Bakı sakini Rafiq Nəcəfov deyir ki, Baş Prokurorluqdan indiyəcən 30 kiloqram məktub alıb. Yəqin ki, 30 kiloqram cavab almaq üçün Rafiq Nəcəfov özü də oraya azı 50-60 kiloqram məktub yazıb. Bir iş normal axarından çıxanda həmişə əcaib şəklə düşür, baxırsan ki, uçanlar qaçır, qaçanlar isə uçur. Yaxud məsafə litrlə ölçülür, say kiloqramlarla. Dəqiq yadımdadır ki, vətəndaşlarımızdan biri ötən il bəyan etmişdi ki, məhkəmələrə 10 litr ömür sərf edib. Məhkəməyə gedib-gələrkən axıtdığı alın tərini nəzərdə tuturdu.
Amma baş prokuror Zakir Qaralov Rafiq Nəcəfovla görüşündə ona nə sual versə yaxşıdır: “Nə istəyirsən?”
Görünür, Rafiq Nəcəfov bunu izah etmək üçün yenə də yazmaqdadır. Bu minvalla Zakir Qaralov Ginnesin rekordlar kitabına düşə bilər. Ən çox məktub alan şəxs kimi. Məni düşündürən isə odur ki, görəsən, Zakir Qaralov və onun idarəsi neçə kiloqramda anlayacaq ki, bu Nəcəfov Rafiq adlı vətəndaşın istəyi nədir. Başqa bir oxucu isə kənd təsərrüfatı ilə hərbi iş arasında doğmalığın səbəblərini məndən soruşur. Yazır: “Siz jurnalistlər araşdırın görək, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov niyə, az qala hər gün müdafiə naziri Səfər Əbiyevin iş otağına gedir. Onlar arasında bölüşülməyən nə var? Bəlkə bizim müdafiə nazirliyinin kənd təsərrüfatı üzrə qoşun birlikləri var? Yaxud ordumuzun tarlaları, fermaları var?”
Mən həmin oxucudan soruşmaq istəyirəm ki, bu işin nə ziyanı var, amma məktubunda nələrisə izah edir: “Siz Müdafiə Nazirliyinin tenderlərini yaxşı araşdırsanız, bunu biləcəksiniz. Hətta görəcəksiniz ki, mülki adam olan Aslan müəllimin sözü ordumuzda necə keçir. Bir sözü iki olmur. Səfər müəllim onun sözü ilə kimə istəsən yeni rütbə verir. Onun sözü əsgərlərin xidmət yerlərinin bölgüsünü müəyyən edən kompüterdən də itidir… ”
Mən uzun illərdir bütün nazirliklər haqda yazmışam, redaktor kimi çoxlu yazıları çapa hazırlamışam, amma 30 kiloqram məktub söhbəti və kənd təsərrüfatı nazirinin müavininin müdafiə nazirliyində ötkəm sahibi olduğunu ağlıma gətirə bilməzdim. Oxucunun rəyinin nə qədər dəqiq olduğunu deyə bilmərəm, amma bu sahədə məlumatlı olan həmkarlarım təsdiq etdilər ki, Aslanov Aslanov tez-tez Müdafiə Nazirliyində olur və nazirlə yüksək iş birliyi var.
Bizim ölkənin çox maraqlı halları var, vətəndaş baş prokurora 30 kiloqram şikayət məktubu yazır, kənd təsərrüfatı ilə hərbi sahə birləşir… hətta vulkanın ocağı üzərində ev tikirlər.
Həmkarlarımızdan biri danışır ki, bu günlərdə Bakı ətrafında gəzərkən şok keçirib. Görüb ki, hətta Abşeron vulkanlarının püskürdüyü ərazilərdə evlər tikilib. Dəhşətə gələn həmkarımız camaatın nə günlərə qaldığını, nələrə məcbur olduğunu, təhlükə altında yaşamağa qatlandığını önə çəkərkən, onun diqqətini işin başqa səmtinə yönəltməyə məcbur oldum. Adamyaşamaz yerlərdə ev tikənlər həmin yerlərdə torpaq sahələri havayıdır deyə ora getməyiblər. O yerləri də satıblar. Ucuz olduğu üçün vulkan ərazisindəki torpaq sahəsində ev tikənlər bir yana qalsın, bu ölkədə vulkan ocağını satanlar var. Sən qoçaqlığa bir bax. Vulkan püskürən sahəni kiməsə sata bilirlər. Oradan da qazanırlar.
Amma yaxşı səslənir: “Filanıncı ilin yazında həyətimizdə vulkan püskürdü…”
Əgər sağ qala bilsəydin, yaxşı memuar da yazmaq olardı, adı da “50 il vulkan içində keçən ömrüm”“” ola bilər. Bu kitab təkcə vulkan üzərində ev tikənlər barədə yox, bizim hamımız haqda olardı. Amma çoxumuz elə bilirik ki, bütün bu tərsliklər bizdən uzaqdır.Maksim Qorkinin hekayələrinin birində bu vəziyyəti açan bir dialoq var….O, mənə deyirdi:
– Özünüz barədə yenə bir şey söyləyin.
Mən də söyləyirdim, lakin bir dəqiqədən sonra deyirdi:
– Sizin söylədiyiniz özünüz barədə deyil.