Neft Fondunun aktivləri azalır

İstiqrazlarda, səhmlərdə, depozitlərdə, daşınmaz əmlakda, qızılda zərər qeydə alınıb
 

 
Nemət Əliyev: «Neft Fondunun itkiləri vəsaitlərin idarəolunması ilə bağlı yürüdülən yarıtmaz siyasətin nəticəsidir»
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2014-cü ilə dair investisiya fəaliyyətinin yekunlarını açıqlayıb. Fondun məlumatına görə, 2014-cü ilin sonunda valyuta vəsaitlərinin həcmi 37,148 milyard dollar olub.
Dekabr ayında qeydə alınan vəsaitin həcmi aprel ayından bəri ən aşağı səviyyə düşüb. Avqustda vəsaitlərin həcmi maksimum həddə yüksəlib və 37,944 milyard dollara çatıb. Avqustdan sonra vəsaitlrin həcmində azalma baş verib və bu dinamika dekabrın sonuna qədər davam edib.ÿ
Vəsaitlərin həcmində azalma qeydə alınsa da, 2013-cü ilin dekabrı ilə müqayisədə 1,271 milyard dollar artıb.ÿ
ARDNF-in vəsaitlərinin 54,1 faizi ABŞ dollarında (19,869 milyard dollar), 33,9 faizi avroda (10,252 milyard avro), 4,8 faizi ingilis funt sterlinqində (1,159 milyard funt sterlinq), 3,1 faizi (30,17 ton) qızılda, 1,2 faizi (481,9 milyard von) Koreya vonunda, 1,2 faizi türk lirəsində (994,7 milyon lirə), 1,2 faizi rus rublunda (25,565 milyard rubl), 0,5 faizi Avstraliya dollarında (215 milyon dollar) saxlanılır. Ehtiyatların 1,1 faizi (408 milyon dollar) Azərbaycan manatındadır.
Fond aktivlərinin 80,6 faizini istiqrazlarda saxlayır. 6,9 faizi depozitlər və pul bazarı alətlərində, 5,4 faizi səhmlərdə, 3,1 faizi qızılda, 2,9 faizi daşınmaz əmlakda, 1,1 faizi müxtəlif layihələrə investisiyalardadır.ÿ
Vəsaitlərin 45,9 faizi korporativ istiqrazlarda, 19,2 faizi maliyyə istiqrazlarında, 15 faizi agentliklərin və beynəlxalq təşkilatların istiqrazında, 8,1 faizi qısamüddətli kommersiya kağızlarında, 6,7 faizi suveren borc kağızlarında, 5,1 faizi zəmanətli istiqrazlarda saxlanılır.ÿ
ARDNF vəsaitlərinin 41,5 faizini (15,4 milyard dollar) 1 ilə qədər olan müddətdə yerləşdirib. 29,9 faizini 1-3 il müddətinə, 7,1 faizi 3-5 il müddətinə, 9,1 faizi 5 ildən artıq müddətə yerləşdirilib. Aktivlərin 12,4 faizi səhmlər, daşınmaz əmlak və qızıldadır.
Neft Fondunun vəsaitlərinin 51,75 faizi Avropaya, 24,04 faizi Şimali Amerikaya, 13,54 faizi Uzaq Şərq regionuna, 3,42 faizi Cənubi Amerikaya, 1,23 faizi Yaxın Şərqə, 0,01 faizi Afrikaya yönəldilib.
Vəsaitlərin 73,93 faizi inkişaf etmiş ölkələrdə, 20,5 faizi inkişaf etməkdə olan ölkələrdə, 6,01 faizi beynəlxalq maliyyə təşkilatlarındadır.
Fondun aktivlərinin gəlirliliyi 1,47 faiz təşkil edib. 2013-cü ildə bu göstərici 1,77 faiz, 2012-ci ildə 2,16 faiz olub. 2010 və 2011-ci illərdə isə müvafiq olaraq 0,99 faiz və 0,83 faiz təşkil edib. Əvvəlki illərdə isə gəlirlilik 2,67-4,49 faiz arasında dəyişib. Valyuta səbəti üzrə gəlirlilik son 10 ildə orta hesabla 2,56 faiz təşkil edib.ÿ
2014-cü ildə istiqrazlarda 0,7 faiz, səhmlərdə 0,35 faiz, depozitlərdə 0,18 faiz, daşınmaz əmlakda 0,24 faiz olub. Qızılda 0,05 faiz zərər qeydə alınıb.
Onu qeyd etmək yerinə düşər ki, cüzi faizlərlə aktivlərini idarəetməyə verən Neft Fondunun vəsaitəlrinin daha səmərəli istifadəsi mümkündür. Hakimiyyət təmsiçliləri kənd təsərrüfatının inkişaf etdirilməsində maraqlı olduqlarını bəyan etdikləri halda reallıqda tam başqa siyasət yürüdürlər. Belə ki, ötən il Azərbaycan hökuməti aqrolizinqə 134 milyon manat vəsait ayırıb.
Açıqlanan rəqəmlərdən iməlum olur ki, hökumətin “təhlükəsizlik yastığı” kimi arxayınlaşdığı Dövlət Neft Fondunun vəsaitləri heç də həmin an əlçatan deyil.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumətin arxayın olduğu neft pulları ağır iqtisadi vəziyyətdən çıxmaq üçün kömək etməyə bilər. Çünki böhranlı durum Neft Fondunun vəsaitlərini, gəlirlərini əsaslı şəkildə vurub: “Bir tərəfdən elan olunub ki, Neft Fondundakı vəsaitlərin 25 faizi gələcək nəsillər üçün saxlanmalıdır. Amma məlum oldu ki, ən azı məzənnə dəyişikliyindən 1.6 milyard itki əmələ gəlib. Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər də 387 milyon manat təşkil edib. Bəlkə də başqaları bu vəsaitlərin yarısını idarə edib milyardlar qazanardı. Amma bu vəsaitlərin idarə olunması ilə bağlı o qədər yarıtmaz siyasət yürüdülür ki, ən azı əldə olunan vəsaitlərdən yaraları sarımaq mümkün olardı. Neft Fondunun itkiləri vəsaitlərin idarə olunması ilə bağlı yürüdülən yarıtmaz siyasətin nəticəsidir”.
Fond aktivlərinin 80,6 faizini istiqrazlara yerləşdirdiyini deyən N.Əliyev bildirdi ki, bu kağızlara yerləşdirilmiş 29.6 dollar vəsait illik 0.7 faiz gəlir gətirib: “Bundan başqa, daşınmaz əmlaka qoyulan, depozit kimi yerləşdirilən vəsaitlərin də faiz dərəcələri olduqca cüzi olub. Investisiya layihələri ilə bağlı da seçilən yol bir qəpik belə xeyir gətirməyib. Azərbaycanın neft sərvətləri qəpik-quruşun müqabilində dünyanın müxtəlif ölkələrinə səpələnib. Bu cür yarıtmaz idarəetmə, heç şübhəsiz, öz sözünü deyir”.
N.Əliyev onu da vurğuladı ki, NF 387 milyon gəlir əldə etsə də, xarici valyutaların məzənnəsinin dəyişməsindən 1.6 milyard vəsait itirilib.
Xəyal