Bir dəfə avtobusda

O`Kamil

 

«Ay şofer, Allah sənin üstündə olsun. Mən bir az o məsələ… Niyə bizim millət yıxılana balta vurur? Niyə? Biz niyə aciz, iradəsiz adamları ayaqlayırıq? Dedim, ay rəis, balalarına qurban olum, məni işdən çıxartma, it kimi bağlayıbsan bura, nə deyirsən, eləyirəm, bazar demirəm, bayram demirəm. Bir çətən külfətim var. Eşitmədi. 

 

Salam, saqqız, Salam, ay qız… 

Ay qız sənin nə vədəndi, kəsibsən qısa telləri?

Ay şofer, Allah… sənin üstündə olsun, ay şofer. 

Qarabağ bizimdi, bizim də olacaq. 

Sənə qurban olum, ay şofer, Allah sənin köməyin olsun. 

Ay belə yaxın sirdaş kimi, yaxın dost kimi,

Qolunu boynuma saldı bu yerlər, ay balam…

Saat neçədi? İndi axşamdı, qaranlıqdı, axx, üşüyürəm… Soyuqdu. Bu avtobus hara gedir? Ay oğlan, a bala, bu avtobus hara gedir, a sənə qurban olum? Demirsən? Demə. Ay şofer, sənə qurban olum, ay şofer. Pulum yoxdu, məni aparırsanmı? Yaralıyam, mən yaralıyam. Dedim, ay vicdansız, mən yiyəsiz adamam, məni çölə tullama, eşitmədi, o gədənin pulunu aldı, işə götürdü, məni çııxartdı. Bir bölük külfət əlimə baxır. Mənə dedi azadsan. Ay camaat, sizə qurban olum, məni bağışlıyın. Mən dərdliyəm. Mənim dərdim çəkiləsi döyül. Allah sənin üstündə olsun, ay şofer. Evdə zəril saxlayıram, məni qınamayın. Niyə bizim millət yıxılana balta vurur? Niyə? Biz niyə aciz, iradəsiz adamları ayaqlayırıq? Mənə bir şillə vurdu, gözümdən qığılcım çıxdı… 

Erməni kimdi, bizim torpağımızı alır? Kimdi? Bir qaşıq qanından qorxsam, atamın oğlu deyiləm. Sənə qurban olum, ay şofer, Allah sənin köməyin olsun. Ay camaat məni bağışlayın. Mən ölmüşəm. Camaat ölüsünü çölə ha tullamır… Mən nənəmlə bərabər öldüm. Təmiz ağıznan, Allah ölənlərinizə rəhmət eləsin, nənəm deyirdi, ay bala, qaçmayın, adam torpağını qoyub qaçarmı? Zornan vertolyota mindirdik. Nənəmin bağırtısından vertolyotun səsi eşidilmirdi. «Erməni kimdi ki, qaçırsınız» – deyirdi. «Ölürüksə, burda ölək» – deyirdi. Eşitmirdi, heç kim eşitmək istəmirdi də. Vertolyota mindirəndə qucağımda keçindi. Deyirdi, Toplanı burda qoyub getmərəm, Mərcan inəyi qoyub hara gedirik? Sənə qurban olum, ay şofer, Allah sənin köməyin olsun. Ay camaat məni bağışlayın. Gərək mən gəlməzdim. Gərək mən nənəmnən qaleydim orda. Nənəm axırda babamı qarğamağa başladı: «Gorun çartdasın, ay Ocaxverdi, niyə ölürdün? Sən niyə ölürdün axı? Sən sağ olsaydın, sənin qorxundan hansı köpəyoğlu vertolyota minib qaçardı?» Nənəm deyirdi, məni aparmayın, qoy burda ölüm. Bir qolundan da mən tutub mindirdim. Mənim qolum quruyaydı onda! Nənəm yumruxnan başına hey döyür, döyürdü. Mən nənəmin belə güclü olduğunu bilməzdim. Yumruq başına dəydikcə, «taqq» eləyirdi. Ay sizə qurban olum  (ovcunun içi ilə çənəsindən aşağı daman göz yaşlarını silməyə çalışır), məni bağışlayın. Bir az içkiliyəm.   

Ay lələ, mən qəribəm, mən qəribəm, mən qəribəm… 

Sənə qurban olum, ay şofer, yol pulum yoxdu, məni bağışla. Yaralıyam, mən yaralıyam. Ay camaat, biz niyə aciz, iradəsiz adamlarıq? Mən gərək gəlməzdim, nənəmnən qalardım. Mənim burda nə ölümüm varıydı? Mən niyə sənə qulaq asmadım, ay nənə? Mənim başıma daş düşsün, ay nənə! Torpağı qoyub gələn başıma… Ay camaat, sizə qurban olum, məni bağışdıyın, mən bir az içkiliyəm…» 

Avtobus metronun «Koroğlu» stansiyasına çatır, kişi düşür və aralığa ağır bir sükut çökür… 

Havada bir ağcaqanad vızıldayır. Qanadının səsindən bilirəm, dişi ağcaqanaddı, qana yerikləyib, hərif axtarır. Kişisən, yaxın gəl…