Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
“Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur”. Ilham Əliyev bu sözləri ötən il 15 sentyabrda Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 saylı tam orta məktəb üçün yeni tikilən binanın açılışında deyib. Inanmayanlar internet üzərindən axtarış verib, həmin çıxışı tapa və bu sitatı öz gözləri ilə oxuya bilər.
“Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub” – bunu isə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib.
Indi kimə inanmalı?
Əlbəttə, TQDK sədrinə. Yalnız ona görə yox ki, o, ölkə təhsilinin rekal göstəricilərinə daha yaxşı bələddir. Həm də ona görə ki, istənilən bir məsələdə 100 faizlik uğurdan danışmaq bir qayda olaraq üçüncü dünya ölkələrinə, yüksək rəqəmlərlə oynamağı, şişirtməni, “pripiska”nı idarəetmə normasına çevirən avtoritar rejimlərə xasdır. Azərbaycanı həmin ölkələrdən, YAP hakimiyyətini isə belə rejimlərdən ayırmaq mümkün olmadığı üçün “Azərbaycanda savadsız insan yoxdur” iddiasına təəccüblənməmək lazım gəldiyi kimi, inanmamaq da gərəkdir.
Ümumiyyətlə, belə iddia ilə heç adları elmi-texniki tərəqqinin, təhsilin səviyyəsinə görə dünya reytinqlərinin ön sıralarını bəzəyən ölkələrin liderləri çıxış etmirlər. Niyəsini yuxarıda yazdıq, bu cür şişirtmələr gəlişməmiş, qeyri-azad, qeyri-demokratik ölkələrin ritorikasıdır, gəlişmiş ölkələrdə isə yüksək faizlərə bu cür dəhşətli aludəçilik yoxdur.
Digər tərəfdən, savadlılıq səviyyəsini yalnız oxuyub-yazmaqla ölçmək də doğru deyil, hərçənd TQDK sədrinin açıqlaması göstərdi ki, yeri gəlsə, hətta adını yaza bilməyənlərimiz də az deyil. Amma lap belə olmasaydı da, bunu “100 faiz savadlılıq” kimi qəbul etmək və öyünmək nə qədər ədalətlidir? Savadlılığı kiminsə adını yaza, ya da kəkələyərək də oxuya bilməsi ilə ölçmək nə qədər doğrudur?
Fakt budur ki, bu gün Azərbaycanda total cəhalət hökm sürür. Məqsədli şəkildə kütləvi savadsızlıq siyasəti həyata keçirilir. Təhsilin səviyyəsi göz önündədir. Orada ən yaxşı halda “fondpulu”, “süpürgə pulu”, “8 mart pulu”, “müəllimlər günü pulu” dərsləri ilə rüşvət alıb verməyin sirlərini öyrədirlər. Bir də şəxsiyyətə pərəstişi!
Üstəlik, bu ölkədə özünü alim hesab edən yekə-yekə əmilər, dayılar, xalalar, bibilər belə, oturub gülməli, əttökən işlərlə məşğuldurlarsa, biri pirlərdən, seyid ocaqlarından kitab yazır, digəri mələyin uçma sürətini hesablayır, başqa biri hansısa falçıdan monoqrafiya qaralayır, bir başqası alın yazısından dissertasiya müdafiə edib elmi ad almaq fikrində olduğunu deyirsə, lap indi ölkədə hamı yazıb-oxumaq bilsə, nə dəyişər? Indi bizdə hətta alim də cinlərlə, cadu-piti ilə, falla əlləşirsə, hansı “100 faiz savadlılıq”dan danışırıq? Əgər Sistem öz telekanalları ilə camaata görücü Məlahətləri, “Həzrət Sabir”ləri, Zirəddinləri, Ilham Mirzəyevləri dəyər kimi sırıyır, camaat da onları sevinə-sevinə qəbul edir, onlara həqiqətən də dəyər kimi yanaşırsa, ölkənin savadlılıq dərəcəsi aydın deyilmi?
Ələmuçuranlar, cinçıxaranlar, Şeyx Nəsrullahlar, Molla Ibrahimxəlil kimyagərlər geri qayıdır, at oynatmaq üçün asanlıqla meydan tapır, on minlərlə, yüz minlərlə insanı rahatca aldada bilirlərsə, hansı “100 faiz savadlılıq”dan danışmaq olar?
Qısası: yalnız insanların adlarını yazıb-oxuya bildiyinə görə ölkədə savadlılığın səviyyəsini yüksək qiymətləndirmək ciddi görünmür. Yazıb-oxumaq öyrənib, lap belə universitet oxuyub hətta axırda dissertasiya qaralayıb elmi ad qazanaraq sonra da gedib, məsələn, pirlərdə oğlu əsgərlikdən sağ-salamat qayıtsın deyə qurban kəsən, qızına hansısa nazirlikdə iş tapılsın deyə “Həzrət Sabir”ə fal açdıran “savadlı”dansa, inciməyin, hər hansı dördayaqlı daha qiymətlidir, daha çox hörmətə layiqdir.