Əli Həsənova deyərsiniz ki…

xaqaniquzeyli@gmail.com

Siyasi tarix elmində iqtidar-müxalifət dialoqu bir qayda olaraq ölkənin taleyüklü məsələlərində, siyasi-iqtisadi böhran və müharibə vəziyyətində hər iki tərəfin bir araya gəlməsi kimi izah olunur. Normal ölkələrdə buna adi hal kimi baxırlar və belə görüşlərdə bəzən ölkənin taleyi həll olunur.

Tarixi tərcübə onu da göstərir ki, totalitar rejimlərdə “iqtidar-müxalifət” danışıqları vətəndaş müharibəsi, ya da üsyançıların prezident sarayını mühasirəyə almaq ərəfəsində yada düşür. Və bir qayda olaraq, heç bir effekt vermir. Tərəflər, daha doğrusu müxalifət məsələləri güc vasitəsi ilə həll etməyə üstünlük verir. “Ərəb baharı”nın inqilabi ssenariləri buna əyani sübutdur. 

Azərbaycanda belə bir buluşma hələlik üfüqdə belə görünmür. Doğrudur, ölkədə iqtidar-müxalifət münasibətləri çox gərgin və əsəbidir, rejim fərqli düşünənlərə qarşı çox amansızdır, absurd ittihamlarla həbs olunanların sayı günü-gündən çoxalır. Ölkənin ən böyük müxalifət partiyası olan AXCP-nin adi qərargahı belə yoxdur, onun liderinə isə ölkədən çıxmaq qadağan edilib və s. 

Onlarla nüfuzlu hüquq müdafiəçisi, fərqli düşünən gənc siyasi fəallar, jurnalistlər bu gün həbsdədir. 

Azərbaycan hakimiyyəti belə bir görüşə, yəni iqtidar-müxalifət görüşünə tələsmir. Lakin dünyada gedən qarşısıalınmaz proseslər, birmənalı olaraq belə bir buluşmanın qaçılmaz olduğunu sübut edir. 

Hələlik isə, iqtidar-müxalifət görüşü kimi qələmə verilən tamaşa seyr etməkdəyik. Obrazlı desək, müxalifətə qarşı müxalifətdə olanlarla, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun növbəti görüşü keçirilir…

Bu görüş hansı zərurətdən keçirilir? Hamıya yaxşı məlumdur ki, nə o görüşdə iştirak edənlər müxalifəti təmsil edir, nə də Əli Həsənov iqtidarı. Yuxarıda bəhs etdiyimiz kimi, dünya təcrübəsindən məlumdur ki, iqtidarın ictimai-siyasi partiya və təşkilatlarla iş aparmaq üçün görəvləndirildiyi vəzifəli şəxsə bu tip görüşdə masa arxasında yer belə yoxdur. O, uzaq başı belə bir görüşün masayaqədərki təşkilində iştirak edə bilər. 

Sual oluna bilər: Azərbaycanda yoxluğunu liderinin də dəfələrlə etiraf etdiyi(!) Xalq Partiyası, eləcə də rejimin himayəsindəki işi-gücü yalnız həqiqi müxalifətə böhtan atan kiçik partiyalarla Əli Həsənovun görüşü hansı zərurətdən yaranıb? Bu suala icazənizlə cavab verməyə çalışacam. Bəlkə də sizə qəribə gələcək, amma sizi inandırıram ki, bu, tamamilə mümkün bir versiyadır. 

Fikrimcə, Əli Həsənov ən yüksək səviyyədə tənbeh olunub və ona deyilib ki, get işinlə məşğul ol. Məsələ burasındadır ki, digər məmurlar kimi, Ə.Həsənov da bu illər ərzində boş durmayıb. Bu təbiidir, amma görünən odur ki, “doza”nı bir az qaçırıb. 

“Kaspi” hazırlıq kursları, eyni adda qəzet (bu işləri həyat yoldaşı yürüdür – X.Ə.), özəl mətbəə, telekanal, Beynəlxalq Mətbuat Mərkəzi, dəftər-qələmdən tutmuş  ofis ləvazimatlarına qədər, oxşar məhsuların satışı ilə məşhur “Intellekt” mağazalar zənciri, adı hallanan çox sayda müxtəlif təyinatlı ictimai və və s. obyektlər…

Vəzifəsindən sui-istifadə edərək, nəşriyyatın bir parçasını da onun ələ keçirdiyi də gəzən söz-söhbətlər arasındadır. Oradakı təmir edilmiş və ofis halına gətirilmiş otaqlar, bildiyimə görə, kirayədədir. 

Mənim xüsusi araşdırma aparmadan bildiyim, eşitdiyim bu qədərdir. Yəqin ki, bu “kiçik” imperiya haqqında yuxarılar daha məlumatlıdır. 

“Işə başqa bir tərəfdən baxsaq, Əli Həsənovu qınamaq da çətindir. Normal iqtidar-müxalifət münasibətləri olmayan ölkədə bu sahəyə cavabdeh olan şəxs bekarçılıqdan nə desən edə bilər. 20 ildir hər gün eyni iş qrafiki olmaq, eyni sifətlərlə qarşılaşmaq, nəhayət, onlardan 20 ildə heç dəyişməyən fikirləri eşitmək dəhşətdir desək, yəqin ki, yanılmarıq. Paralel olaraq isə.., orqanizm ”adrenalin" tələb etməyə başlayır, vəzifə də buna imkan verir. Məmurlar öz şirkət və holdinqlərini belə qururlar… 

Nə isə, gələk sabahkı “görüş”ə… Birinci görüşdən sonra bir sayt rəhbəri olan dostum məni orada iştirak edən bir neçə partiya rəhbəri ilə danışığının audioyazısı ilə tanış etdi. Maraqlıdır ki, onların hamısı özündən başqa qalanlarını hakimiyyətə satılmaqda ittiham edir, siyasətdən çox təsərrüfatdan danışırdı… 

…Yazıya başlamazdan əvvəl onlardan, vaxtilə onların da vəkili olmuş siyasi məhbuslar haqda xahiş nəzərdə tutmuşdum. Alınmadı…