Xarici işlər naziri nastradamusluq etmir, amma vəzifəsini də bilmir…
Jurnalisti «terrorçu» kimi tutduran nazir Azərbaycanda söz azadlığı olduğunu iddia edir
“Atlantic Council”da keçirilən tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov ona ünvanlanan suallara məzəli və maraqlı cavablar verib. Söz azadlığına dair suala cavabında o çəkinmədən belə də deyib: “Biz ona nail olmuşuq ki, ölkənin 50 faizindən çoxunun internetə çıxışı var. Internetin genişləndirilməsi Azərbaycanın söz azadlığına necə ciddi yanaşdığını göstərir. ”Facebook”, “Twitter” və digər şəbəkələrə giriş sərbəstdir. Hamı özünü sərbəst şəkildə ifadə edir. Ona görə də söz azadlığının məhdudlaşdırılması haqda söhbətlər artıq köhnəlib”.
Əlbəttə, Elmar Məmmədyarovun Azərbaycan türkcəsində danışmaq və oxumaq problemi olduğunu bilirik. Ona görə də məsləhətdir ki, belə çıxışlardan əvvəl ingilisdilli hesabatlara bir də göz gəzdirsin. Onda görəcək ki, Ilham Əliyev interneti sərbəst buraxıb, internet istifadəçilərini həbs etdirir. Əlbəttə, söz azadlığının olmaması barədə söhbətlər köhnədir, çünki problem Əliyevlər hakimiyyətə gələndən bəri davam etməkdədir. Digər tərəfdən isə, bu söhbətlər hələ də aktualdır. Çünki Cabbar Savalanlı və Bəxtiyar Hacıyev “Facebook” dustaqlarıdır. Bu barədə də ingilis dilində xeyli materiallar var. Amma görünür, Elmar Məmmədyarov ərəb dilini öyrənməyə girişib, ona görə də ingilis dili vərdişləri zəifləyib.
Üstəlik, deyəsən, zəifləyən Elmar müəllimin təkcə ingilis dili vərdişləri deyil, həm də yaddaşıdır. Yoxsa, o, yaxşı xatırlayardı ki, beynəlxalq aləmin davamlı və uzunmüddətli təzyiqlərinin nəticəsi olaraq, bugünlərdə azadlığa çıxan Eynulla Fətullayev məhz onun “donosuna” görə “terrorçu” kimi 8 il 6 ay həbs cəzası almışdı.
Amma biz buna görə Elmar Məmmədyarovu xüsusi tənqid etmək fikrində deyilik. Nəzərə alırıq ki, Azərbaycanda tənqidin sərbəst olduğunu deyən nazir tənqiddən bezib: “Belə çıxır ki, mən nə edirəmsə, səhvdir. Bir analiz aparın və görün müxalifət qəzetlərində məni bir ictimai fiqur kimi hər şeyə görə necə tənqid edirlər… Bilik səviyyəmdən tutmuş, qalstukumun rənginə qədər məni tənqid edirlər”.
Bilik məsələsilə bağlı demək olar ki, biz nazirin narahatlığını bölüşürük. Amma o da bizi başa düşməlidir ki, Azərbaycanda nazir işləyən şəxs bu ölkənin dilini bilməlidir. Heç olmazsa, minimum standartlara uyğun olaraq, xəbəri cümlənin sonunda desə, pis olmaz. Qalstukun rənginə gəlincə, biz onu Elmar Məmmədyarovun tənqidolunmaz zövq məsələsi sayırıq.
Bundan başqa, Elmar Məmmədyarov, “Azərbaycan və Ermənistan dövlət başçılarının Kazan görüşündən nə gözləyirsiz?” sualına “mən Nastradamus deyiləm” cavabını verib.
Indi biz kimi tənqid edək? Elmar Məmmədyarovu tənqid etmək qadağan olduğundan Ilham Əliyevə ünvanlanaq. Əgər bir ölkənin xarici işlər naziri qarşıdan gələn görüşdə dövlət başçısının hansı sənədə qol çəkə biləcəyini və ya bilməyəcəyini bilmirsə, bunun iki səbəbi ola bilər. Birincisi odur ki, həmin ölkənin xarici işlər naziri nəinki Nastradamus deyil, heç siyasətdən və öz vəzifəsindən də xəbəri yoxdur. Bunun məsuliyyətini də təbii ki, onu ora təyin edən və vəzifədə saxlayan dövlət başçısı daşıyır. Ikinci səbəb də o ola bilər ki, nazir dövlət başçısı haqqında düşünür ki, onun nə edəcəyini bilmək olmaz. Ona görə də falçılıq eləmək istəmir.
Hər bir halda, bu, böyük bir siyasi rüsvayçılıqdır ki, xalq öz taleyüklü probleminin həlli yolu barədə bilgili deyil. Hökumət isə bu məsələ ilə plansız və mövqesiz məşğuldur. Yəni, “bazarın qızğınlığı necə olar, alver də ona uyğun gedər”. Mövzu isə millətin və dövlətin şərəf atributudur – torpaq!..
Seymur Həzi