“Putin sülh istəmir”

Merkel Ukrayna böhranını Kanadanın baş naziri ilə də müzakirə etdi
 
ABŞ-a səfərini başa vuran Almaniya kansleri Angela Merkel, daha sonra Kanadaya yola düşüb. Kanslerin bu ölkədə ilk görüşü baş nazir Stefen Harperlə olub. 55 dəqiqə davam edən qapalı görüşdən sonra liderlər müzakirə etdikləri məsələlərlə bağlı mətbuata açıqlama veriblər. Angela Merkel, Almaniyada keçirilməsi nəzərdə tutulan G7 zirvəsi başda olmaqla, Avropanın iqtisadi və siyasi gündəmini müzakirə etdiklərini bildirib.Kanadanın baş nazir Stephen Harper  isə  görüş zamanı Kanadada artan terror hücumlarını və Yaxın Şərqdəki problemləri də müzakirə etdiklərini bildirib. Lakin hər iki lider görüş zamanı əsasən Ukrayna böhranını müzakirə etdiklərini vurğulayıblar. Bu ölkə ətrafında baş verənlərə toxunan Kanadanın baş naziri Harper, böhranın diplomatik yolla həllinin tərəfdarı olduqlarını, lakin Putinin belə bir iradəsi olmadığını bildirib: "Hər kəs böhranın siyasi yolla həll edilməsini istəyir. Biz də müttəfiqlərimizlə bu istiqamətdə bütün variantları dəyərləndiririk. Ancaq Putin, problemin diplomatik yolla həll olmasını istəmədiyi üçün bu nöqtəyə gəlmişik”.
Kansler Merkel isə Ukraynada 1,5 milyon insanın yerindən-yurdundan olduğunu, minlərlə insanın həyatını itirdiyini bildirməklə yanaşı, Rusiyanın qanunsuz hərəkətlərinə yol verməycəklərini də bildirib: "Ukraynada heç bir qeyri-qanuni hərəkəti qəbul etməmiz mümkün deyil",- deyə Merkel bildirib.
 
azadliq.info