kiv-df

Azərbaycanın coğrafiyası və təbii ehtiyatları

Qədim tarixçilərin əsərlərində Azərbaycan

Yaşadığımız ölkənin əlverişli təbii-coğrafi mühiti hələ qədim zamanlardan insanların burada məskən salmasına şərait yaratmışdır. Antik dövrün tarixçiləri Herodot, Polibi, Strabon, Klavdi Ptolemey və başqaları öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında maraqlı məlumatlar vermişlər.

Venesiyalı F.Mauronun dünya xəritəsində (1459), Əlşərifin (1601), alman alimi və səyyahı A.Olearinin (1647) xəritələrində, həmçinin I Pyotrun tapşırığı ilə (1720) tərtib olunmuş və 1723-cü ildə nəşr edilmiş “Şərqi Zaqafqaziya və Xəzər dənizi” xəritəsində Azərbaycanın yaşayış məntəqələri, gölləri, çayları və s. göstərilmişdir. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov da əsərlərində Azərbaycanın coğrafiyası haqqında yazmışlar. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, I.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır.

Azərbaycan ərazisinin 60%-ə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-nin burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir.

Ərazinin təbii sərvətləri

Azərbaycan, eyni zamanda, əlverişli təbii şəraitə və zəngin təbii ehtiyatları olan ölkədir. Ölkənin əsas relyef formaları qarlı zirvəli, yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlardır. Belə mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur. Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin ərazi üzrə qeyri-bərabər yerləşməsinə, istehsalın müxtəlif növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.

Insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi təbii sərvət və ya resurslara günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma – çəkilmə, dəniz cərəyanları və  bütün faydalı qazıntılar – torpaq, bioloji ehtiyatlar, su enerjisi daxildir.

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda bu ehtiyatların ən mühümü neft-qaz sayılır. Respublika ərazisinin 70 faizində neft-qaz ehtiyatları var. Xəzərin şelfi, Abşeron yarımadası, Qobustan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir. Italyan səyyahı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin Irana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer Isveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından Irana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.

1994-cü ildə dünyanın nəhəng neft-qaz şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” çərçivəsində bu gün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ən böyük ölkələrə ixrac olunur.

Ölkəmizin qərb bölgələri əsasən filiz ehtiyatları ilə zəngindir. Qafqaz regionunda ən mühüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yatağı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağdərə polimetal yataqları, Kəlbəcər, Naxçıvan, Daşkəsən, Gədəbəy qızıl yataqları və digər əlvan metallar respublikada həm qara, həm də əlvan metallurgiyanı inkişaf etdirməyə imkan vermişdir.

Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ qeyri filizlərdən əhəngdaşı, gips, çınqıl, mərmər, travertin, gil, qum və s. qeyd edilə bilər.

Azərbaycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçıvanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə – Istisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə – Qalaaltı və s.Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, düzən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zeytun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər yetişdirməyə imkan verir.

Su və bitki ehtiyatları

Abşeronda, Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkliyində fəal temperaturların 4.000’C-dən yüksək olması bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Kənd təsərrüfat məhsullarının keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik istehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı sulardan geniş istifadə, suvarma kanallarının təkmilləşdirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstandan sonra 2-ci yerdir.

Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtülüb ki, bu da çox aşağı göstəricidir. Buna gərə də meşələrimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyəti var. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər bütün növ ağacların, o cümlədən relikt və endemik bitkilərin bərpasına və artırılmasına imkan verir.

Azərbaycanda bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləmi var. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə, çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda quşlar və s daxildir.

Respublikamızda zəngin rekreasiya ehtiyatları da var. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarındakı dağ meşələri, Xəzər sahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayıq obyektlər (Içərişəhər, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımızdakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehtiyatlar turizmin inkişafına imkan yaradır.Abşerondakı göllərin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir