Əli Kərimlidən maliyyə hesabatı tələb edən YAP-çı deputat Ilham Əliyevin öhdəliyini niyə unudur?
Bugünə qədər hakimiyyətin qeyri-şəffaf fəaliyyətini, talançılığını, yalançılığını ifşa edən minlərlə fakt ortaya qoyulub. Amma bugünə qədər məmurların milyonluq villalarının, iri holdinqlərinin, bahalı avtomobillərinin hansı pulla alındığı məlum deyil. Ölkədə hansı şadlıq sarayının, hansı tikinti şirkətinin, hansı supermarketin, hansı məmura məxsus olduğunu hamı bilir. Hamı onu da bilir ki, bu ölkə məmurlar arasında bölünüb.
Bu qədər aşkar qeyri-şəffaflıqdan sonra yapçı deputat Siyavuş Novruzov YAP-ın şəffaflığından, AXCP-nin qeyri-şəffaf fəaliyətindən danışmağa cəhd edib: “Siyasi partiyalar haqqında” Qanuna olan əlavə və dəyişikliklərə uyğun olaraq, hər bir siyasi partiya ildə bir dəfədən az olmayaraq, həmçinin rüblük hesabat verməlidir. Burada ictimaiyyətin məlumatlandırılmasından söhbət gedir. Bu günə qədər Yeni Azərbaycan Partiyasından başqa heç bir siyasi partiya cəmiyyət qarşısında hesabat verməyib. AXCP-nin bugünə qədər maliyyə hesabatı verməməsi Əli Kərimlinin siyasi fəaliyyətinin mahiyyətini ortaya qoyur. Bu da ondan ibarətdir ki, AXCP qeyri-şəffaf fəaliyyətlə məşğuldur. AXCP-nin maliyyə mənbələrini gizlətməsi isə demokratiya və şəffaflıq anlayışı ilə daban-dabana ziddir. Utanmasan oynamağa nə var ki”- deyə Siyavuş Novruzov bildirib.
Daha dəqiq desək, Siyavuş Novruzov YAP-a “qaş” düzəltdiyi yerdə, “göz”ünü də çıxardıb. Amma bu “göz-qaş” əməliyyatına şərh verməzdən əvvəl, YAP-ın hesabatına göz gəzdirək.
Deməli, ötən il YAP-ın maliyyə vəsaitinin 3.474.940.04 manatı partiyanın Icra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 656.469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130.043.12 manatı ezamiyyə xərclərinə, 317.785.98 manatı inventarların alınmasına, 91.908.11 manatı təmir işlərinə, 47.797.35 manatı çap işlərinə, 368.599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43.322.28 manatı dəftərxana xərclərinə, 10.000 manatı depozit faizindən mənfəət vergisinə, 173.326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41.801.17 manatı bank xidmətinə, 122.773.99 manatı isə sair xərclərə sərf edilib.
Cənab Novruzov, ataların bir sözü da var: “Varlığa nə darlıq”.
Bu hüquqşünas deputatımızın diqqətinə çatdırmaq istəyirik ki, AXCP-nin qərargahı yoxdur. Sonucu dəfə icarəyə götürdüyü qərargah isə partladıldı. Yəni qərargah olmadığından bunun hesabatını vermək də mümkün deyil. Ona görə də invertarların alınmasından, təmir xərclərindən də söhbət gedə bilməz. Əmək haqlarına gəlincə, YAP-dan fərqli olaraq AXCP-də heç kimə maaş verilmir. Çünki, partiyanın heç bir maliyyə qaynağı yoxdur. AXCP-nin iclasları partiya üzvlərinin evində keçirilir ki, buna görə kommunal xərcləri də ev sahibləri ödəyir. Ezamiyyətlərə gəlincə, YAP hökumətinin sayəsində ezamiyyətlərdən də məhrum olmuşuq. Çünki, bütün rayon tədbirlərimiz dağıdılır, konfranslar üçün partiyaya yer verilmir. Rayonlara tək-tük səfərlərə isə avtobusla gedilir. AXCP-nin gənclər, qadınlar strukturunun tədbirlərinə gəlincə, AXCP belə bahalı tədbirlər keçirə bilmir. Hətta partiyanın yubiley tədbirin keçirmək böyük çətinlik yaradır.
Yəni AXCP-nin YAP-dan fərqli olaraq hesabat vermək üçün maliyyəsi yoxdur. Sadəcə olaraq partiya üzvlərinin fədakarlığı sayəsində YAP hakimiyyətinin şərləyib həbs etdirdiyi adamlara köməklik olunur ki, bunun da partiya hesabatına aidiyyəti yoxdur. Bir sözlə, AXCP olmayan şeyin hesabatını verməkdə acizdir.
Amma bu məsələni gündəmə gətirdiyinə görə Siyavuş Novruzova təşəkkür edirik. Yadımıza düşmüşkən biz də bir-iki sual edək.
Ey şəffaflıq aşiqi Siyavuş müəllim, “Vəzifəli şəxslərin gəlir deklorasiyası təqdim etməsi haqqında” 2005-ci ildə qanun qəbul edilib. Niyə bu qanun tətbiq olunmur? Niyə məmurlar gəlirləri haqqında ictimaiyyətə məlumat vermir. 3-cü prezidentlik dövrünə qədəm basmış Ilham Əliyev niyə gəlirlərini açıqlamır?
Cənab Novruzov, nazirin milyonluq villanı necə alması, holdinqlərə necə sahiblənməsi, dünyanın müxtəlif yerlərində biznes şəbəkəsi qurması daha maraqlıdır və bunu rəsmi şəkildə əsaslandırmalıdır.
YAP-çı deputat ətrafındakıların milyardlarını unudub, Əli Kərimlinin manatlarını saymağa girişib. Ancaq qanuna daban-dabana zidd olan Ilham Əliyevin gəlirləri haqqında məlumat verməməsidir.
Canab Novruzov, doğurdan da utanmayanda oynamaq olurmuş. Hətta oynamayanları qınamaq da mümkün imiş.
Yaxşı olar ki, YAP invertarları, təmir xərclərinin yox, milyardların hesabatını versin.
Inanın ki, Ilham Əliyevin yanında oturub Əli Kərimlini qeyri-şəffaflıqda ittiham etmək, rekordlar kitabına düşə biləcək ittihamdır.
Cənab Novruzov, siz belə məsələlərdən yayınmağa çalışmalısınız. Heç olmasa maliyə, şəffaflıq kimi məqamlardan danışanda eyibinizə kor olun.
Yaxşı olar ki, bundan sonra Əli Kərimlini kasıb olmaqda ittiham edəsiniz. Maliyyədən, gəlirlər haqqında məlumatdan danışıb, ölkə başçısını pis vəziyyətdə qoyursunuz.
Akif


