Hakimiyyət müstəqil xarici siyasətdən imtina edir?

Başqa vaxt müstəqil siyasətdən danışanlar, siyasətlərini Iranın «yol xəritəsi» çərçivəsində qurmaq eşqinə düşüblər

Azərbycan hakimiyyəti uzun illərdi “müstəqil siyasət”, “bizim öz yolumuz var” kimi ifadələrdən ağızdolusu istifadə edir və bu ifadələri şüara çevirib. Amma müşahidələr onu deməyə əsas verir ki, hakimiyyət heç vaxt müstəqil siyasət yürüdə bilməyib. Əksinə, şəxsi maraqlar naminə dövlətin maraqları arxa plana keçib və şəxsi maraqlar müstəqil siyasət aparılmasına əngəl olub. 
Bugün də Azərbaycanın xarici siyasətinə baxanda bu qeyri-müstəqillik özünü göstərir. Demokratiya və insan haqları məsələsində irəliyə addım atmamaq üçün əbədi hakimiyyət naminə Qərblə münasibətlər korlanıb. Buna görə də Rusiya faktoru öz cazibəsini artırıb və hakimiyyət dövlətin maraqlarını Rusiyanın maraqlarına uyğunlaşdırmağa çalışır.
Bütün bunları xatırlatmağımıza səbəb hökumətyönlü politoloq Mübariz Əhmədoğlunun Iran-Azərbaycan münasibətlərini şərh etməsi oldu: “Iran-Azərbaycan münasibətləri kövrək dövrünü yaşayır. Iran-Azərbaycan münasibətlərini inkişaf etdirmək çətin, pozmaq və ya dağıtmaq isə çox asandır. Iranın özünü güclü, etibarlı və inamlı tərəfdaş kimi aparmasının ən yaxşı variantı Azərbaycanla münasibətdə ”yol xəritəsi" hazırlayıb Azərbaycana təqdim etməsidir. Iranın Azərbaycanla münasibətlər üçün hazırladığı “yol xəritəsi” ən azı iri layihələrin reallaşmasının başlanğıc dövrünü əhatə etməlidir. Azərbaycan Iranın hazırladığı “yol xəritəsi”ni qəbul etdikdən sonra özbaşına hərəkət edəcəksə, yalnız o zaman Iran Azərbaycandan inciyə, başqa fikirlərə düşə bilər"- deyə politoloq bildirib.
Məhşur “Vikiliks” saytının açıqlamalarında Azərbaycanın baş naziri Artur Rasizadə ilə ABŞ səfirinin görüşü haqqında məlumat verilmişdi. Həmin görüşdə Artur Rasizadə açıq etiraf edir ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, təhlükəsizliyin təmin edilməsində ABŞ-ın müstəsna xidmətləri var. Indi Azərbaycanın müstəqilliyinin qorunmasında müstəsna rol oynayan ABŞ-la münasibətlər korlandığı üçün, Iranla münasibətlərin isitiləşməsi zərurəti yaranıb.
Amma Mübariz Əhmədoğlunun səsləndirdiyi fikirlər “müstəqil siyasət” şüarını ifşa edir. Çünki, bu fikirlərdə açıq şəkildə Irana təklif verilir. Təklif verilir ki, bizim üçün bir çərçivə hazırlayın və biz də bu çərçivədən kənara çıxmayaq. 
Göründüyü kimi, hökumətyönlü komanda dövlət maraqlarını Iranın ssenarisi əsasında qurmağa da hazırdır. Görəsən, Iran bu “xəritə”də Israil-Azərbaycan münasibətlərin “xətt”ləsə, necə olacaq? O zaman Azərbaycan hakimiyyəti “filan məqamlar istisna olunmaqla” deyərək, əlavə şərtmi qoyacaq?
Azərbaycan hakimiyyəti dərk etmir ki, dövlətin daxili və xarici siyasəti şüarlarla deyil, dövlətin əzəli, əbədi prinsipləri ilə müəyyən edilir. Rusiya-Qərb, “Israil-Iran” dilemmasının yaranması, xarici siyasətin uğursuzluğunu və müstəqil siyasət yürüdülməməsinin sübutudur.
Görünür, dövlətin maraqlarına xidmət edən “xəritə”yə üz çevirəndə, Irana “yol xəritəsi” təklifi etmək zərurəti yaranır. Indi, Iranı incitməmək öhdəliyi götürməyə  hazırlaşırlar. Dövləti və milləti incitmək də olar.
Akif