Milli Məclis qurum barədə sərt ittihamlarla dolu yazı yayımladı
Milli Məclisin saytında AV Analitik-Informasiya Mərkəzi adından Avropa Parlamenti ilə bağlı məqalə dərc edilib. Məqalədə Avropa Parlamentinin ünvanına ağır ittihamlar səsləndirilib.
Yazıda “özünü Avropa Parlamenti adlandıran qurum” kimi təqdim olunan Avropa Parlamentinin ciddi qurum olması şübhə altına alınıb. Həmçinin vurğulanıb ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli rol oynayır. Yazıdan bəzi məqamları oxucuların diqqətinə çatdırırıq: “Həm də Avropa Parlamentinin, digər qurumların ABŞ-dan və bəzi Avropa paytaxtlarından gələn sifarişlərə uyğun olaraq müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı ardıcıl şəkildə qərəzli və qeyri-obyektiv münasibəti də öz rolunu oynayır…
…Həqiqətən də, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə, həmçinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salmışdır…
…Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilmiş və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf etmişdir. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır…
…Martin Şults Avropa Parlamentində kifayət qədər ziddiyyətli, xasiyyətcə müvazinətsiz, çılğın şəxs kimi tanınır. Hesab olunur ki, gənclik illərində keçirdiyi sarsıntılar onun həyatında və psixoloji durumunda dərin izlər buraxmışdır. Gənclikdə cənab Şults tam fərqli karyera qurmaq və futbolçu olmaq istəmiş, lakin ayağından aldığı zədə onun vurulan qollar və ulduz karyerası ilə bağlı ümidlərini puça çıxarmışdır. Bundan sonra gənc Martin dərdini alkoqolla unutmağa çalışmış və içkiyə aludəçilik onda adət halını almışdır…
…1994-cü ildə Avropa Parlamentində fəaliyyətə başlayan Martin Şultsun siyasi karyerasının təhlili onu deməyə əsas verir ki, o, əsil şoumenlər kimi daim diqqət mərkəzində olmağı sevir və lazım gəldiyi hallarda qalmaqallardan belə çəkinmir. 2003-cü ildə Martin Şultsun Italiyanın Baş naziri Silvio Berluskoninin anti-sosial siyasətini kəskin tənqid etməsi onların arasında ciddi toqquşmaya səbəb olmuşdu. Həmin vaxt Berluskoni Şultsa “La Reppublica” nəşri vasitəsilə cavab vermiş və onu nasistlərlə eyniləşdirmişdi. 2010-cu ildə isə Şultsun Böyük Britaniyanı tənqidi və bu ölkəni Avropa Ittifaqının dağılmasında maraqlı olmaqda ittiham etməsi ingilis parlamentarilərinin kəskin etirazını doğurmuşdu. Bununla bağlı britaniyalı deputat Qodfri Blum nasistlərin “Ein Volk, ein Reich, ein Führe” (Bir xalq, bir imperiya, bir lider) şüarını çığırmaqla Şultsu təhqir etmişdi…
…Azərbaycan çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə, qarşılıqlı etimada, bir birinin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verir. ABŞ və Avropanın bəzi siyasi dairələri tərəfindən idarə olunan kiçik bir qrup – “beşinci kolon” istisna olmaqla, heç kim 70 il Sovet imperiyanın tərkibində olmuş Azərbaycanın yenidən keçmişə yuvarlanmasını, öz azadlığını və müstəqilliyini itirməsini istəmir. Əgər həqiqətən də Avropa Ittifaqı ilə Assosiasiya Sazişi və ya bu ittifaqa üzvlük demokratik dəyərlərin qorunması, insan haqlarına hörmət və həyat tərzinin yaxşılaşması deməkdirsə, onda bəzi Avropa ölkələrinin, daha dəqiqi Yunanıstanın qurumdan çıxmaq cəhdinə, Ukraynanın acınacaqlı durumuna, Ermənistanın Avrasiya Ittifaqına üzv olmasına izah tapmaq çətindir".
Azərbaycan hakimiyyətinin Avropa Parlamentini hədəfə alması artıq Avropanın Əliyev iqtidarına etimad göstərmədiyini ortaya qoyur. Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev Münhendə Şahdəniz layihəsilə bağlı bəyan etmişdi ki, Avropa Azərbaycana inanmalı, etimad göstərməlidir. Ehtimal etmək olar ki, Avropa strukturları artıq Azərbaycan hakimiyyətinin yalnız enerji sahəsində əməkdaşlığını qəbul etmir. Avropa demokratik dəyərləri önə çəkir. Bu isə təbii olaraq Əliyev iqtidarının maraqlarına ziddidir.
Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti Azərbaycandakı siyasi vəziyyətlə bağlı arayış hazırlamışdı. Həmin sənəddə Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlarına səsləndirilmişdi. Avropaya inteqrasiyada hakimiyyətin deyil, daha çox müxalifətin maraqlı olduğu vurğulanmışdı. Elə bu sənəd göstərirdi ki, Avropa artıq Azərbaycan hakimiyyətindən əlini üzüb. Iqtidar isə vəziyyətdən çıxış yolunu ənənəvi üsulda, təhqir, böhtan və şantajda görür.