Məşgül Həziyev: «Seymur həbs olunan gün qəsəbəmizdə on yaşlı uşaq da dedi ki, «dayı, bu, qurama işdi»…»
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin atası Məşgül Həziyev bugünlərdə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında oğlu ilə görüşüb. Bu haqda “Azadlıq”a məlumat verən Məşgül Həziyev bildirib ki, məhkəmənin 5 il azadlıqdan məhrumetmə hökmü qətiyyən Seymurun əhval-ruhiyyəsinə təsir göstərməyib. O, əvvəlki kimi nikbindir, səhhətindən, saxlanma şəraitindən də heç bir şikayəti yoxdur.
“Seymur ötən il avqustun 29-da həbs olunandan bəri təcridxanada onunla ilk görüşümüz idi. Çalışırdı ki, hökm barədə danışmasın, özünə görə yox, bizə görə. Əslində, hökmün necə olacağı bizə də əvvəldən məlum idi. O, həbs olunan gün qəsəbəmizdə on yaşlı uşaq mənə dedi ki, dayı, eşitdim Seymur dalaşıb, onu tutublar. Uşaq ardınca da soruşdu ki, bəs o dalaşan vaxt polislər orada nə gəzirdi? Qurama işdi bu… Təsəvvür edirsinizmi, on yaşlı uşaq da bilir ki, bu, qurama işdi. Bu baxımdan, bilirdim ki, Seymura ən azı, 4-5 il verəcəklər. Məhkəmədə hakim özünü ittihamçı kimi aparırdı. Artıq ikinci iclasdan sonra əmin oldum ki, hakim ədalətli hökm çıxarmayacaq. Müdafiə tərəfin vəsatətləri vardı ki, məhkəməyə kompüter gətirilsin, Məhərrəm Həsənovun internetdən, ”facebook”dan istifadə etməyi bacarıb-bacarmadığı yoxlanılsın. Çünki bu dava-dalaşın internetdə yazışmaya görə başladığını iddia edirlər. Hakim vəsatətimizi rədd elədi, dedi ki, Məhərrəm Həsənovun hüququnu pozmaq olmaz. Davanı başlayanın hüququnu pozmaq olmaz, amma Seymurun hüququnu pozmaq nədi, lap nahaqdan beş il həbs cəzası da vermək olar. Heç nə sübuta yetirilmədən Seymura birbaşa hökm oxundu”, – deyə Məşgül Həziyev hökmlə bağlı fikirlərini bölüşüb.
Atası Seymur Həzinin siyasi fəaliyyəti və bu üzdən çəkdiyi əziyyətlər haqda da danışarkən vurğulayıb ki, oğlu haqq yolundadır: “Dinimizdə belə bir məqam var ki, bir insan öz pisliyindən əl çəkmirsə, sən niyə öz yaxşılığından əl çəkəsən? Seymurun mövqeyində, onun gördüyü işdə pis bir şey olsaydı, valideyn kimi ona bu yoldan çəkilməyi məsləhət görərdim. Seymur həm bir jurnalist, həm də vətəndaş olaraq, gördüyü həqiqəti deməlidi. Mən onu həqiqətdən necə çəkindirə bilərəm? Mən razılaşmaram ki, Seymur öz haqlı mövqeyindən geri çəkilsin. Bir ata kimi, oğlumun həqiqətdən yayınmasına heç vaxt razı olmaram”.
Bəyim Həsənli