Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən hansısa rejim telekanalında yayımlanan düşük şou verilişlərindən birinin Mikayıl adlı aparıcısının açıqlamasına rast gəldim, o, özünün efirdəki bayağılığına belə haqq qazandırmağa çalışırdı: “Hamı deyir qıcısan, kəntoşsan, eybi yox. Əcəb edirəm. Balalarıma çörək qazanıram. Zamanın tələbidir. Maarifləndirici veriliş açsam, o mənə çörək gətirməz. Mümkünsüzdür. Hamı yalandan pafosla danışa bilər. Amma mən zamanın nəbzini tutub gedirəm”.
Bu cür özünəbəraəti indi siz Azərbaycanda çoxlarının dilindən eşidə bilərsiniz. Seçki qutusuna saxta bülleten dolduranın da, rüşvət alanın da tutalğacı oxşardır. Onları divara dirəsən “zamanın nəbzini tutub getdiklərini” deyəcəklər. “Zamanın tələbi”, “zamanın nəbzi” – indi bu ifadələrdən Azərbaycanda hər cür ictimai yamanlığa legitimlik qazandırmaq, istənilən pis əməli malalamaq üçün gen-bol istifadə edirlər.
Təəccüblü deyil. Maddiyyat yeganə ölçü vahidinə çevriləndə dəyərlərin dəyərsizləşməsi, dəyərsizlərin dəyər qazanması qaçılmazdır. Pul yeganə meyardırsa, mənəvi olan heç nəyin anlamı qalmır. Indi biz Azərbaycanda məhz bu mənzərənin şahidiyik, düzün düzdə qaldığı, el üçün ağlayan gözün kor olduğu, qarının qardaşdan önə çıxdığı, adamların qafası ilə deyil qarnı ilə düşünməyə başladığı çağda yaşayırıq. Həqiqəti dilə gətirənə gülürlər. Haqq, hüquq, ədalət axtarmaq Don Kixotluq kimi qəbul olunur. Oğurlamayan, başqalarının cibinə girməyən, qul haqqı yeməyən fərsiz sayılır.
Və nəticədə ortaya dəhşətli bir həyasızlıq tablosu çıxır. Heç kim ölkənin özü boyda bayağılıq, zövqsüzlük, oğurluq, saxtakarlıq, yalan, yaltaqlıq meydanına çevrilməsində iştirakına görə utanmır, nəinki utanmır, üstəlik, buna müxtəlif bəraətlər qazandırır, ən əsası isə həmin bəraətlər (həmin aparıcının dediyi kimi, “balalarıma çörək qazanıram”) böyük çoxluğun gözündə məqbul, yetərli hesab edilir.
Bu yaxınlarda bir dostum danışdı, ürəkağrısı ilə dinlədim: “Müəllimə dedim ki, axı naziriniz tapşırıb, məktəblərdə pul yığmaq olmaz.
Qayıdıb dedi ki:
– Çox da tapşırıb! Mikayıl Cabbarov gəlsin müəllim olsun, uşaqdan pul yığmasın, mənim aldığım maaşla yaşasın, mən də gedib nazir olum, onun maaşıyla yaşayım, bir qəpik də rüşvət alsam, alçağın yekəsiyəm”.
Özünə bəraətin formasını görürsünüzmü? Inanın, bu saat Azərbaycanda hər kəsin əlinin altında buna bənzər hazır özünəbəraətlər var, istifadə olunmaq üçün yerini, zamanını gözləyir. Heç kim imza atdığı ictimai yamanlıq faktına görə qızarmaq, xəcalət təri axıtmaq, heç olmasa susmaq haqqında düşünmür, mütləq bunu əsaslandırmağa, sıradan bir hal kimi göstərməyə, adiləşdirməyə çalışır. Bir sözlə, oğru elə bağırır, doğrunun bağrı yarılır.
Xalqsız xalq yazıçılarına, xalqsız xalq şairlərinə baxın. Bunlar istəyirlər ki, yalanla, yaltaqlıqla, ağa qara, qaraya ağ deməklə özlərinə hər cür karyera və komfortu təmin etsinlər, həm də öləndə xalq onların arxasınca göz yaşı töksün, üz-gözünü cırsın, dizlərini döysün, qəm dəryasına qərq olsun. Niyəsini soruşanda da desinlər, “hələ sən get mənim yazdığımın yarısını yaz, sonra gəl”.
Bir dəfə dövlət idarələrindən birində rüşvətxor bir məmur mənə elə beləcə də dedi: “Demirəm ki, rüşvət almıram, alıram. Guya mənim yerimə başqası olsa, almayacaq. Əlbəttə, alacaq. Hələ bəlkə məndən də çox alacaq. Bax, onda indi mənə söyənlər atama rəhmət oxuyacaq”.
Heç bilmədim nə cavab verim. Bu da onun “həqiqət”i idi və özünü bu “həqiqət”inə elə inandırmışdı ki, cavabında nəsə desəm belə, mənasız olacaqdı. Elə isə niyə boş yerə vaxt və enerji itirməli idim.
Axı indi bu cür öz “həqiqət”i olanlar, özlərinə bu cür “həqiqətlər” uyduranlar ölkədə xirtdəkdəndir, onlar hər yerdə, hər addımdadırlar. Hansı birinə cavab verəsən, hansı birinə nə başa salasan? Hələ onu demirəm ki, başa düşmək, başa düşsələr belə, bunu etiraf etmək ehtimalları sıfıra bərabərdir, bəlkə sıfırın da altındadır.
Ağır dərddir. Dərmanını da hamımız bilirik. Başqa sözə nə hacət?!