Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədəki problemləri, neqativ halları “müstəqillik”, “sabitlik” ifadələri ilə sığortalamağa çalışıb. Guya müstəqillik və sabitlik, korrupsiyaya, repressiyaya, talançılığa, yalançılığa haqq qazandırır. Əksinə, bu sadaladıqlarımız sabitliyin və müstəqilliyin əleyhinə olan faktorlardı.
Təbii ki, hər bir vətəndaşın arzusudur ki, müstəqil və sabit ölkədə yaşasın. Amma heç bir vətəndaş istəməz ki, onun hüquqları bu anlayışlardan sui-istifadə nəticəsində pozulsun. Əgər atəşkəs dövründə minlərlə əsgərimiz şəhid olubsa, intiharlar ən yüksək səviyyəyə çatıbsa, vətəndaşlar dolanışıq üçün ölkə xaricinə pənah aparıbsa, hansı sabitlikdən danışmaq olar. Müstəqilliyə gəlincə, bu nemətin qədrini bilmək lazımdır. Müstəqillik əldə etmiş vətəndaşa azadlıq vermək lazımdır. Əgər bir qrup məmur ölkəni mənimsəyibsə, vətəndaşın hüququnu qoruyan müstəqil mətbuat yoxdursa, sosial vəziyyət gündən-günə ağırlaşırsa, hökumət Qarabağın işğalına “yaşıl işıq” yandırmış Rusiyaya sığınırsa, demokratik dünya ilə körpülər yandırılırsa, hansı müstəqillikdən danışmaq olar?!
Müstəqillik də, sabitlik də böyük sərvətdir. Amma müstəqillik və sabitlik heç vaxt hakimiyyətin əlində vətəndaşa divan tutmaq üçün vasitəyə çevrilməməlidir.
Ötən gün millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Müstəqillik əsl sərvətdir” başlıqlı geniş məqalə yazıb. Məqalədə ölkədəki uğurlardan, bütün sahələrin inkişafından, xalqın neftin bəhrəsini görməsindən söhbət açılır: “2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. 2004-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, hazırda 50 milyard dollardan çoxdur. Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşmüşdür. Orta aylıq pensiya 24 dollardan 221 dollara yüksəlmişdir. Ölkə üzrə 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman kompleksi və 30 gənclər mərkəzi tikilmişdir. Məcburi köçkünlər üçün fərdi evlər və çoxmərtəbəli binalar inşa edilmişdi”- deyə Bəxtiyar Sadıqov yazır.
Biz bu mübahisəli rəqəmlər haqqında araşdırma aparmaq istəmirik. Çünki, bu ölkədə onsuz da həmin rəqəmlərin mötəbərliyinə inanan yoxdur.
Sadəcə olaraq bəzi məqamlara bir daha diqqət yetirməyi zəruri hesab edirik. Əvvəla, valyuta ehtiyatlarının artmasını, iqtisadiyyatın inkişafını, sənayenin istehsalının yüksəlməsini Azərbaycan vətəndaşı hiss etməyib. Əksinə, bu illər ərzində ünvanlı sosial yardım alanlar çoxalıb, 2.2 milyon vətəndaş yüksək faizlərlə kredit götürməyə məcbur olub və hələ də milyonlarla vətəndaş ailəsini ölkə xaricindəki fəaliyyət nəticəsində dolandıra bilir. Vəziyyət o qədər çılpaq xarakter aldı ki, YAP-çı deputat Siyavuş Novruzov “vətəndaş kredit borcunu ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotika alveri etməlidir” deyə MM-in tribunasından çıxış etdi.
Digər tərəfdən, neftin qiymətdən düşməsi və bunun mənfi təsirləri bir daha sübut etdi ki, Azərbaycanda qeyri-neft sektoru bərbad vəziyyətdədir və iqtisadiyyat şaxələnməyib.
Yəni bizim qürrələndiyimiz müstəqillik illəri dövlətin güclənməsinə yox, məmurun varlanmasına xidmət edib.
Təhsil və səhiyyəyə gəlincə, bunun daha aydın görüntüləri var. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev açıq şəkildə etiraf etdi ki, savadlı kadr tapa bilmirik, elmlər akademiyası bazara çevrilib, elmi adlar tapşırıq əsasında verilir, sanballı elmi əsərlər yazılmır və s. Orta məktəblərdə keçirilən imtahan nəticələrini isə TQDK elan etdi. Ümumilikdə 9-11 siniflər arasında keçirilən imtahanda 50000-dən artıq şagird “2″ qiyməti aldı. Orta və ali məktəblərdəki rüşvət faktları, dərsliklərin vəziyyəti, repetitorluq ”ənənə”si də ayrıca bir mövzudur.
Səhiyyəmizin isə özünün müalicəyə ehtiyacı var. Statistik məlumatlara görə, hər il milyonlarla ölkə vətəndaşı müayinə üçün Gürcüstana, Irana və digər ölkələrə üz tutur. Artıq vətəndaş baş ağrısını, diş ağrısını da yerli həkimlərə etibar etmir. Səhiyyə nazirliyi isə yeni xəstəxanaların tikintisi ilə təsəlli tapır.
Işsizlik və yoxsulluq o həddə çatıb ki, ölkədə oğurluq hadisələrinin, dələduzluğun, xuliqanlığın sayı artıb. Hər dəfə məlum olur ki, oğurluq edən şəxslər 5-10 manatı da qənimət biliblər. Çox maraqlıdır, iş yerlərinin sayı artdıqca, xaricə işləməyə gedənlərin sayı da artır. Yoxsulluq səviyyəsi aşağı düşdükcə, kredit götürənlərin sayı da artır.
Bəxtiyar Sadıqov pensiyanın 221 manat olmasını uğur kimi qiymətləndirir. Ancaq 221 manat minimum ehtiyac zənbilini ödəyə bilmir. Regionun lider dövlətinin deputatı isə 221 manatı fantastika kimi qiymətləndirir. Görəsən millət vəkilləri 221 manatla yaşaya bilərmi? Bütün sahələrin monopoliyaya alındığı, qiymətlərin ən yüksək həddə çatdığı ölkədə 221 manatla sadəcə olaraq ölməmək mümkündür.
Olimpiya mərkəzlərinə gəlincə, artıq xeyli belə mərkəzləri ot basıb, qapısından qıfıl asılıb. Indi bu mərkəzlər heç kim üçün cazibədar görünmür. Əsas odur ki, bu mərkəzlərin tikintisində yeyintilər uğurla həyata keçirilib.
Millət vəkili məcburi köçkünlərə tikilmiş evlərlə də fəxr edir. Əvvəla, 20 ildən sonra hələ də acınacaqlı şəraitdə yaşayan insanlar var. 20 il ərzində “gələn il torpaqları azad edcəyik” təsəllisi ilə insanlara zülm olunub. Indi isə bütün var-dövlətini itirmiş adamlara ev tikilməsi uğur göstəricisi olub. 20 faiz torpağın işğalda qalması, “lazım”ın hələ də gəlib çıxa bilməməsi biabırçılığı isə yada düşmür. 20 faiz torpağın qarşılığında 20 kvadratlıq mənzil təklifi analoqu olmayan uğurdur.
Faktlar çoxdur, biz bir neçəsini sadalamaqla demək istəyirik ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Əgər müstəqil olmaq korrupsiyaya, hüquqsuzluğa, repressiyaya bəraət qazandırsaydı, bu gün bütün Qərb ölkələri vətəndaşa divan tutmalıydı.
Pis əməlləri müstəqillik adı altında sığortalamağa çalışmaq daha ağır cinayətdir.
Azad


