Manat niyə ucuzlaşacaq?

Fuad Qəhrəmanlı bu dəfə siyasətdən yox, iqtisadiyayatdan yazdı
 
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Azərbaycan manatının dəyərdən düşmə ehtimalından, bunun xalqa və Azərbaycan hakimiyyətinə nə kimi təsir edə biləcəyindən yazıb. Fuad Qəhrəmanlının şəxsi "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik:

 
"Manatın kursunun düşməsi hökumət üçün fürsət,əhali üçünsə fəlakətin anonsudur!
İlham Əliyevin keçirdiyi son müşavirədə manatın kursunun düşəcəyi ilə bağlı bəyanat verdiyini yəqin ki, xatırlayırsınız. Bu bəyanatın verilməsində məqsəd manatın kursunun gözlənilən ucuzlaşmasını hökumətin siyasəti kimi təqdim edərək, əslində, manatı ucuzlaşdıran böhran amillərindən diqqəti yayındırmaqdır.
Adətən kurs o zaman aşağı salınır ki, ixrac yönümlü iqtisadiyyat stimullaşdırılsın. Ancaq Azərbaycan ixracatının 95%-i neft olduğu üçün bu siyasət bizdə keçərli deyil.O halda hökumət anlayır ki,uzun müddət manatın kursunu süni şəkildə indiki dəyərdə saxlaya bilməyəcək. Manatın kursunun saxlanılmasına hər ay 1 milyarddan artıq xərclənirsə, bu o deməkdir ki, təkcə 2015-ci ildə ölkə iqtisadiyyatına mənfi təsir göstərən faktorlar dəyişməsə belə manatın kursunu saxlamaq üçün hökumət 10-11 mlrd xərcləməlidir. Bu isə ölkənin starteji valyuta ehtiyatlarının 5 də birinin itirilməsi demək olardı.
Ölkə iqtisadiyyatı neftdən asılı olduğu üçün manatın da kursu birbaşa neftdən asılıdır. Neftin istehsalı və qiymətlərin düşməsi ölkəyə gələn valyutanın miqdarında azalmaya səbəb olur. Dövlət başçısı da bildirmişdi ki, bu il Neft Fondunda valyuta artımı gözlənilmir. Neft Fondundan 10,3 mlrd büdcəyə transfer nəzərdə tutulur. Bu il ərzində neftin qiyməti indiki kimi 50 dollar həddində qalarsa, bu, o deməkdir ki, neftdən gələcək gəlirin miqdarı təqribən 5 mlrd dollar civarında dəyişəcək.Bu isə o deməkdir ki, Neft Fondu vasitəsi ilə ölkənin valyuta ehtiyatları nəinki artmayacaq, hətta büdcə kəsirini doldurmaq üçün Fonddan əlavə 6 mlrd dollar götürlmək lazım gələcək. Demək hökumətin yarıtmaz iqisadi siyasəti üzündən valyuta ehtiyatları sürətlə azalmağa doğru gedir. Bu halda idxalatda kölgə iqtisadiyyatının da payını təqribən 60% həcmində olduğunu nəzərə alsaq(halbuki daha yuxarıdır) bu təqribən16 mlrd dollar deməkdir. O halda tədiyyə balansı kəskin şəkildə pozulmuş olur və ölkəyə gələn valyuta miqdarı ilə idxal olunan məhsulların qiyməti arasında 4 dəfəyə yaxın fərqin meydana çıxması manatın kəskin ucuzlaşması üçün zəmin yaradacaq. Belə olduqda manatın kursunu indiki həddə saxlamaq getdikcə indikindən daha baha başa gələ bilər. 
Demək manatın kəskin ucuzlaşması artıq qaçılmazdır.
Nəzərə alsaq ki, Rusiyadan hər il ölkəyə qeyri-rəsmi məlumatlara görə 4 mlrd dollar vəsait gəlirdi və ölkə əhalisinin yaşayışında bu gəlir əhəmiyyətli rol oynayırdı,o zaman vəziyyətin daha da kritik olduğunu təsəvvür etmək olar. Demək, manatın kursuna neft istehsal və qiymətindəki enmə ilə yanaşı həm də Rusiyada baş verən böhran da mənfi təsir göstərəcək.
Artıq müəyyən simptomlar özünü göstərməkdədir. Manatın kursuna inamın itməsinin nəticəsidir ki,əhali banklardakı əmanətlərini manatdan dollara dəyişməyə başlayıb. Son zamanlar manatla olan əmanətlərin 63,2%-dən 61,5% düşməsi artıq manata qarşı kütləvi inamsızlığı ifadə edir. Bu inamsızlıq üzündən insanlar bu gün banklarada olan 7 mlrd dəyərində olan əmanətlərini də dollarla əvəzləməyə başlasalar bu manatın dəyər itirməsi istiqamətində əlavə bir təzyiq effekti də yaradacaq.
Manatın kurunun düşməsinə təsir göstərən faktorların nəzərdən keçirilməsi onu göstərir ki, hökumət öz bacarıqsızlığı üzündən getdikcə manatın kursunun tənzimlənməsinə nəzarəti itirməyə məhkumdur.
Belə görünür ki, manatın kursunu saxlamaq üçün hökumətin hər hansı anti-böhran tədbirləri nəinki yoxdur,əksinə, manatın ucuzlaşmasından istifadə edərək neftdən gələn gəlirləri ucuz manata çevirib daha çox pul kütləsi əldə etməklə büdcə kəsrini bu yolla qapatmağı düşünürlər.
Bu isə ölkədə insanların həyat şərtlərinin kəskin ağırlaşması demək olacaq".