Azərbaycanın ən şərəfli alimi, mərd, sınmaz Ziya Bünyadovun taleyi necə oldu? Qambay Məmmədovu heç olmasa, sürgündə yaşatdılar… Əliyevin yeni iqtidarı Ziya Bünyadovu güllə ilə susdurdu. Birdəfəlik…
Daha sözüm qalmır…

Surxay Hüseynli