Buna səbəb onun Anar Məmmədli ilə birgə yemək yeməsidir
NIDA Vətəndaş Hərəkatının siyasi məhbusların vəziyyəti ilə bağlı açıqlama yayıb. Açıqlama deyilir:
“Yanvar ayının 25-də nidaçı bloqqer Əbdül Əbilovun anası Nurcahan Əbilova mətbuata açıqlama verdi ki, Əbdülün səhhətində problemlər var. Nida Vətəndaş Hərəkatı olaraq məsələni araşdırdıq və 13 saylı cəzacəkmə müəssisəsində saxlanılan siyasi məhbuslarla bağlı türmə rəhbərliyinin özbaşınalıqları və təzyiqləri haqda məlumatlar əldə etdik. İlkin olaraq Əbdül Əbilovla bağlı ictimaiyyəti məlumatlandırmaq istəyirik ki, o digər siyasi məhbus Anar Məmmədliylə birlikdə yemək yediyinə görə bir günlük karserə salınıb. Orada onunla kobud davranılıb, fiziki zorakılıq və təzyiq olunub. Ümumiyyətlə, 13 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbuslarla da türmə rəhbərliyi kobud davranır və müxtəlif qanunsuz qadağalar qoyub. Siyasi məhbuslara bir biri ilə görüşməyə, söhbət etməyə, birgə yemək yeməyə imkan verilmir. Onlara bir-biri ilə görüşəcəkləri təqdirdə cəzalandırılacaqları bildirilib.
Nida Vətəndaş Hərəkatı olaraq Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətdən və digər aidiyyatı qurumlardan baş verənləri araşdırmağı, 13 saylı həbsxana rəhbərliyindən isə məhbuslarla qeyri-insanı davranışı dayandırmağı tələb edirik!”


