aliyev-munich

Alman mediası Əliyevi yenə “diktator” adlandırdı

«Süddeutsche Zeitung» Avropa Olimpiya Oyunlarının diktatorun ölkəsində keçirilməsindən, buradakı repressiyalardan yazır

«Xədicənin həbsinin gerçək səbəbi onun prezident ailəsinin offşor zonalardakı gizli biznesilə bağlı araşdırmalarıdır»

Iyunda Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları yaxınlaşdıqca xarici mediası Azərbaycandakı vəziyyətə diqqəti də artır. Dünya mediası Olimpiada fonunda Azərbaycandakı acınacaqlı vəziyyətdən, o cümlədən insan haqları sahəsində problemlər, müxalifətçilərə, tənqidçi jurnalistlərə qarşı repressiyalara diqqət çəkir. Tanınmış mətbu orqanların yayımladığı belə məqalələrdə eyni zamanda, insan haqlarının tapdandığı, demokratiyanın boğulduğu belə bir ölkədə Olimpiada keçirilmək qərarı verən müvafiq qurumlar da tənqid obyekti olur. Bu qəbildən olan daha bir məqalə Almaniyanın “Süddeutsche Zeitung” qəzetində yayımlanıb.

Müəllif Saskia Aleythenin hazırladığı “Diktatorun ölkəsində mübahisəli oyunlar” başlıqlı məqalədə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının bu yaxınlarda yaydığı hesabatı yada salır. Həmin hesabatda diktatura rejimlərilə yanaşı, bu cür ölkələrdə nəhəng idman yarışlarının təşkilinə razılıq verənlər də kəskin tənqid olunurdu.

“Hesabatda Azərbaycanda tənqidçilərə qarşı repressiyalardan bəhs olunurdu. Qeyd olunurdu ki, Əliyevi dəstəkləməyən, bu hakimiyyətin siyasi maraqlarına uyğun hərəkət etməyən jurnalistlər, fəallar repressiyaların əsas hədəfidir. Onlar həbs olunur, hədələnir, bank hesabları dondurulur”, – deyə alman jurnalist xatırladır.

Bundan başqa, yada salır ki, “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının illik hesabatında Azərbaycan söz və mətbuat azadlığının vəziyyətinə görə 180 ölkə arasında 160-cı yerdə qərarlaşıb.

“Diktatorun ailəsi belə reytinqlər barədə nə düşünür – bu da iki ay əvvəl məlum oldu: Azərbaycanda tanınmış araşdırmaçı jurnalist olan Xədicə Ismayıl həbs olundu. Onun barəsində həbs qərarı verən məhkəmə iddia edir ki, Xədicə Ismayıl başqa bir jurnalisti intihar həddinə çatdırıb. Əslində isə Xədicənin həbsinin əsl səbəbi onun prezident ailəsinin offşor zonalardakı gizli biznesilə bağlı araşdırmaları idi. Azərbaycanda hazırda onlarla jurnalist və blogger həbsdədir”, – deyə müəllif vurğulayır.

Saskia Aleythe hazırladığı məqalədə özünün qoyduğu “Ilk Avropa Olimpiya Oyunları niyə Bakıda keçirildi?” sualına isə belə cavab verir: “Çünki Azərbaycandan başqa namizəd yox idi”.

Həmçinin xatırladır ki, Azərbaycan 2016 və 2020-ci illərdə keçiriləcək Dünya Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini bir neçə dəfə irəli sürmüşdü, lakin uğur qazanmamışdı.

Siyasət şöbəsi