Qalmaqallı müsabiqənin balları açıqlandı

Münsiflər “Yad dil”də romanı Milli Kitab Mükafatının qalibi olan Pərvizə neçə bal veriblər?

 

 

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli münsiflərin ballarını açıqlayıb. Bəlli olub ki, “Yad dildə” romanı ilə birinci yerin sahibi Pərviz 128 bal, ikinciliyə layiq görülən Məqsəd Hur isə ondan 1 bal aşağı – 127 bal toplayıb. Natiq Rəsulzadə ilə Nəriman Əbdülrəhmanlı 119 bal toplamaqla üçüncü yeri bölüşdürüblər.

17 münsifdən 7-si Pərvizə 10 bal verib. Bunlar Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Rüstəm İbrahimbəyov, Mehriban Ələkbərzadə və Şahbaz Xuduoğludur.
Münsiflərdən 2-si – Rəbiyyət Aslanova və Afaq Məsud Pərvizin romanını 3 balla qiymətləndiriblər.
Pərvizin qalibiyyətinə etiraz edərək münsiflər heyətini tərk edən Rəşad Məcid “Yad dildə”yə 7, Çingiz Abdullayev isə 5 bal verib.
Qalan münsiflərin Pərvizin romanına verdiyi ballar aşağıdakı kimidir:

Ayaz Salayev – 9
Ramiz Fətəliyev – 9
Nərgiz Cəlilova – 9
Balaş Qasımov – 8
Hamlet İsaxanlı – 5

Münsiflərin heyətinin 1 üzvü – Vaqif Səmədoğlu qiymətləndirmədə iştirak etməyib. O, kulis.az-a açıqlamasında deyib ki, gözündə xəstəlik olduğuna görə əsərləri oxuya bilməyib.

İnformasiya şöbəsi

***

Milli Kitab Mükafatı ilə bağlı qalmaqal səngimir

Müsabiqənin qalibi Pərvizlə, təsisçisi Nigar Köçərli Rəşad Məcidlə Çingiz Abdullayevin ittihamlarına cavab verdi

Milli Kitab Mükafatı(MKM) ilə bağlı qalmaqal davam edir. Tanınmış yazıçı Pərvizin müəllifi olduğu “Yad dildə” romanı ilə birincilik qazanması MKM-in münsiflərindən Rəşad Məcid, Çingiz Abdullayev və Rəbiyyət Aslanovanın istefa verməsilə nəticələnib. Adıçəkilən şəxslər bu addımı Pərviz Cəbrayılın birinciliyinə etiraz olaraq atıb. Lakin münsiflərin əksəriyyəti bu fikirdədir ki, bu dəfə MKM-də həqiqi ədəbiyyat birincilik qazanıb.
Rəbiyyət Aslanovanın istefası başadüşüləndir. YAP- ın üzvü olan bu xanımın müxalif ruhda yazılmış romanın müsabiqənin ali mükafatına layiq görülməsini təbii olaraq həzm edə bilməz. Rəşad Məcidlə Çingiz Abdullayev isə bu addımlarının səbəbini izah edə bilmirlər. Yalnız ümumi fikirlərlə səsləndirməklə ədəbiyyatın qələbəsinə kölgə salmağa çalışırlar. Məsələn, Çingiz Abdullayev “Qafqazinfo” xəbər portalına açıqlamasında deyib ki, o birinci yer tutanın deyil, hesablamanın əleyhinədir. “Bəzi münsiflər bunu qəsdən edirlər. Hesab edirəm ki, qəti bu cür olmamalıdır. Mən daha heç vaxt iştirak etməyəcəyəm. Zəng vurub münsiflərə deyirlər ki, buna səs verin, o birinə verməyin. Bu oyunlar mənim xoşuma gəlmir. Mən birinci yeri tutanın deyil, hesablanmanın əleyhinəyəm”.
Lakin Çingiz Abdullayev hansı münsiflərə zəng olunduğunu, onların kimə səs verməyə “məcbur” edildiyini açıqlamayıb.
Rəşad Məcid isə deyib ki, münsiflər arasında hansısa qruplaşma yaradılıb və bu da müsabiqənin nəticəsinə təsir edib.
Pərvizin isə “Azadlıq”a açıqlamasında Çingiz Abdullayevin fikirlərinə münasibəti belə olub:ÿ “Hələ təqdimat günündən bəlkə də bir ay, iki ay əvvəl tapşırıq söhbəti gedib. Kimlərin adı çəkilib, o da bəllidir. O adamlardan ən azından birini də kim müdafiə edir, o da məlumdur. Anlaşılan deyil ki, bu ittihamlar nəyə lazımdır? Burada artıq ədəbiyyat söhbəti əvəzinə bazar söhbəti gedir”.
Qalib Rəşad Məcidlinin ittihamlarını da cavabsız qoymayıb. 
“Rəşad Məcid bir neçə ay əvvəl müsahibəsində demişdi ki, Natiq Rəsulzadə birinci olacaq. Rəşad Məcidin özü də Natiq Rəsulzadənin qalib olması ilə məşğul idi. Görünür, o istəyirdi ki, qalib xoşladığı, sevdiyi adam olsun. Xoşladığı olmadı, buna pis təsir etdi. Rəşad Məcid də insandı, istefasına normal baxıram. Rəşad Məcid deyib ki, münsiflər qrup yaradıb məni qalib ediblər. Münsiflərin fikri üst-üstə düşübsə, məntiqlə bu, qrupdur. Amma baxır qrup nəyə xidmət edir. Biri var qruplaşma yaradıb hansısa saxta işi yürüdürsən, biri də var hansısa ideya barədə sözün üst-üstə düşür. Belə qruplaşma mənfi sayıla bilməz”.
Bu arada müsabiqənin təsisçisi Nigar Köçərli baş verənlərlə bağlı bəyanat verib. O, Pərviz Cəbrayılovun qalib olmasından sonra 2 yazıçının istefa verməsinə təəssüf etdiyini deməklə yanaşı əminliklə bildirib ki, Rəşad Məcid və Çingiz Abdullayevin MKM-in münsif üzvlüyündən getmələri layihənin gələcəyinə kölgə salmayacaq: “Çingiz Abdulllayevlə Rəşad Məcidin Pərvizin qalib gəlməsi səbəbi ilə istefa verməsinə də anlayışla yanaşıram. Düşünürəm ki, burada əsas səbəb Pərvizin AYB üzvü olmamasıdır. Iki ildir ki, bəzi yaradıcı təşkilatlar MKM-i boykot edirlər. Indi AYB-nin iki katibi də bu məsələdə onlara qoşulur”.
Təsisçi səsvermə zamanı hər hansı bir saxtakarlığın olmasına dair iddiaları birmənalı şəkildə rədd edib: “Bunlar hamısı əsassızdır. Qaliblərin müəyyənləşdirilməsi çox şəffaf əsaslarda, cəmiyyətin əksər təbəqələrini əhatə edən 17 ziyalımızdan ibarət Münsiflər Heyətinin səsverməsi ilə keçirilir. Bu dəfə prosesin tam şəffaf olması üçün münsiflərin səsləri www.mkm.az saytında dərc ediləcək”.

 

S.Novruz