Hakimiyyət “Azadlıq”dan əl çəkmək niyyətində deyil

Azad mətbuata qarşı mübarizədə Əfruz və komandasının ümidinə qalıblar…

Azərbaycanda ötən il dekabrın 23-də keçirilən son bələdiyyə seçkiləri barədə bir çoxları Əfruz Hacıyevanın məşhur videosu sayəsində xəbər tutdu. O Əfruz Hacıyeva ki, Yasamal rayon 12 saylı seçki məntəqəsinin sədridir. Eyni zamanda, həmin seçki məntəqəsinin yerləşdiyi 13 saylı orta məktəbdə idman müəllimidir.

Sözügedən videoda Əfruz Hacıyeva sədrlik etdiyi seçki məntəqəsində saxtakarlıq faktını – bir nəfərin 10-15 bülleteni seçki qutusuna atmasını lentə alan “Meydan TV”nin müxbiri Cavid Abdullayevi təhqir edir, ona fiziki təzyiq göstərir, jurnalistin vəsiqəsi əlindən alınır. Əfruz müəllimə bununla da kifayətlənməyərək, Cavidə qarşı mübarizədə köməyə komissiyadan Elşən adlı birisini də çağırır…

Həmin vaxt bu video müxtəlif media orqanlarında, sosial şəbəkələrdə gündəmin əsas mövzusuna çevrildi. “Youtube”da bu videoya baxanların sayı kifayət qədər çox oldu. Çünki 12 saylı məntəqədə baş vermiş bu hadisə həm də bütövlükdə bələdiyyə seçkilərinə işıq salır, həmçinin bir komissiya sədrinin, orta məktəb müəllimin işlətdiyi vulqar ifadələr onun mahiyyətini ortaya qoyurdu.

Görünür, məhz bu ictimai təpkilərin nəticəsi olaraq, Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə çoxsaylı qanun pozuntuları səbəbilə seçkinin nəticələrini ləğv etdi.

Məşhur videonun yayılmasından ay yarım sonra – fevralın 6-da məlum olur ki, Əfruz Hacıyeva “Azadlıq” qəzetini və “Meydan TV”ni məhkəməyə verib. Baxmayaraq ki, 12 saylı seçki məntəqəsindəki saxtakarlıq faktı, bunu sübut edən video onlarla media orqanında yayımlanmışdı, yalnız “Azadlıq” və “Meydan”ın məhkəməyə verilməsi artıq bu iddianın arxasında duran əsl səbəbləri ortaya qoyur. Iddia o media orqanlarına qarşı qaldırılıb ki, onlar hakimiyyəti, o cümlədən dövlət başçısı Ilham Əliyevin siyasətini tənqid edirlər.

Məhkəmə iddiası 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri redaksiyaları onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edir, buna görə 5 min manat mənəvi təzminat və təkzib tələb edirlər. Iddia edirlər ki, “Azadlıq” qəzetində və “Meydan TV”də 12 saylı məntəqədə saxtakarlığın baş verdiyinə dair getmiş materiallar onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzlarına xələl gətirib.

Əgər 12 saylı məntəqədə saxtakarlıq olmayıbsa, Mərkəzi Seçki Komissiyası niyə o məntəqədəki nəticələri ləğv edib? Təkcə MSK-nın bu qərarı həmin məntəqədə saxtakarlıq baş verdiyinin dövlət səviyyəsində təsdiqlənməsidir.

Yaxud jurnalist Cavid Abdullayevin lentə aldığı görüntülərdə seçki qutusuna bir nəfərin ən azı 10-15 bülleten atması saxtakarlıq deyil də, bəs nədir?

Heç şübhəsiz ki, Əfruz Hacıyeva və komissiya üzvləri məlum videonun səs-küyü bir qədər səngidiyi vaxtda məşhur hərəkətlərinin yenidən gündəmə gəlməsində maraqlı ola bilməzdi. Digər tərəfdən, maraqlıdır ki, bu məhkəmə iddiası “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncamı fevralın 3-də Ilham Əliyevin imzalamasından cəmi 3 gün sonra ortaya çıxdı. Həmin sərəncama əsasən, əgər mətbu orqan il ərzində 2 dəfə məhkəməyə verilsə, onun fəaliyyəti dayandırıla bilər.

Hələ ötən ilin dekabrında parlamentdə qanuna bu dəyişiklik parlamentdə müzakirəyə çıxarılanda məlum idi ki, məhz “Azadlıq” qəzetinə görə belə bir addım atılır. Çünki bu gün Azərbaycanda hakimiyyət üçün “Azadlıq”dan savayı arzuolunmaz qəzet yoxdur. Hakimiyyətin, o cümlədən Ilham Əliyevin siyasətini tənqid edən qəzetlərin hamısı ya satın alınıb, ya da susdurulub. “Azadlıq”ın qarşısını almaq üçün də bu yol seçildi. Aydın məsələdir ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur və siyasi motivli bütün işlərdə qərarları hakimlər yox “yuxarıdan” gələn telefon zəngləri verir. Hakim mantiyası geyinənlər isə onları sadəcə elan edir. Qanuna məlum dəyişiklik hakimiyyətə imkan yaradır ki, iki sifarişli məhkəmə iddiası ilə “arzuolunmaz” mətbu orqanların, konkret, bu halda, “Azadlıq”ın fəaliyyətinə xitam verilsin.

Göründüyü kimi, hakimiyyət artıq planın icrasına başlayıb. Ilk addım Əfruz və komandasıyla atılıb. Əlbəttə ki, normal hüquqi dövlətdə, qanunun ayaqlar altına atılmadığı məhkəmələrdə belə bir iddianı ümumiyyətlə, qəbul eləməzdilər. Azərbaycan məhkəmələrindəki vəziyyət isə hər kəsə məlum olduğundan Əfruz və komandasının iddiasının qəbul olunmasında təəccüblü heç nə yoxdur.

Maraqlı olan budur ki, hakimiyyət azad mətbuata qarşı mübarizədə Əfruz və komandasının ümidinə qalıb…

Siyasət şöbəsi