Mərkəzi Bankın valyuta rezervi bitsə…

Gündəlik 38.5 milyon dollarlıq itki Azərbaycan valyutasına nə vəd edir?

Nemət Əliyev: «Yaranmış situasiyada Azərbaycanın milli valyutası təhdid altındadır»
Manatın məzənnəsinin qorunması xərcləri hər ötən gün daha da artır. Hər gün Mərkəzi Banka orta hesabla 38.5 milyon dollara başa gəlir. Nəticədə Mərkəzi Bankın ehtiyatları son iki ayda 2.3 milyard dollar azalaraq 12.7 milyard dollar olub. Ekspert hesab edir ki, hazırkı templə manatın məzənnəsini sadəcə 11 ay qorumaq mümkündür. Sonra isə valyuta ehtiyatı olmayan Mərkəzi Bankın əsas tənzimləyici aləti əlindən çıxır və manetar immunitet sıfıra bərabər olur. 
Bu hadisələrin fonunda diqqət çəkən daha bir məqam xarici əmanətçilərin Azərbaycan banklarından əmanətlərini geri götürməsidir. Belə ki, yanvarın 1-i üçün banklarda əhalinin əmanətləri 7 mlrd 188,4 mln manat təşkil edib. Bu 2014-cü ilin əvvəlinə olan göstəricidən 12,4% çoxdur. Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, əhalinin milli valyutada əmanətlərinin həcmi 4 mlrd 422,4 mln manat və ya bütün əmanətlərin 61,5%-i qədərdir (+13,7%).
Qalanı xarici valyutada əmanətlərdir (+10,3%).
AMB-nin məlumatına görə, 2015-ci il yanvar ayının 1-ə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd 472,5 mln manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 715,9 mln. manat təşkil edib. Yerli əhali əmanətləri 15,2% artırıb. Qeyri-rezidentlərin əmanətləri isə 7,7% azalıb.
2015-ci il yanvarın 1-i üçün Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd 453,4 mln manat təşkil edir. Bu, ilin əvvəlinə olan göstəricidən 23,9% çoxdur.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, neftin qiymətində cüzi artım Azərbaycan hakimiyyət təmsilçilərinin ovqatını dərhal yaxşılaşdırıb. Bazarda neftin qiymətinin artmasının Azərbaycanı çapıb-talayan oliqarxların gəlirlərinə təsir edəcəyini deyən N.Əliyev vurğuladı ki, amma neftin qiyməti aşağı düşən zaman bəlli olur ki, ölkənin yaranmış itkiləri qarşılamaq potensialı yoxdur. Çünki ölkənin qeyri-neft sektoru lazımi səviyyədə inkişaf etməyib: “Yaranmış situasiyada Azərbaycanın milli valyutası təhdid altındadır. Valyuta hər an aşağı düşə bilər. Dövlət başçısının çıxışında da bu fikir ifadə olunub. Hakimiyyət açıq bəyan edib ki, manat ən azı avro ilə bərabərləşməlidir”.
Xarici ölkə vətəndaşlarının, şirkətlərin Azərbaycana kapital qoyuluşlarını geri çəkməyə başlamasının artıq bir müddətdir müşahidə olunduğunu deyən N.Əliyev bildirdi ki, hətta bəzi ölkələr vəsaitlərinin 50 faizdən çoxunu geri çəkiblər: “Xarici ölkə vətəndaşları Mərkəzi Bankın qısa müddət ərzində 2.5 milyard dollar vəsait çıxararaq manatın məzənnəsini qorumağı çalışdığını müşahidə edərək belə qərarlar qəbul edirlər. Eyni zamanda Azərbaycanın reytinqinin aşağı düşməsiylə bağlı açıqlanan hesablar ölkədən xarici valyutanı uzaqlaşdırır. Amma hökumət enerji daşıyıcılarının qiymətinin aşağı salınması istiqamətində real addımlar atmalı, qeyri-neft sektorunu inkişaf etdirməlidir. Hazırda iqtisadiyyatda baş verənlər hökumət üçün ciddi bir siqnal olmalıdır. Xarici vətəndaşların vəsaitlərini geri çəkməsi təsadüfi deyil. 2015-ci ildə bu proses daha da sürətlənə bilər”.
Xəyal