Nazirin gətirdiyi taksilər Azərbaycanda satılan inomarkalardan da bahadır
Nəqliyyat naziri Ziya Məmmədov ölkəyə növbəti taksiləri gətirdib. Doğrudur, məlumatlarda bildirilir ki, 100 ədəd taksi “Baku Taxi Company” şirkətinin xətti ilə gətirilib. “Baku taxi Company” ilə bağlı internetdə axtarış versək də, şirkətin kimlər tərəfindən təsis edildiyi barədə heç bir məlumat əldə edə bilmədik. Özəl mənbələr vasitəsilə əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, “Baku Taxi Company” Ziya Məmmədovun özünündür. Şirkəti nazirin yaxın çevrəsinə daxil olan şəxslər idarə edir. Ona görə də Bakıya gətirilən taksilər Ziya Məmmədovun aktivinə yazılmalıdır.
Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin xidmət rəisi Rauf Orucov bildirib ki, bundan sonra daha 900 taksi gətiriləcək və ilin sonunadək taksilərin sayı 1000-ə çatdırılacaq.
Ziya Məmmədovun Bakını “taksi parka” çevirməsinin arxasında milyonların dayandığı bildirilir. Bakıya gətirilən taksilərin qiymətlərinə diqqət etdikdə də bunu sezmək mümkündür. Böyük Britaniyanın “Manganese Bronze” şirkətindən alınan bir taksinin qiyməti 26 min manat göstərilib. Avtomobil Çinin “Geely Automobile Holding” şirkəti tərəfindən istehsal olunur. Maraqlıdır ki, “Manganese Bronze” indiyə qədər heç bir ölkə və şirkətdən Azərbaycan kimi böyük həcmdə sifariş almayıb. Şirkət 2011-ci il üçün cəmi 1250 sifariş alıb ki, onun da 1000-i Azərbaycandandır. 2010-cu ildə isə bu şirkət cəmi 226 maşın sata bilib.
Yeri gəlmişkən, Azərbaycanın özündə Yaponiya və Cənubi Koreyanın istehsalı olan avtomobillər var ki, Ziya Məmmədovun gətirdiyi taksidən ucuzdur. Halbuki bu avtomobillər keyfiyyətinə görə nazirin taksilərini geridə qoyur…
Informasiya şöbəsi



