Mehman Əliyev: «Kürün təmizlənməsinə, bəndvurma işlərinə ayrılan 1 milyardın hesabı sorulmalıydı»
Ilham Əliyev Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əhməd Əhmədzadəni “Əməkdar Mühəndis” fəxri adıyla təltif edib. Qeyd etmək lazımdır ki, bir qayda olaraq belə təltiflər ya məmurların doğum günündə, ya da peşə bayramları günü verilir. Ancaq Əhmədzadənin təltif olunması Kür daşqınlarının ildönümünə düşdü.
Aran bölgəsində baş verənlər təbii fəlakət, fövqəladə hal, məmur cinayəti kimi qələmə verildi. Nə ad qoyulmasından asılı olmayaraq ötən il minlərlə insan bunun acısını yaşadı, evini, təsərrüfatını itirdi, aylarla məktəblərdə, çadırlarda yaşadı. Indinin özündə də o insanlar itirdiklərinin kompensasiyasını tələb edirlər, ancaq pulu ala bilmirlər. Əhmədzadənin ödülü bu günlərdə alması təsadüfdürmü? O, həqiqətənmi bu mükafatı almağa layiq idi?
“Turan” informasiya agentliyinin direktoru, “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvü Mehman Əliyev Ə.Əhmədzadənin ödülə layiq olmadığını deyir: “Onlar hesab edirlər ki, daşqınlardan sonra müəyyən işlər görülüb. Ancaq keyfiyyətli nə iş görüblər, o başqa söhbətin mövzusudur. Bütün hallarda ona mükafat düşmürdü”.
M.Əliyevin sözlərinə görə, Əhmədzadənin fəaliyyəti araşdırılmalıydı: “2005-dən 2011-ci ilə qədər dövlət büdcəsindən Kürün təmizlənməsinə, bəndvurma işlərinə 1 milyard manat ayrılıb. Pullar hara getdi, bu məsələlər qaldırılmadı. Belə bir durumda fəxri adın verilməsi heç yerinə düşmür”.
Ramin DEKO


