Aslan Aslanovun, yoxsa millətin vəkili?
Son günlər Lamiyə Quliyeva olayı ölkə mətbuatının əsas gündəminə çevrilib. Bu qızın həyatında baş verənlər, üzə çıxan faktlar, səslənən fikirlər dəhşətli bir reallıqdır. İndi hamı bu həyat dramından danışır, Şəmkirin keçmiş icra başçısı, YAP Siyasi Şurasının üzvü Aslan Aslanovun öz oğlu ilə bağlı baş vermiş faciəyə görə iki ailənin az qala bütün üzvlərinə yönələn qisasçılıq əməllərindən dəhşətə gəlir.
Belə bir məqamda "Azərbaycan" qəzetinin redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov mətbuata açıqlama verir və Aslan Aslanovu müdafiə etməyə başlayır. Hətta bu hadisə haqqında yazanları, danışanları tənqid etməkdən də çəkinmir. "Aslan Aslanov Lamiyənin həbs müddətini necə artıra bilər? Kənd təsərrüfatı nazirinin müavini Lamiyənin həbsxanadan çıxmasına necə mane ola bilər? Cinayət törədilib, qadın boynuna alıb və buna görə ona cəza veriblər. Sonradan içəridə qeyri-qanuni olaraq, uşaq dünyaya gətirib. Bu mövzuda qəribə nə var ki, qəzetlər hər gün bundan yazır. Ağıllarına gələn versiyaları hallandırırlar. Sanki başqa mövzu tapmırlar. Hətta iş o yerə çatıb ki, AXCP öz işi məşğul olmaq əvəzinə, partiya sədri prokurorluğa müraciət edir. O yazıların biri pulsuz yazılmır. Hamısının sponsoru var. Aslan Aslanovun yarasını təzələyirlər. Məhkəmə işə sübutlar əsasında baxıb. Bu gün bu hadisə niyə gündəmə gətirilib? Hamısı 5-3 manatın dərdindən iş-güclərini kənara qoyublar. Çox mənəviyyatsız bir mövzu ilə məşğuldurlar. Bunlar pul alıblar ki, mövzunu gündəmdə saxlasınlar. Pul verən də deyir ki, Aslan Aslanovun adını çəksəniz çox pul verəcəm. Cəmiyyət üçün əhəmiyyətsiz mövzunu gündəmdə saxlayan mətbuat orqanlarının yazıları sifarişlidir" – deyə Bəxtiyar Sadıqov bildirir.
Əvvəla, Bəxtiyar Sadıqova sual edək. Əgər Lamiyə Quliyeva mövzusu mənəviyatsız mövzudursa, millət vəkilləri, generallar bu məsələ haqqında niyə danışır, bu məsələ MM-də niyə müzakirə olunub, hökumətyönlü mətbuat bundan niyə yazır? Belə çıxır ki, bu ölkədə mənəviyyatlı olan təkcə sizsiz?
Hörmətli Bəxtiyar müəllim, siz bu suallara cavab vermək haqqında düşünün biz davam edək.
Bəxtiyar Sadıqov Azərbaycan məhkəmələrindən elə ağızdolusu danışır ki, adamın gözləri yaşarır. Bir anlıq düşünürsən ki, Azərbaycan məhkəmələri qanunsuz, sifarişli qərarlar çıxarmaz, bu ölkədə məmur da, sıravi vətəndaş da qanun qarşısında bərabərdir və bu ölkə demokratiyanın beşiyidir. Amma reallıq tamam başqa həqiqətləri göstərir. Bu ölkənin ən vicdanlı, ləyaqətli vətəndaşları siyasi sifarişin, qondarma ittihamların qurbanına çevrilərək həbs olunublar. Bu ölkədə zorlanan yalnız Lamiyə Quliyeva deyil, insanların seçim haqqı, qanunun aliliyi, vətəndaşın hüququ da zorlanıb. Ona görə də Bəxtiyar Sadıqovun məhkəmələrə istinad edərək, Aslan Aslanovu müdafiə etmək cəhdi uğursuzdur, hətta gülüncdür.
