“Müsavatı irticaçı dəstə işğal edib”

Daha bir tanınmış müsavatçı partiyadan çıxarıldı
 

Müsavatın daha bir tanınmış üzvü patiyadan çıxarılıb. Fevralın 7-də Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti iclasında Ağdam təşkilatının üzvü Əlövsət Sadıqlının məsuliyyəti məsələsinə baxılıb və o, partiyadan xaric edilib. İclasda Sadıqlının özü də iştirak edib.
Partiyanın yaydığı məlumatda deyilir ki, sadıqlı axırıncı qurultayın nəticələrini şübhə aldığı, partiya strukturlarının və onların qəbul etdiyi sənədlərin saxta olması barədə təbliğat apardığı, partiya strukturlarının legitimliyini qəbul etmədiyi, partiya rəhbərliyi və strukturlarına qarşı böhtan, təhqir xarakterli çıxışlar etdiyi, MNTK-ya alternativ struktur yaratmaq istədiyi və bu kimi başqa hərəkətlərə görə Müsavatdan çıxarılıb.
 
Əlövsət Sadıqlı isə partiyadan çıxarılmasın facebook səhifəsində münasibət bildirib. O, Müsavatı “irticaçı dəstənin” işğal etdiyini bildirib: 

“Mən deyəndə ki, Müsavat Partiyasının legitim strukturları müsavata, müsavatçılığa, müsavatçılığın təməl prinsiplərinə və səmimiyyətə aidiyyəti olmayan bir irticaçı dəstə tərəfindən işğal olunub və bu dəstə hansısa seperat razılaşmalar əsasında Müsavatı dağıtmağı hədəfləyiblər, faktlara əsaslanırdım…
MNTK adından keçirilən bugünkü yığıncaq barədə məlumatlar da xislətlərinə uyğun olaraq, saxtalaşdırılıb: fikir verirsinizmi, qısa bir məlumatı da saxtalaşdırmadan keçinə bilmədilər… və “musavat.com” saytına ötürdükləri məlumat da həqiqəti əks etdirmir!
Doğru məlumat:
Bu gün saat 17.00 üçün Müsavat Partiyası MNTK-sı adından iclasa dəvət olunmuşdum. Dəvət edən şəxs Sevinc Hüseynova dəvətin motivi haqqında bildirdi ki, çıxışlarımda seçki saxtakarlıqları və hazırda Partiya orqanlarının əksəriyyəti adından çıxış edən şəxslərin səlahiyyətlərinin legitim olmaması barədə ittihamlarım “yaxşı alınmır” və həmin ittihamların reallığa uyğun olub-olmaması üzrə araşdırma aparmaq istəyirlər.
Mən MNTK adından çıxış edən şəxslərin legitimliyini qəbul etməməyimə baxmayaraq, Nizamnamə ilə təsbit olunmuş MNTK-nın adına hörmət əlaməti olaraq, iclasın aşkarlıq şəraitində keçirilməsi, video çəkilişə icazə verilməsi, VIII Qurultaya aid müvafiq sənədlərin və Qurultaya aid video çəkilişin iclasa gətirilməsi və onlar üzrə araşdırma aparılmasına şərait yaradılması şərtləri daxilində həmin iclasda iştirak edəcəyimi bildirmişdim.
Dəvət edən şəxs göstərilən şərtlərin təminatında heç bir problem olmadığını bildirmişdi.
İclas başlayanda isə mənə bildirildi ki, video çəkilişinə icazə verilməyəcək və yalnız iki nəfər müşahidəçinin iştirakına icazə verilir. Videoçəkilişə icazə verilməməsini isə absurd rqumentlərlə, məsələn, kiminsə ailəsinin icazə verməməsi, kiminsə şəklinin videoya düşməsinə razı olmaması və s.ilə izah etməyə çalışdılar. Mən bir saata yaxın müddətdə onlara hüququn bu istiqamətdə tələblərini çatdırsam da, sadəcə olaraq, başa düşmək istəmədilər. Mən onların legitimliyini tanımadığımı əsaslandırdım, çəkiliş aparılması şərtilə saxtakarlıq faktlarının araşdırılmasına razı olduğumu bildirdim və iddia etdiyim saxtakarlıq faktlarının araşdırılmasına başlamadan iclası tərk etdim.
Bir daha vurğulayıram ki, mənim həmin toplantıda iştirak etməyə razılığım toplantının video çəkilişinin aparılması və müşahidəçilərin iştirakının təmin edilməsi ilə şərtləndirilmişdi. Həmçinin həmin toplantıda mənim Partiya məsuliyyətimin qoyulması elan edilməmişdi və edilmədi.
“Musavat.com” saytına isə, güya, mənim iştirakımla iclas keçirilməsi, mənim partiya məsuliyyətimin qoyulması və Partiyadan çıxarılmağım barədə yanlış məlumat ötürülüb”.