Məmur üçün göz yaşları…

Bu yazıda çox səmimi olsam, elə səmimiliyimə yazın, başqa cürəsi əlimdən gəlmir…

Fövqəladə analoqsuz dəhşətli inkişafa baxmayaraq Qəbələdə bizim köhnə nəslin yaddaşından hələ də hörmətcillik və istiqanlılıq kimi bəzi özəl xüsusiyyətlər silinməyib. Hətta o nəslin məmurlarında belə, bunlardan cüzi şeylər qalıb, amma təbii ki, bir yerə qədər. Həmin bir yerdən o tərəfə isə qadağan zonası başlayır. Bütün duyğuların dondurulub insanın məmura çevrildiyi zona… 

Yarımçıq “bütövlük”

Mən hərdən həmin sərhəddin o tayına əsir düşüb yavaş-yavaş ölən insanlıq üçün səssizcə ağlayıram. Çünki onların da bir zamanlar bizim kimi hissiyyatlı, duyğulu, təbii insanlar olduqlarını unuda bilmirəm. Ölkəni idarə, vətəni müsadirə edən acgöz və qəddar məmur ordusu ilə müqayisədə iynə ucu boyda bu sitat yersiz görünə bilər. Amma hər nə olur-olsun, belə mövzular da qələmə alınmalıdır. 

Əslində bu fikrə son bir ayda Qəbələnin iki aparıcı dövlət idarəsinin məmurlarıyla məcburi ünsiyyətdən sonra gəlmişəm. Məcburi ona görə ki, Azərbaycan reallığında heç bir normal bəndə öz xoşuyla məmur qapısı döyməz. Çünki məmur qapıları hər kəsin əmin-arxayın keçə biləcəyi adi bir ünvan deyil. Yox daha, üzünə salıb birtəhər keçsə də, o qapıdan ümidini itirməmiş çıxa bilməz. Ümid isə bu ölkədə çox bahalı bir şeydir. Kasıbdan qaçan, varlının ayağına gələn nemətdir. 

Doğrusu, bu qaydalar hələlik mənə çox yumşaq, mümkün qədər ağrısız, hətta bir az xəcalətlə şamil olunur. Ona görə yox ki, sıradan biri deyiləm, əksinə, sırada olmayan biriyəm. Yəni birdən elə hərəkət eləyərəm ki, məntiq-filan heyrətdən buxarlanar. Amma bircə qəbələli əlini vicdanının üstünə qoyub barmağını qatlaya bilməz ki, havaxtsa haqqı qoyub nahaqqın tərəfində olmuşam. Hətta o nahaq gözümün qarası olsa belə… Belə olan halda həmin o yerli məmurlar məhz mənimlə bəs necə rəftar eləsinlər? Təbii ki, yuxarıların yerinə üzrvari izahat verib bir qədər əziyyət çəkəcəklər, mənə verdikləri yüksək dəyərdən danışacaqlar. Yalnız bundan sonra VÖIN hesabım sadəcə açıq olduğuna görə on beş ay müddətinə əlillik pensiyamın təxminən dörddə biri qədər cərimə edəcəklər. Amma bu sanksiyacığazı belimə elə xüsusi hörmətlə və sevə-sevə qoyacaqlar ki, mən dövlətimizin büdcəsinə allahın verdiyindən az da olsa cərimə ödəyəcəyimi düşünüb qürurdan az qala öləcəyəm. Amma ən azı on beş ay bitənə qədər ölmək də olmaz. Nə etməli? Həyata sevgi dövlətə vergidən başlayar… Nə isə, mətləbdən uzaq düşməyək.

Pullu-parasızlar

Sənin adını hallandırmaq istəmirəm, çünki bu “sən” yalnız sən deyilsən, ümumiləşmiş istisna məmurdu… Əslində “ümumi” və “istisna” əks məfhumlardı, di gəl ki, mənim uğursuz mövzum onları bir ortaya gətirməyə çalışacaq. Mümkünsüz bir şeydi, amma realistlər demiş, hərdən mümkünsüz olanı da arzulayaq… 

Necə ki, sən rəisindən, başçından, nazirindən, prezidentindən haqsız tənbeh, təhqir görəndə qapını çırparaq kütləyə qarışıb ilim-itim itmək istəyirsən. Problemlərini nisyə siqaretlə sümürən adamlarla ucuz çayxana stollarına domino çırpmaq keçir ürəyindən. Sonra özünü günəşin, yağışın, qarın, küləyin altına verib təbiəti doyunca canına çəkməyə köklənirsən… Heç olmasa bir neçə günlüyə, hətta bir neçə saatlığa!!! Amma itməyə, getməyə qoymazlar ki səni. Çünki adın elə yerlərə düşüb ki, mənsub olduğun o kreslonu, o kabineti, o vəzifəni özün yorulub bezənə qədər deyil, onlar istəyən vaxta qədər daşımalısan. Hərçənd bu əzici yükün müqabilində adın pullu-paralı adamlarla birgə çəkilir. O qədər pulla sən özün və yaxınların üçün çox şeylər edə bilərsən və edirsən də. Amma ən azı paranı itirmək şərtilə. Itirdiyin o paranda sənin uşaqlığın, gəncliyin, sevgin, nifrətin, bir sözlə, azad insana məxsus olan hər şeyin dustaqdır. O paranla sənin aranda yuxarıda təsvir olunan tikanlı məftillər çəkilib. Istəsən belə, canının o dəyərli parasına qovuşa bilməzsən. Çünki, artıq hər şeyin məxsus olduğun komandanındır. Deməli ki, sənin yalnız pulun var, paran isə artıq yoxdu…

Bilirəm dostum, indi oturub təyinatlı və təminatlı sənin əslində xoş və rahat olmayan halına ağlasam, mənə gülərlər. Çünki heç nəyi olmayanın hər şeyi olana acıması gülməli bir şeydir. Amma qadağan deyil. Demokratik və şəffaf ölkəmizdə kim nə qədər istəsə gülə, ağlaya və hətta ölə bilər… O cümlədən sərvətə, zora, nahaqqa köklənmiş iqtidara əsir düşmək də könüllüdür. Yəni özü istəməsə, kimsə pullanıb- paralanmaz və yaxud yoxsulluğun son həddində belə, bütövlüyünü qoruyub saxlaya bilməz. 

P.S. Nə gizlədim, bütün bunlarla birgə ötən günlərin birində mən xəstə bir məmur üçün kövrəlib allaha dua etmişəm. Onu bağışladığıma görə yox, Allahın onu bağışlaması üçün…