Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Rejimin uzun illər apardığı təbliğat onunla nəticələndi ki, indi bizdə “dağıdıcı” sözü “müxalifət” sözü ilə assosiasiya olunur. Özü də daha çox ironiya və ikrah yaradır adamda. Çünki zaman dağıdıcılığın əsl ünvanını hamıya göstərdi. Indi hər kəsə büdcəni dağıdanlar da məlumdur, ölkədə azadlıq, ədalət, hüququn üstünlüyü, qanunların aliliyini tələb edənlərin ağız-burnunu dağıdanlar da.
Məni bu cümlələri yazmağa həvəsləndirən isə bu yaxınlarda nəqliyyat naziri Ziya Məmmədovun bir açıqlaması oldu. O deyirdi ki, Bakı-Zabrat-Sumqayıt marşrut sürətli elektrik qatarlarının fəaliyyətə başlaması xəyaldır. Aydındır, neftin ucuzlaşması öz sözünü deyib, bir neçə ay əvvələdək hapqqında ağızdolusu, bəh-bəhlə danışılan bu layihə artıq xəyala çevrilib.
Bəs adamı yandıran nədir?
Bakı kəndlərinə gedən elektrik qatarları 2009-cu ilə qədər işləyib. Statistikaya əsasən, gün ərzində elektrik qatarları Abşeron yarımadasında 4 minə yaxın sərnişin daşıyırdı. Abşeron yarımadasında dəmir yolu xətlərinin sökülməsinə 2009-cu ilin sonlarından start verilib və Maştağa qəsəbəsindən başlayaraq Buzovna və Mərdəkandan keçən və Qala qəsəbəsinə qədər uzanan birxətli dəmir yolu sökülüb-dağıdılıb.
Və aradan 4 il keçdikdən sonra ayılıblar ki, əslində həmin dəmir yolu xətlərini sökmək gərəksizmiş, elektrik qatarlarının fəaliyyəti bir çox problemlərin həllinə kömək edə bilərmiş. Bu, avtomobil yollarında intensivliyə, avtobus marşrutlarının azalmasına gətirib çıxarar, ekoloji vəziyyəti yaxşılaşdırar, ən əsası isə sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasına imkan verərmiş.
Indi isə yeni xətlərin çəkilməsinə ətək-ətək pul xərclənməlidir. Niyə axı, niyə? O dəmir yolu xətlərini dağıdanda yüz ölçüb bir biçmək olmazdımı? Yaxşı, indi özünüz deyin, bundan dəhşətli dağıdıcılıq ola bilərmi?
Bir neçə ay əvvəl təntənə ilə elan etdilər ki, tramvaylar Bakıya qayıdır. Xeyli adam sevincindən atılıb-düşdü, dombalaq aşdı. Amma nə qədər adamın ağlına gəldi ki, soruşsun: bəs hardasa 10 il əvvəl Bakıda tramvay xətləri niyə sökülmüşdü? Axı onda tramvayları “keçmişin qalığı” elan edən, “müasir standartlarla uyğun gəlmədiyi üçün” sıradan çıxaran da bir başqası deyildi, siz özünüz idiniz!
Bu günsə çıxıb deyiblər ki, tramvayları Bakıya qaytarmaq üçün təxminən 1 milyard manat pul lazımdı. Neft ucuzlaşmasa, o 1 milyard manatı da gözüyumulu xərcləyəcəkdilər.
Bütün bunlardan sonra “dağıdıcı” yarlığını müxalifətə yapışdırmaq hansı məntiqə, hansı vicdana, hansı əxlaqa sığır?
Əlbəttə, indi belə ittihamları heç kim ciddiyə almır. Yuxarıda da yazdıq, rejimin başqalarını “dağıdıcı” deyib suçlaması artıq ironiya və ikrah yaradır. Iş o yerə çatıb ki, biz öz aramızda bir-birimizə “dağıdıcı”, “yırtıcı”, “antimilli” deyib məzələnirik. Bu cür damğalardan sadəcə və sadəcə, antidemokratik, çağdışı, despotik rejimlərin öz opponentlərinə qarşı istifadə etdiyini də bilməyən yoxdur.
Amma yenə də soruşmaqdan özünü saxlaya, üstündən səs-səmirsiz, sakitcə keçə bilmir adam: bir neçə il əvvəl lazımsız, gərəksiz elan edib dağıtdıqlarınıza, sökdüklərinizə bu gün sanki öz cibinizin pulu imiş kimi yüz milyonları, milyardları xərcləmək istəməyin adı nədir?
Bəlkə dağıdıcılığın başında palıd ağacı olur, bizim xəbərimiz yoxdur?!