Kərəm Həsənovun “bazar əməliyyatı”

«Vosmoy bazarı»nın yeni sahibi ilə bağlı ilginc məlumatlar

 
“8-ci km Ticarət Mərkəzi” ASC-nin özəlləşdirilməsi ilə bağlı  maraqlı məlumatlar yayılıb. Veteninfo.az-ın yaydığı məlumatlarda iddia edilir ki, adıçəkilən bazar bir neçə müddətdir, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bilavasitə göstərişi ilə müxtəlif bəhanələrlə Mirəli Bağırovun əlindən alinaraq komitə sədrinin yaxın adamı Rasim adlı polis polkovnikinin adına keçirib. Bundan sonra bazarın əsil sahibi ilə Rasim Qurbanov arasında məhkəmə çəkişməsi başlayır.
Iddiaya görə, Rasim Qurbanov polis palkovnikidir. O, uzun illər polis orqanlarında çalışıb. Rasim Qurbanov bu məsələ ilə bağlı proseslərdə hallanmasın deyə, bazarı hərraca çıxatdırır. Hərracda isə  Rasim Qurbanovun oğlu Bəhram Qurbanov qalib elan edilir. Beləliklə, Rasim Qurbanov dostu Kərəm Həsənovun sayəsində böyük bir bazara sahib olma imkanı əldə etmiş olur. Bəhram Qurbanovu qalib elan edən Kərəm Həsənov isə dostu Rasim Qurbanovun adının hallanmasının qarşısını məhz bu yolla alır.
Qeyd edək ki, bir neçə gün əvvəl contact.az saytı məlumat yaymışdı ki, Əmlak Məsələləri Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib. Məlumatda deyilirdi ki, Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Lakin qalibin və digər iştirakçıların adı açıqlanmayıb.
Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr Əmlak Məsələləri Dövlət Komitəsinin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb. Bu xəbərdən sonra “Trend” məlumat yaydı ki, müsabiqədə qalib gələn şəxs Bəhram Qurbanovdur.