Manatla əmanət qoyuluşu azalır

Banklara qoyulan əmanətlər dollarlaşır.
 
Bu barədə iqtisadçı Samir Əliyev məlumat yayıb.
 
Samir Əliyev bildirib ki, iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib: “Belə ki, Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərinin dollara çevirməsinə vadar edib. Ötən ilin son ayında manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verdi. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5 faizə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2 faiz idi”.
 
İqtisadçının sözlərinə görə, qısamüddətli əmanətlərin artımı da diqqət çəkir. Belə ki, əhalidə yatırdıqları əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduğundan əmanətləri uzunmüddətli deyil, qısa müddətə yatırırlar.
 
Qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər  33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60,2 faizdən 60,4 faizə yüksəlib.
 
İqtisadçı deyir ki, ümumilikdə isə ötən il əmanətlərin həcmi 7188,4 milyon manata çatıb: “Bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi azalacaq, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər”.