Hakimiyyətin növbəti dialoq oyunu

«Dialoq komandası» bu dəfə görüşə hansı ümidlə gedir?

Azərbaycan hakimiyyətinin mahiyyəti, fərqli fikrə münasibəti, real müxalifətə qarşı apardığı siyasət, rəqiblərə qarşı mübarizə metodu göz önündədir. Məhz buna görə mövcud hakimiyyətlə hər hansı dialoqdan, ortaq məxrəcə gəlməkdən, qarşılıqlı əməkdaşlıqdan söhbət gedə bilməz.

Amma ötən ilin dekabrında özünü müxalifət adlandıran bir neçə partiya sədrləri dialoq həvəsiylə Prezident Aparatına yollandılar və PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla dialoq qurmağa çalışdılar. Daha dəqiq desək, bu dialoqda ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və Inkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri Iqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Istiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak etdi. 

Əvvəla, Azərbaycan cəmiyyətində bu adlar müxalifət kimi qəbul edilmir. Ən yaxşı halda “eks-müxalifət” kimi xatırlanır. Yəni bu adamlar mövcud hakimiyyətə qarşı loyal mövqedə duran, bəziləri isə birbaşa YAP hakimiyyətinə sözçülük edən şəxslərdi. Digər tərəfdən, məlum “dilaoq”dan sonra tədbirdə iştirak edənlərin bəziləri narazı qalmışdılar. Məsələn, Iqbal Ağazadə, Sərdar Cəlaloğlu və digərləri bu görüşü dialoq kimi yox, müzakirə kimi qiymətləndirdilər. Məlum oldu ki, “dilaoq-görüş”də siyasi məhbus məsələsi, demokratik islahatlar və s. müzakirə olunub. 

Belə “dilaoq-görüş”lərin yenidən keçirilməsi məsələsinə gəlincə, tədbirdə iştirak edən partiya sədrləri bildirmişdilər ki, nəticəyə baxaraq qərar verəcəklər. Yəni ilk görüşdə müzakirə olunan məsələlər müsbət həllini taparsa, hakimiyyət hər hansı irəliləyişlər edərsə, növbəti dialoq da olmalıydı.

Bugünlərdə isə məlum oldu ki, 2-ci dialoqa start veriləcək. ADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, Prezident Administrasiyasından dəvət gəlib və ötən dəfə iştirak etməyən siyasi partiya rəhbərlərinin iştirakı da nəzərdə tutulur. Verilən məlumata görə, növbəti dialoq fevralın 12-də saat 11:00-da BMM-də keçiriləcək.

Çox maraqlıdır, birinci “dilaoq-görüş”dən sonra hansı addımlar atıldı ki, özünü müxalifət adlandıranlar ikinci dilaoqa can atır?

Əslində məlum dilaoqdan sonra ölkədə vəziyyət daha da pisləşdi. Siyasi məhbusların siyahısı artdı, hakimiyyət demokratik islahatlardan imtina edərək Qərblə düşmənçilik müstəvisinə keçdi, müxalifətə qarşı ritorika daha da sərtləşdi, sosial vəziyyət daha da pisləşdi. Belə olan halda  “müxalifətçi”lərə stimul verən nədir? Bəlkə şəxsi maraqların təminatı baxımından hər hansı inkişaf var və biz bunu bilmirik. 

“Yeni Müsavat” qəzeti də bu mövzuya toxunub və bu “dialoq” təşəbbüsünü Ilham Əliyevin siyasi iradəsinin nəticisi kimi qiymətləndirib. Qəzetin yazdığına görə, ötən dialoq pozitiv hadisə olub və iqtidar-müxalifət arasındakı tilsimi qırıb. Eyni zamanda qəzet əsaslandırmağa çalışır ki, budəfəki dialoq parlament seçkilərinə hesablanıb və hakimiyyət  klassik müxalifəti də parlamentə buraxmaq niyyətindədir. 

Məlumata görə, budəfəki görüşə Müsavat və Xalq partiyaları da qatılacaq.

Əvvəla, qeyd etmək lazımdır ki, birinci “dialoq”u “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu “kolxoz yığıncağı” adlandırmışdı. Indi, qəzetin bu görüşə pozitiv qiymət verməsi müəmmalı görünür.

Əslində, bu analizin özündə də aydın görünür ki, hakimiyyətin hər hansı dialoq niyyəti yoxdur. Sadəcə olaraq beynəlxalq təzyiqin artması, imitasiya zərurəti yaradıb və hakimiyyət də bunu edir. Deməli, Ilham Əliyevin siyasi iradəsindən, Ilham Əliyev modelindən söhbət gedə bilməz. Ən yaxşı halda Ilham Əliyevin demokratiya imitasiyasından söhbət gedə bilər. 

Yuxarıda qeyd etdik ki, birinci dialoqdan sonra nəinki hər hansı irəliləyiş olmayıb, əksinə, daha da geriləmə müşahidə olunub. O zaman belə çıxır ki, növbəti dialoqda məqsəd parlamentdə təmsilçiliklə bağlı olacaq.

Müsavat partiyasının dialoqda iştirakına gəlincə, partiya mərkəzi icra aparatının sədri Gülağa Aslanlı hələ qərar vermədiklərini bildirib.

Təkrar qeyd edək ki, mövcud “dialoq komandası”, yəni dialoqa gedənlərin tərkibi, bu dialoqun nə qədər “mötəbər” olduğunu  əvvəlcədən xəbər verir.

Ötən dəfə dialoq təşəbbüsü “müxalifət”dən gəlmişdi. Səmərəsiz dialoq hökumətin necə xoşuna gəlibsə, bu dəfə Prezident Administrasiyası dəvət göndərib. 

Akif