Bu məsələ haqqında yazılanların sifariş olmasına gəlincə, Bəxtiyar Sadıqov haqsız sayılmaz. Bizim üçün xalq həmişə sifarişçidir və biz bütün çətinliklərə baxmayaraq, bu sifarişləri yerinə yetiririk. Mülkü əlindən alınmış vətəndaş da, cibinə narkotika atılıb həbs edilmiş ictimai fəal da, məmur vəhşiliyinin qurbanı olmuş gənc qız da bizə sifariş verə bilər. Canab Sadıqov, əsas odur ki, zalımın, yalanın, şərin sifarişini yerinə yetirməyəsən.
YAP-çı deputat AXCP sədri Əli Kərimlinin bu məsələyə münasibət bildirməsini, prokurorluğa müraciət etməsini də top-tüfənglə qarşılayır. Amma başa düşmür ki, bu məsələyə məhz Əli Kərimli münasibət bildirməlidir. Əvvəla ona görə ki, Əli Kərimli Azərbaycan vətəndaşının hüquqları uğrunda mübarizə aparan bir təşkilatın sədridir. Eyni zamanda Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın xeyli üzvü şərlənərək həbs olunub. Yəni Əli Kərimli siyasi sifarişin qurbanı olan Seymur Həzini, Murad Ədilovu, Asif Yusiflini, Elvin Abdullayevi və digərlərini müdafiə etdiyi kimi, bir məmurun qanunsuz hoqqalarının qurbanına çevrilmiş Lamiyənin də, Vüqarın da taleyinə biganə qala bilməz. Bu məsələdə kifayət qədər siyasi məqamlar var və Aslan Aslanov məhz siyasi hakimiyyətin təmsilçilərindən biri olduğuna görə bu əməlləri törədə bilib. Millətə vəkillik etmək iddiasına düşən Bəxtiyar Sadıqov isə bu boyda faciəni unutmağı təklif edir və bu haqda yazmağı mənəviyyatsızlıq sayır. Bu hadisədə adı hallanan şəxs YAP-çı yox, cəbhəçi olsaydı "Azərbaycan" qəzeti Əli Kərimlinin şəkilini ömürülük manşet edərdi.
Bəxtiyar Sadıqov daha sonra "kəşf" edir ki, bu yazılar hansısa maddiyyat qarşılığında yazılır və insanların faciəsindən pul qazanılır. Əvvəla, biz pul dəlisi olsaydıq Bəxtiyar müəllimdən daha yüksək vəzifələri fəth edərdik. Faciədən pul qazanmağa gəlincə bu da "Azərbaycan" qəzetinin ənənəsidir. Belə ki, "Azərbaycan" qəzetinin hər sayında 30-40 başsağlığı olur və bu elanların hər birinə görə qəzetə pul ödənilir. Göründüyü kimi faciədən pul qazanmaq bizim prinsiplərimizə yaddır. Əksinə biz Lamiyə Quliyevadan yazmaqla, faciədən pul qazanmaq istəyinə düşənləri ifşa edirik.
Sonda cənab Sadıqova demək istəyirik ki, dostu Aslan Aslanova dəfələrlə zəng etmişik, əlaqə yaratmağa çalışmışıq. Yəni, bütün yazılardan sonra qarşı tərəfin mövqeyini də dərc etməyə hazır olmuşuq və bugün də hazırıq. Aslan Aslanov haqqında səslənən fikirlərə cavab verə bilmirsə, siz niyə ona vəkillik edirsiz? Unutmayın ki, siz Aslan Aslanovun deyil, millətin vəkili adını daşıyırsız. Ona görə də partiyadaşınızın əməllərini yox, vətəndaşın üzərinə hopmuş tozu yumağa çalışın.
Çox maraqlıdır. Döyüşdə şəhid olan əsgərdən yazanda "anti-milli" oluruq, ölkədəki korrupsiyadan yazanda "ermənipərəst"ə çevrilirik, bir vətəndaşın acı taleyini işıqlandıranda "mənəviyyatsız"a dönürük.
İndi biz nə edək? "Azərbaycan" qəzeti kimi hakimiyyətin mədhi, yalanların reklamı, vicdanlı insanların aşağılanması ilə məşğul olaq?
Axı hamı "Azərbaycan" qəzetinin qəlibinə düşsə, Azərbaycan həmişəlik şərin qəlibində qalar…
Akif


