Rafiq Daşdəmirli oğlunun həyatı ilə bağlı həyəcan təbili çalır

AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli həbs edilmiş oğlu Sənan Daşdəmirlinin səhhəti ilə bağlı Onbudsmana, problemli məhbuslar üzrə İşçi Qrupa, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudova müraciət edib. Rafiq Daşdəmirli oğlunun səhhətində həyatı üçün təhlükəli problemlərin yarandığını nəzərə alaraq onun müalicə müəssisəsinə köçürülməsinə yardımçı olamağa çağırır.
Rafiq Daşdəmirli azadliq.info-ya bildirib ki, oğlu Sənanın gözündə və düz bağarsığında olan problemlər kəskin xarakter alıb. Təcili müalicə müəssisəsinə köçürülməsə həyatına təhlükə yarana bilər. Sənanın cərrahi əməliyyata zəruri ehtiyac var. Onun əziyyət çəkdiyi xəstəliklərin təcridxana şəraitində müalicəsi sadəcə mümkün deyil.
Rafiq Daşdəmirli ümid edir ki, aidiyyatı qurumlar onun müraciətinə diqqətlə yanaşacaq və problemi müsbət həll edəcəklər.
Rafiq Daşdəmirli onun siyasi fəaliyyətinə görə həbs edilən oğluna səhhətindəki problemlərə diqqətsiz yanaşmaqla əlavə işgəncə verilməsini anti-insani hərəkət kimi qiymətləndirir. O, ölkə rəhbərliyindən, ədliyyə sistemindən və penitensiar xidmətdən tələb edir ki, ona görə oğlundan qisas almaqdan əl çəksinlər. Onun ilk növbədə müalicəsinə şərait yaratsınlar və qanunsuz həbsdən azad olunmasını təmin etsinlər.