«Rusiyanın çökən iqtisadiyyatı və Ukrayna müharibəsindən narazılıq rejimi sabitsizliyə sürükləyir».
Bu sətirlər «The Wall Street Journal» qəzetində Rusiyanın Ukraynaya təcavüzü və Qərbin Rusiyanı durdurmaq üçün edə biləcəkləri barədə dərc olunmuş məqlədəndir.
«Ukraynada döyüşlərin yenidən qızışması, Rusiya əsgərləri və texnikasının sərhəd boyunca yığılması göstərir ki, Rusiya prezidenti Vladimir Putin Qərblə təhlükəli oyun oynamaq qərarına gəlib. Məqsəd ancaq onu göstərməkdir ki, Qərbin Rusiyaya təzyiqi yenilənmiş qətlə bərabərdir.
Döyüşlərin qızışması üçün qışın ortası, bir neçə həftə nisbi sakitlikdən sonrakı dövr seçilib. Bu, ümumi vəziyyəti əks etdirir. Putin rejimi sanksiyaların bitməsini istəyir. Ona görə yox ki, sanksiyalar onları məhv edir, ona görə ki, getdikcə artan iqtisadi böhran müharibənin görünməyən trayektoriyası ilə birlikdə Rusiyada sabitsizliyə gətirib çıxara bilər», – deyə məqalədə bildirilir.
Müəllif yazır ki, əslində, Rusiya liderləri böhranı özləri hazırlayıblar. 2000-ci illərdə yaşayış standartları neft və qaz qiymətləri hesabına davamlı olaraq artdı. Korrupsiya isə normal inkişafı əngəllədi. İndi neftin qiymətləri düşür, Rusiyanın başqa gəlir yoxdur və Qərbin sanksiyaları da investisiyalara zərbə vurur:
«Bu şərtlər daxilində sosial gərginlik üçün ciddi təhlükə var. Bu gün Rusiyada, Putinin yaxın dostları daxil olmaqla, 110 adam ölkənin sərvətinin 35 faizinə nəzarət edir. Əhalinin 50%-nin sərvəti isə 871 dollar və ya ondan da azdır. 2014-cü ildə ərzaq qiymətləri 15.4% artıb. Hökumətin arağın qiymətini salması da narahatlığını göstərir. Görünür, əhalini sakitləşdirmək istəyir.
Rusiyada iqtisadi durum getdikcə pisləşsə, rusiyalıların çoxu anlaya bilər ki, Ukraynadakı kimi korrupsioner rejimə qarşı dinc inqilabın onlara da dəxli var. Elə Putinin Ukrayna müharibəsinin birinci səbəbi həmin modelin Rusiyaya potensial təsiri idi.
Müharibənin xərcləri rusiyalılardan gizlədilir. Ancaq əsgər ölümlərinin artması narazılıq yaratmaqdadır. Sankt-Peterburqda «Əsgər Anaları» təşkilatına anonim zənglər gəlir. Analar deyirlər ki, oğulları Ukraynaya göndərilmək üçün müqavilələr imzalamaq göstərişi verilir. Ordu qüvvələrin göndərildiyi yerləri gizlətməyə çalışır. Hərbi təyyarələr Pskov aeroportundan uçurdusa, indi daha kiçik şəhər olan Ostrovdan çıxır», – deyə məqalədə yazılır.
Müəllif qeyd edir ki, Rusiya hələ Ukrayna ilə sərhədə topladığı 52 minlik qoşundan istifadə etməyib. İstənilən vaxt tammiqyaslı hücuma keçə bilər, baxmayaraq ki, bu addımın rusiyalılar üçün riskləri var. Üstəlik, Rusiyada hakimiyyət piramidası sabit deyil. Minlərlə rusiyalı pullarını götürüb Qərbə qaçmağı planlaşdırır.
«Cənab Putin və dostları hakimiyyətlərini itirməklə nəticələnəcək hücuma keçməzlər. Ona görə də Qərbin bu hücumun qarşısını almasının vaxtı məhz indidir» – deyə, müəllif vurğulayır.


