Razi Nurullayev: «Azərbaycanın Riqa sammitində imzalayacağı sənədlərlə Yunanıstanda həyata keçirdiyi layihə arasında ciddi əlaqə axtarmağa dəyər»
Avropa Birliyinin Riqa sammiti ərəfəsində Azərbaycana qarşı təzyiqlər artmaqdadır. Bura həm siyasi, həm də iqtisadi təzyiqləri aid etmək olar. Bu baxımdan ARDNŞ-lə bağlı baş verənlər Azərbaycana edilən iqtisadi təzyiq sayıla bilər. “Röyter” agentliyinin yaydığı məlumatda deyilir ki, Lafazanis Yunanıstanın dövlət qaz təchizatı şirkəti DEPA-nın səhmlərinin üçdə ikisinin satışından tamamilə imtina etdiklərini açıqlayıb.
Bundan əvvəl Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, Azərbaycan Dövlət Neft Şirkəiti də DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR bu niyyətindən imtina edib Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi. Yunan hökuməti isə DEPA-nın satışına dair yeni tender elan etdi, SOCAR 2013-cü ildə DESFA şirkətinin səhmlərinin üçdə ikisini 400 milyon avroya almaq barədə sövdələşmə bağladı.
SOCAR-la bağlı müqaviləyə gəlincə, nazir deyib ki, hökumət bu layihəyə dair ancaq Avropa Komissiyasının rəyindən sonra qərar verəcək. Avropa Komissiyası hazırda DESFA şirkətinin SOCAR-a satışının antiinhisar haqda ittifaqın normalarına nə dərəcədə cavab verdiyini araşdırır və qərarını yaxın iki ayda verməlidir.
Bundan əvvəl Avropa Komissiyası bu sövdələşməyə dair ilkin rəyini açıqlayaraq onun antiinhisar haqda normalara zidd ola biləcəyini bəyan etmişdi. “Biz Avropa Birliyinin rəqabət üzrə komissiyasının qərarını gözləyirik və bu qərar açıqlanandan sonra öz adddımlarımızı atacağıq”,- Lafazanis bildirib.
Azərbaycan hakimiyyəti bu məsələdən ciddi narahat olub. Iqtidarın nəzarətində olan media orqanlarının Yunanıstanın yeni hökumətinin bu addımını sərt tənqid etməsi bu qənaəti yaradır. Hökumət mediası Yunanıstanın Avropa Birliyinin qərarını gözləməsini də təsadüfi saymır. Avropa Birliyi ilə Azərbaycan hakimiyyəti arasında münasibətlər gərgindir. Bu baxımdan görünür, Azərbaycan hakimiyyəti qərarın necə olacağını və Yunanıstanın hansı addımları atacağını artıq müəyyənləşdirib.
Artıq rəsmi mətbuatda hətta açıq formada ona eyham vurulur ki, Azərbaycanla bağlı məsələnin Riqa sammiti ərəfəsinə saxlanması təsadüfi deyil.
AXCP sədrinini müavini Razi Nurullayev bildirdi ki, Azərbaycan hökuməti və ARDNŞ rəhbərliyi Yunanıstanın şirkətini aldığına əmin idi. Amma Avropa Kommissiyasının bu layihəni təsdiqləməməsinə diqqət çəkən R.Nurullayev bildirdi ki, bu artıq o zaman Azərbaycan üçün ciddi siqnal idi: “Bu baxımdan hesab edirəm ki, Azərbaycanın Riqa sammitində imzalayacağı sənədlərlə Yunanıstanda həyata keçirdiyi layihə arasında ciddi əlaqə axtarmağa dəyər. Əgər Azərbaycan Assosiasiya Sazişini imzalamaq istəmirsə və Riqa sammitində hər hansı aktivliyi ilə yadda qalmayacaqsa, təbii ki, Avropa Komissiyasında da Azərbaycanın qaz sazişinin təsdiqlənməməsini istəyən qüvvələr çox olacaq. Əgər Azərbaycan Riqa sammitində hər hansı bir addım atmayacaqsa, o zaman Avropa Birliyi də qaz sazişi ilə bağlı qəti qərarını verəcək. Azərbaycanın son zamanlar Rusiya ilə yaxınlaşması da qaz sazişinin imzalanmayacağı anlamına gələ bilər”.
Xəyal