Şəmkirin keçmiş icra başçısı, həmçinin Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslanın qətlinə görə həbs olunan Lamiyə Quliyeva və Vüqar Əliyev ətrafında olaylar daha da dərinləşməkdədir. Ölkə mətbuatının gündəmində olan bu məsələ ilə bağlı hər gün yeni açıqlamalar verilir. Dünən isə A.Aslanovun həbs olunduğu ilə bağlı xəbər yayılmışdı. Amma bu məlumat yayıldıqdan dərhal sonra A.Aslanov “qafqazinfo”ya açıqlamasında onun həbsi ilə bağlı vəkilin dediklərini dezinformasiya adlandırıb və vəkili hədələyib: “Yayılan xəbərlər cəfəngiyatdır. Hazırda öz evimdəyəm. Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”.
Lamiyə Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov qəzetimizə açıqlamasında Aslan Aslanova cavab verib. Vəkil keçmiş nazir müavinini anladığını bildirdi və onu səbrli olmağa çağırıb: “Fevralın 8-də etibarlı mənbələrdən belə bir məlumat daxil oldu ki, Aslan Aslanov həbs edilib. Mən bu məlumatı “söz azadlığı”ı hüquqmdan istifadə edərək, heç kimi təhqir etmədən öz «facebook» profilimdə paylaşdım. Hər hansı bir xəbər saytına bu məlumatın rəsmi təsdiqinin tapması və yayılması barədə nə məlumat, nə də ki, tövsiyə verməmişəm. Daha sonra paylaşdığım yazının şərh hissəsində jurnalist Sevil Allahverdiyeva mənə bu xəbərin təsdiqlənib-təsdiqlənmədiyi ilə bağlı sual ünvanladı. Mən yazını fevralın 8-i 19.25-də paylaşmışdım Suala cavab olaraq saat 19:41-də bildirdim ki, “Sevil xanım, dəqiqləşdirmə aparılır…”. Apardığım dəqiqləşdirmələrdən sonra, saat 20.01-də, “şərhlər” hissəsində öz yekun qeydimi apardım: “Rəsmi orqanlardan elə indicə aldığımız məlumata əsasən Aslan Aslanovun həbs olunması barədə informasiya təsdiqlənmir, lakin onun həbsi ilə bağlı hazırlıq işləri yekunlaşmaqdadır…”. Bu məlumatlar mənim facebook səhifəmdə öz əksini tapıb”.
Vəkil vurğuladı ki, həmin statusu paylaşdıqdan 1 neçə saat sonra A.Aslanov həbs olunmadığını bildirib. A.Məmmədovun sözlərinə görə, o, A.Aslanovun mətbuata açıqlamasından sonra paylaşdığı məlumatla bağlı təkzib verib: «Aslanova səbrli olmağı məsləhət görürəm. Vüqar Əliyev, Lamiyə Quliyeva 12 ildən artıqdır ki, səbr nümayiş etdiriblər. Onları yalnış olaraq mühakimə ediblər. Onların azadlığı, ailə qurmaq, sərbəst hərəkət etmək, təhsil almaq və digər çoxsaylı hüquqları pozulub. Bəli, ola bilər ki, mənə yanlış məlumat daxil olub. Amma Aslan Aslanovun bir neçə saat sonra məni təhdid etməsinə nə ehtiyac var idi? Gəlin, Aslan Aslanovun müsahibəsində verdiyi ifadələrinə nəzər yetirək: “Hazırda öz evimdəyəm” – çox maraqlı ifadədir. Əgər Aslan Aslanov özünü təqsirsiz hesab edirsə, nəyə görə deyir ki, “hazırda öz evimdəyəm”? Demək ki, Aslan Aslanov hər an həbs oluna biləcəyi təhlükəsi ilə üz-üzə dayandığını çox gözəl başa düşür və hazırki məqam üçün hələ öz evində olduğunu bildirir. Təqsiri olmayan şəxs ən azından belə bir ifadə işlədərdi: “Mən nəyə görə həbs olunmalıyam? Mən təqsirsizəm!”. Məncə hər şey aydındır. “Bu xəbərləri yayan vəkil özü də elə yaxın zamanlarda müdafiə etdiyi şəxsin yanına gedəcək”. Mənim hüquqlarını müdafiə etdiyim şəxs olan Vüqarın yanına getməyim üçün ömürlük azadlıqdan məhrum olunmağım şərtdir. Çox maraqlıdır, bu dəfə Aslan Aslanov kimlərin dəstəyindən istifadə edərək mənə ömürlük cəza verdirmək niyyətindədir? O şəxsləri tanımağım mənə də maraqlı olardı. Və hətta irəli sürüləcək “ittiham”lar da mənə çox maraqlı gəlir. Bu məsələdə Aslan Aslanovun məkrli, hikkəli və əsl niyyətlərini ortaya qoyacaq daha yeni faktlar əldə etdim. Aslan Aslanov özü də bilmədən öz ifadəsilə insanları özünün “şəxsi qanunları” ilə cəzalandırmaq niyyətini ortaya qoymuş oldu. Bu şəxsin niyyəti yalnız və yalnız insanlara təxribat törətməkdən, insanları həbs etdirərək, cəza evində işgəncələrə məruz qoyaraq, şər-böhtan atdırıb cəza müddətlərini artıraraq məhv etdirməkdən ibarətdir. Yaxın günlərdə Aslan Aslanovun tükürpədici digər əməllərini ictimaiyyətə bəyan edəcəyəm. Bütün cəmiyyət Aslan Aslanovun həqiqətdə kim olduğunu, şübhəsiz ki, görəcək”.
Ona olan hədə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək barədə düşündüyünü deyən A.Məmmədov onu da qeyd etdi ki, bu A.Aslanovun bundan sonrakı davranışlarından da asılı olacaq.
Hikmət