Azərbaycan unikal ölkədir. Coğrafi baxımdan və 11 iqlim qurşağının 9-nun bizim ölkənin payına düşməsi anlamında yox. Övladların atalarına, ataların isə övladlara görə məsuliyyət daşıması baxımından unikaldır. Dünyada ölkələr əsasən 3 dəyərə görə idarə olunur: Dünyəvi, dini və ənənəvi dəyərlərə görə. Dünyəvi dəyərlərin hökm sürdüyü ölkələrdə hüquqa sayğı və fərdi məsuliyyət anlayışı var. Teokratik quruluşlarda din dəyərləri əsas götürülür. Etdiyin cinayətə görə cəza çox ağır və fərdi xarakter daşıyır. Amma ənənəvi dəyərlərin hökm sürdüyü sistemlərdə ailədə bir nəfərə görə hamı, hamıya görə bir nəfər məsuliyyət daşıyır. Həmin ölkələrdə isə sistemin xarakteri daha çox “kolxoz” məsuliyyəti anlamındadır. Bir nəfər ailə üzvünün məsuliyyəti fərdlikdən çıxaraq tayfanın imici və məsuliyyəti ilə assosasiya olunur. Bir nəfər fərqli dini dəyərlərə (məzhəb və ya təriqət) sahibdirsə,onu tələskən və səthi insanlar həmin ailəni bütünlükdə atezimdə günahlandıracaq.
Amma bütün bu iki sistemdən fərqli olaraq sistemlər içərisində insanın fərdi məsuliyyətinin anlayan və ona münasibətdə qərəzdən uzaq durmağa kömək edən dünyəvi dövlət modelidir. Bu sistemlərdə ata oğula görə heç bir HÜQUQİ məsuliyyət daşımır, yalnız MƏNƏVİ məsuliyyətini bölüşür. Bu o deməkdir ki, hətta oğul cinayət edibsə, ona görə atanı cinayət məsuliyyətinə cəlb etmirlər. Onun uzaqbaşı məsuliyyəti mənəvi olmaqla onun övladına verdiyi tərbiyə müzakirə mövzusu ola bilər, vəssəlam. Bizdə atanı oğula, oğulu isə ataya görə nəinki mənəvi məzəmmət edirlər, hətta birinin “yükünü” 10-a vurub digərinin çiyninə qoyurlar.
Özü də o ailə ki, onlar hüquq və azadlıq davası aparırlar. Onlar nəinki qanunları pozmurlar, əksinə digərlərinin hüquqlarının ən yüksək səviyyədə qorunmasını israrla tələb edərək mübarizə aparırlar. Belə ailələrdən biri də Daşdəmirovlar ailəsidir. Zəhmətkeş və qürurlu ailədir. Rafiq bəyə görə övladı Sənanı hansısa maddə üzrə ittiham etmədən həbs ediblər. İstintaq hərəkərləri bu üç ay ərzində heç bir intensivliklə icra olunmayıb. Ona verilən işgəncənin miqyası və təfsilatı haqqında özündən başqa bəlkə də heç kim tam məlumatlı deyil. Sənana bu münasibət qəbuledilməzdir. Sənan kimdir? Sənan yüksək təhsili olan iqtisadçıdır. Sənan dini ayinləri davamlı icra edən şəxsdir. Onun dini inancı və sağlam ruhu simasında belə aydın təzahür edir. Sənan nümunəvi əxlaq dəyərləri olan gəncdir. Əxlaqı olanların isə qanuna ümumiyyətlə ehtiyacları yoxdur. Burhan Hedib yazırdı: “Əxlaqsız olanlar qanunları saymaz…..Əxlaqlı olanlara da qanun lazım deyil.“ Özünün daxili dünyası zəngin olanın başqalarının hüquqlarını məhdudlaşdıran addımlardan bir qayda olaraq uzaq durur. Onu özünə rəva görmür. Sənan kimi sanballı bir gənc hazırkı gəncliyin yalnız uğurlarından sayıla bilər. Onun yüksək nəzakəti və daxili ləyaqəti çox cəlbedicidir. Onunla təmasda olanlar bunu yaxşı bilir. Yəqin ki, həbsxanada nəzarətçilər Sənanın hərəkətlərindəki nümunəvi davranışları gördükcə, təəcübləriini gizlədə də bilmirlər. Onun axı islah olunmağa ehtiyacı yoxdur?! Onun hansı hərəkəti və davranışı islaha layiqdir ki, onu islah-əmək kaloniyasına göndəriləcəyi nəzərdə tutulur?
Sənanın timsalında hansız həbs olunan gənclərə qarşı olan bütün haqsız davranış və qərarlar ədalətli insanın belə nifrət “deposunu” doldurmağa xidmət edir. Sənana edilənlər, hökuməti digər gənclərimizin gözündən daha salır və ədalətsizlik onlar üçün nifrət mənbəyinə çevrilir. Sənan gənc olmasına baxmayaraq 2 xəstəlikdən eyni vaxtda əziyyət çəkir. Göz ağrılarının şiddətlənməsi və düz bağırsağındakı qanaaxma riskləri. Son günlər Sənanı xəstəxanaya yerləşdirilmədən belə ona tibbi xidmətin göstərilməsi sadəcə utancvericidir. Sağlıq durumu belə vəziyyətdə olan insana hazırkı münasibət hüquq məsələsi deyil, əxlaq məsələsidir. Əxlaq dəyərləri və Hipokrat andı isə hüquqdan kiçik əhəmiyyətli və az çəkili deyil. O hüquq ki, siyasi mülahizələrlə dolu və qisas alınması üçün imitasiya tələsi rolunu oynayır. Hüquqi dövlət quran və beynəlxalq qurumlarda təmsilçiliyi ilə fəxr edən hökumət hüquqa birmənalı və ədalətli mövqeyini ilk növbədə öz vətəndaşına münasibətdə isbatlamalıdır.


